Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İttihad fraksiyası

İttihad fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "İttihad" partiyasını təmsil edən fraksiya.

Parlamentdə 11 deputatla təmsil olunurdu: Qara bəy Qarabəyli, Mir Yaqub Mehdiyev, Kazım Əhməd (Xan Baba) Məmmədbəyov, Bəhram bəy Vəzirov, Sultanməcid Qənizadə, Həmdulla əfəndi Əfəndizadə, Zeynal bəy Vəzirov, Heybətqulu bəy Məmmədbəyov, Əli bəy Zizikski, Qara bəy Əliverdilər, Əsəd bəy Əmirov.

Bitərəflər qrupunda olan İsgəndər bəy Axundov sonradan "İttihad" fraksiyasına daxil olmuşdu. "İttihad" fraksiyasının nümayəndələri Parlament komissiyaları arasında aşağıdakı kimi bölünmüşdülər: maliyyə-büdcə komissiyası – Qara bəy Əliverdilər, Əli bəy Zizikski; təsərrüfat komissiyası Heybətqulu Məmmədbəyov; redaksiya komissiyası Bəhram bəy Vəzirov; hərbi komissiya – Qara bəy Qarabəyli; aqrar komissiyası – Bəhram bəy Vəzirov; sorğu üzrə komissiya – Kazım Əhməd Məmmədbəyov; ölkənin məhsuldar qüvvələrindən istifadə komissiyası – Zeynal bəy Vəzirov; Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi komissiya – Əsəd bəy Əmirov, Zeynal bəy Vəzirov, Heybətqulu Məmmədbəyov, Cəmil bəy Ləmbəranski.

Parlamentdə "İttihad" fraksiyasının rəhbəri Q.Qarabəyli tərəfındən təqdim edilmiş bəyannamədə hakimiyyətin millətə məxsus olması ideyasının gerçəkləşməsi müsəlmanların istiqlal mübarizəsinin son məqsədi sayılırdı. Bəyannamədə Azərbaycandakı bütün xalqların sülh şəraitində yaşamalarının təmin olunması tələb edilirdi. "İttihad"çılar fəhlə məsələsində menşeviklərin proqramı ilə çıxış edərək, fəhlələrin səadətini təmin etməyə səy göstərəcəyini vəd edir, aqrar məsələdə isə torpağın pulsuz olaraq kəndlilərə paylanması təklifini irəli sürürdü. Onlar maliyyə sahəsində mütərəqqi gəlir vergisinin tətbiqini, digər vergilərin isə ləğvini tələb edirdilər. "İttihad" fraksiyası ibtidai məktəblərdə ümumi və icbari təhsilin bərqərar edilməsinə, məktəblərin milliləşdirilməsinə tərəfdar olduğunu bildirirdi.

"İttihad" fraksiyası parlamentin, əsasən, sağ cinahını təşkil edirdi. Bu fraksiya ölkədə siyasi üstünlüyə malik milli demokratik cərəyana qarşı sərt müxalifət mövqeyində durur və 1919-cu ilin dekabrınadək hökumət kabinetlərinin formalaşmasında iştirakdan imtina edirdi. "İttihad" fraksiyası hökumətə etimad göstərməyənlərin öncüllərindən idi. 1919-cu ilin yanvarında "İttihad" fraksiyası neft möhtəkirliyinə qarşı mübarizə barədə, 1918-ci ildə tədarük olunmuş taxıl məhsulunun talan edilməsi və H.Z.Tağıyev fabrikində beş satıcı ilə bağlı qanunsuzluqlar haqqında üç bənddən ibarət sorğu ilə hökumətə müraciət etmişdi. Fraksiyanın rəhbəri Q.Qarabəyli bu məsələlərin nizamlanması üçün xüsusi müşavirə çağırmağı təklif etmişdi. Sorğularla əlaqədar hökumət üzvlərinin, hətta hökumət başçısı Fətəli xan Xoyskinin parlament qarşısında çıxışlarında verdiyi cavablarla hesablaşmayan Qarabəyli öz fraksiyası adından hökumətin izahatını qeyri-qənaətbəxş saydığını bildirib ona etimadsızlıq göstərilməsi tələbini irəli sürmüşdü. Müzakirələr nəticəsində aydın olmuşdu ki, hökumətə tam etimadsızlıq göstərilməsini yalnız "İttihad" partiyası tələb edir. "İttihad" fraksiyası parlamentdən yeni hökumət kabinəsinin təşkil olunması tapşırığını alan Nəsib bəy Yusifbəylinin namizədliyini də müdafiə etməmişdi. Bununla belə, "İttihad" da yeni kabinetə daxil olmaq ehtimalını nəzərdən keçirirdi. O, rus-slavyan və erməni fraksiyaları istisna olmaqla, Azərbaycanın müstəqilliyi ideyasını müdafıə edən bütün partiyaların parlament mərkəzinin yaradılmasını təklif etmiş və bildirmişdi ki, əks təqdirdə Müsavat-sosialist mərkəzi adlandırılan mərkəz (əgər bu baş tutarsa) ölkəni səhvlərdən və müxalifətdən xilas edə bilməyəcək.

1919-cu ilin sentyabrında da hökumətə etimad məsələsi irəli sürülərkən "İttihad" fraksiyası qəti və açıq şəkildə buna qarşı çıxmışdı. "İttihad" yeni hökumətin Müsavat və "İttihad" fraksiyaları, həmçinin bitərəflər bloku əsasında formalaşdırılmasını təklif edirdi. 1919-cu ilin oktyabrında "Müsavat" fraksiyası bitərəflərlə bir fraksiyada birləşdikdən sonra, kabinetin tərkibi məsələsi təkrar müzakirə olunarkən "İttihad" Müsavatın daxili və xarici siyasət taktikası ilə prinsipial ixtilafda olduğuna görə, yeni hökumətin tərkibində iştirakdan imtina etməyi qərara aldı. Bununla yanaşı, N.Yusifbəylini bitərəf hökümət yaratmağa qadir olmayan məhdud partiya lideri hesab etdiyini bildirən "İttihad" onun təşkil etdiyi hər hansı hökumətə etimadsızlıq göstərilməsi haqqında qərar qəbul etdi. 1919-cu ilin dekabrında yeni hökumət kabinetinin formalaşdırılması zamanı "İttihad"dan 2 nəfər koalisiyaya daxil edildi. Həmid bəy Şahtaxtinski xalq təhsili və dini etiqad naziri (1920 il martın 5-dən 30-dək Nurməmməd Şahsuvarov), Sultanməcid Qənizadə dövlət nəzarətçisi oldu. "İttihad" partiyası yeni hökumətdə iki nazir vəzifəsi alsa da, fraksiyanın lideri Q.Qarabəyli, öz "ənənəsinə" sadiq qalaraq, hökumətin proqramını kəskin tənqid edirdi. O, dövlət məmurlarını rüşvətxorluqda, vəzifədən sui-istifadədə ittiham etmiş, "respublika qəzalarını tamamilə yaddan çıxaran" Xalq Maarifi Nazirliyini isə kəskin tənqid atəşinə tutmuşdu. Müsavat Partiyası "ittihad"çıların müqavimətini neytrallaşdırmaq niyyəti ilə onlara koalisiya təklif etmişdi. "İttihad" hökumətə daxil olmaq təklifı müqabilində üç şərt irəli sürmüşdü:

Bütün müsəlman partiyalarının koalisiyasına riayət olunsun;
Daxili işlər naziri portfeli Məmməd Həsən Hacınskiyə verilsin;
Dövlət nəzarəti vəzifəsi bu partiyanın nümayəndəsinə həvalə edilsin.
Dövlət nəzarəti vəzifəsini ələ keçirən "ittihad"çılar bildirirdilər ki, dövlət strukturlarındakı qanunsuzluqlara və sui-istifadə hallarına görə "müsavat"çılar daha çox məsuliyyət daşıyırlar. "İttihad" "Müsavat"ı dövlət vəsaitindən qanunsuz olaraq özünün partiya təbliğatı üçün istifadə etməkdə ittiham edirdi. "İttihad" bir sıra məsələlərə münasibətdə qismən bolşevikpərəst mövqedən çıxış edirdi. Bu fraksiya Qərb imperializminə qarşı mübarizədə kommunistlərlə ittifaqa çağırır, rus Sovet ordusunun Antantaya qarşı mübarizə aparan Türkiyəyə yardım etməsi üçün Azərbaycana buraxılmasını tələb edirdi. "Müsavat"ın M.H.Hacınskini daxili işlər naziri vəzifəsindən geri çağırmaq niyyətindən xəbər tutan "İttihad" hökumət koalisiyası haqqında qərar qəbul etmişdi. Yeni təyinatlardan razı qalmadığını bildirən "İttihad" fraksiyası baş nazir N.Yusifbəyliyə partiyalarla məsləhətləşməyi və Hacınskini nazir vəzifəsində saxlamağı təklif etdi. İttihadçılar "Müsavat"ı hakimiyyəti zorla ələ keçirməkdə günahlandırırdılar. Onlar hökumətin kommunistlərə qarşı gördüyü tədbirlərin də əleyhinə çıxırdılar. "İttihad" nümayəndələri hökumətin tərkibindən çıxaraq, "Müsavat"ın hakimiyyətdən getməsinə çalışır, əks halda, hökumətdə iştirakdan imtina edəcəkləri ilə hədələyirdilər. 1920-ci ilin aprelində hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında ultimatumun müzakirəsi zamanı "İttihad" fraksiyası hakimiyyətin təhvil verilməsi təklifini müdafiə etdi. Beləliklə, Azərbaycanın bolşeviklər tərəfindən işğalına əlverişli şərait yaradıldı.


Tarix: 09.01.2015 / 14:22 Müəllif: Feriska Baxılıb: 138 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...