Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəfi bəy Rüstəmbəyli

Həyatı
Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli idi. O, 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Kiyev həyatı onun bir siyasi və ictimai xadim kimi formalaşmasında dərin iz buraxmışdır. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. Elə həmin ilin oktyabrında gizli şəkildə əsası qoyulmuş Müsəlman Demokratik Müsavat Partiyasının Kiyevdə oxuyan azərbaycanlı tələbələr arasında da şöbəsi yaradılır. Şöbəyə o vaxt tələbə olan, Azərbaycanın böyük vətənpərvər oğlu, yazıçı Yusif Vəzir Çəmənzəminli rəhbərlik edirdi. Partiyanın fəal üzvlərindən biri də Şəfi bəy Rüstəmbəyli idi. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir. 1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultaıynda Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edənlərdən biri Şəfi bəy Rüstəmbəyli olmuşdur. Elə həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında da iştirak edir. Şəfi bəy 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığının və seyminin müsəlman fraksiyasının fəal üzvlərindən sayılırdı. Həmin dövrdə Şəfi bəy Azərbaycan Milli Şurasının Tiflisdə və Gəncədə yaranmış bölmələrində çalışmış, dövlət qurumlarının yaradılmasında böyük əmək sərf etmişdir. Şəfi bəy Rüstəmbəyli 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin (rus dilində) redaktoru olmuşdur. Qəzetin səhifələrində onun Azərbaycanın siyasi və ictimai həyatına dair xeyli məqaləsi çıxıb. Onun siyasi fəaliyyəti və məqalələri ilə tanışlıqdan sonra çox hazırlıqlı bir siyasi xadim olduğu qənaətinə \gəlirsən. Mütəxəssislərin fikrincə, Kiyev Universitetinin hüquq fakültəsində oxuyarkən aldığı təhsil və siyasi fəaliyyətə qoşulması sonrakı həyatında böyük rol oynamışdır. İti ağlına, zəkasına və siyasi fəaliyyətinə görə Şəfi bəy Rüstəmbəyli 1918-ci il dekabrın 7-də təntənəli surətdə açılmış Azərbaycan Parlamentinin deputatı seçilir. Şəfi bəy "Azərbaycan" qəzetinin parlament üzvü olan ilk baş redaktoru idi. O, 1919-cu il dekabrın 2-dən 6-dək Bakıda keçirilən Türk Ədəmi-Mərkəziyyət Partiyasının ikinci qurultayında yenidən Mərkəzi Komitənin üzvü seçilir. Şəfi bəy Rüstəmbəyli "Azərbaycan"ın redaktoru olmaqla yanaşı, ADR-in Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifəsini də icra edir. 1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir. O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir. İstanbulda 1923-1927-ci illərdə "Yeni Qafqaziyyə", 1928-1931-ci illərdə "Azəri türkü", 1928-1930-cu illərdə "Odlu yurd" və 1932-ci illərdə "Azərbaycan yurd bilgisi"ni nəşr etdirməyə başlayır. Onun burada dərc olunan məqalələrinin hər biri Azərbaycanın bir tarixi səhifəsidir. Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə nəşr olunan "Azərbaycan yurd bilgisi"nin bütün nömrələri S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunub saxlanılır. Türkiyənin tanınmış qəzet yazarı Murat Çulcunun 1990-cı ildə İstanbulda nəşr etdirdiyi "Erməni intriqalarının pərdə arxası: Torlokyan davası" adlı kitabında bildirilir ki, Şəfi bəy Rüstəmbəyli İstanbula daxil olduğu gündən qızğın fəaliyyətə başlayır. Tarixi əsər olan bu kitab XX əsrin məhkəməsi adını qazanmış Torlokyanın mühakiməsinə həsr olunmuşdur. 1921-ci il iyulun 18-də erməni qatil Torlokyan İstanbulun "Pera-Palas" hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Qısa vaxtda ermənilər qatil Torlokyanın müdafiəsinə səfərbər olunurlar. Behbud xan Cavanşir tərəfdən isə şahidlər təəccüb və təəssüfdoğuracaq qədər az idi – cəmi 6 nəfər. Qəzet işçisi Qaraağazadə Əhməd Həmdi, tələbə Səməndər bəy, Ziba xanım, Yusif bəy Kazımov, məmur Asəf bəy, bir də Şəfi bəy Rüstəmbəyli. Lakin şahidlərin arasındakı kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail olurlar. Məhkəmədə ittiham şahidi qismində ilk ifadə verən Şəfi bəy Rüstəmbəyli olur. Hüquqşünas ixtisası yenə də onun köməyinə gəlir. Şəfi bəy prokuror Qribbonun, məhkəmənin sədri Freezin, qatil Torlokyanın vəkilləri Xasruyan və Miçinin, mərhum Behbud xan Cavanşirin vəkili Rifat Heydər bəyin suallarını inandırıcı dəlillərlə, güclü məntiqlə, son dərəcə səbirlə, yeri gəldikcə də sərt şəkildə cavablandırır. Hətta qərəzlə verilmiş suallar da Şəfi bəyi çaşdırmır. Suallar qətl hadisəsi ilə bağlı cinayətkara deyil, daha çox Şəfi bəyə ünvanlandırılırdı: "1918-ci ildə Bakıda partiyalar varmıydı?", "Bu partiyaların birinə mənsub idinizmi?", "Azərbaycan" qəzetində fəaliyyətiniz nədən ibarət idi?", "Hansı mövzuda məqalələr yazırdınız?", "1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" Şəfi bəy soruşulan bütün suallara böyük ağıl-zəka və doğru-dürüst cavab verir, məhkəməni çaşdırırdı. Bilərəkdən qatilin cinayəti arxa plana keçirilir, vəkillərin sualları daha çox Şəfi bəyin Azərbaycandakı ictimai-siyasi mövqeyinə və "Azərbaycan" qəzetindəki redaktorluq fəaliyyətinə həsr olunurdu: "Azərbaycan"ın mətbəəsi Bakının harasında yerləşirdi?" və sair. Vəkil Xasruyanı Şəfi bəyin "İrəli" qəzetində dərc olunan məqalələri daha çox narahat edirdi. Odur ki, bu məqalə ilə bağlı suallara təkrar-təkrar qayıdır, niyə yazdın, necə yazdın, faktları haradan götürdün? Dalbadal suallar verir, fikri əsas məsələdən yayındırırdı. Bütün bunlara dözməyən Şəfi bəy məhkəmənin gedişinə kəskin etiraz edir və işin düzgün aparılmasını tələb edir. Şəfi bəyin üsyanı Xasruyanı çaşdırır və o, hazırladığı protokolda onu belə ifadə edir: "...İndi şahidlərin gerçək durumlarını meydana qoymaq istəyirəm. O şahidlər kimlərdir? "Müsavat" partiyası üzvlərindən "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli. Bu elə bir qəzetdir ki, doğum tarixi və taleyi hər kəsə bəllidir. Dərhal əlavə edim ki, möhtərəm redaktor məndə bu təsiri yaratmışdır". Nəticədə cinayət sübut edilsə də, tribunalın qərarı ədalətsiz və sarsıdıcı olur, qatil bəraət alır, cəzasız qalır. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin prezidenti, Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi" adlı memuarında yazır: "Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı". Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir. Şəfi bəy Rüstəmbəyli həyatının son gününə qədər Azərbaycanın istiladan qurtuluşu uğrunda mücadilə etdi. İstər vətənində olsun, istərsə də mühacirətdə. O, hələ Azərbaycan Parlamentinin deputatı və "Azərbaycan" qəzetinin Baş redaktoru olduğu dövrdə – 1919-cu ildə ilk milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul olunmasına nail olur. İxtisasca hüquqşünas olsa da, çox kövrək və həssas imiş. Salnaməçilər söyləyir ki, parlamentin son iclaslarında Məhəmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür: "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli ağlayırdı". Hər bir vətən aşiqi kimi, Şəfi bəy də min bir əzab-əziyyətlə yaradılmış gənc dövlətin süqutuna dözə bilmirdi. Xalqının böyük oğlu, ictimai-siyasi xadim, "Azərbaycan" qəzetinin redaktorlarından biri Şəfi bəy Rüstəmbəyli 1960-cı ildə İstanbulda "Vətən", "Azərbaycan" deyərək dünyasını dəyişir.


Tarix: 09.01.2015 / 14:24 Müəllif: Feriska Baxılıb: 158 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...