Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbdüləli bəy Əmircanov

Həyatı
Əbdüləli Şirəli bəy oğlu 1870-cü ildə Şəki şəhərində anadan olmuşdu. 1876-1883-də Şəki şəhər məktəbində oxumuşdur. 1888-ci ildə Tiflisdə müəllimlər İnstitutunu bitirdikdən sonra Şəki, Lənkəran və Bakıda müəllim işləmişdi. Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir.

Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif" cəmyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi.

1918-ci ilin martında Bakıda türklərə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərmişdi. Böyük qardaşı, Moskva Universitetinin hüquq fakültəsinin məzunu, tanınmış hüquqşünas Qasım bəy Əmircanov ermənilər tərəfindən öldürülmüşdü.

Əmircanov Azərbaycan Xalq Cumhuriyyətinin ikinci hökümət kabinəsində (1918, iyun-oktyabr) maliyyə naziri, dövlət nəzarətçisi (1918, oktyabr-dekabr) olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"na (1918, 19 noyabr) əsasən, Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinə seçilmişdir (1918, dekabr). Bitərəflər qrupuna daxil olan Əmircanov Parlamentdə maliyyə-büdcə və sorğu komissiyalarının üzvü olmuşdur. O, xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün 1919-cu ilin ortalarda Bakıda "Dəyanət" şirkətinin təsis olunmasında iştirak etmişdir. Aprel işğalından sonra İstanbula mühacirət etmiş, orada fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur. O, 1948-ci ildə İstanbulda vəfat etmişdi.

Əbdüləli bəy Səltənət xanım Əlibəyova ilə ailə qurmuşdu. Fuad bəy, Rüstəm bəy, Rəşid bəy, Murad bəy adlı oğulları, Valiyə xanım, Məryəm xanım adlı qızları vardı.


Tarix: 09.01.2015 / 14:26 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...