Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəşid xan Qaplanov

Həyatı
Rəşid xan Qaplanov 1885-ci ildə kumık Qaplanovlar əsilzadə sülaləsində doğulmuşdur. Vladiqafqazda realnı məktəbi, 1910-cu ildə Parisdəki Sorbon Universitetinin hüquq fakültəsini bitirmişdir. İstanbul Universitetinə dəvət olunmuş, 1913-cü ilədək orada dərs demişdir. Həmin il Vladiqafqaza qayıtmış, şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışmışdır. Rusiyada Fevral inqilabından (1917) sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak etmiş, Dağlılar Respublikası daxili işlər naziri olmuşdur. Qaplanov 1919-cu ilin əvvəllərində Bakıya köçmüş, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində maarif və dini etiqad naziri vəzifəsinə təyin olunmuşdur. Onun rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhərində yeni məktəblər fəaliyyətə başlamışdır. Bakı Dövlət Universitetinin açılmasında Qaplanov da yaxından iştirak etmiş, eyni zamanda, burada "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 5-ci hökumət kabinəsində Qaplanov maliyyə naziri təyin olunmuş, dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalyuasiyaya uğramaması üçün böyük səy göstərmişdir. 1920-ci il fevralın əvvəllində Bakı bonlarının Zaqafqaziya pulları ilə dəyişdirilməsini dayandırmaq barədə qərar vermişdi. Qərara əsasən, "500 manat" dəyərində olan kağız pul əlli beş seriya ilə dövriyyəyə buraxılmışdı. Pulun üzərində baş nazir Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Rəşid xan Qaplanovun imzaları vardı. Aprel işğalından (1920) bir həftə əvvəl Qaplanov Batuma ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam vermişdi. Aprel işğalından sonra, 1920-ci ilin iyununda Qaplanov Bakıda həbs olunaraq, əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərilmişdi. Moskvadakı Şərq Xalqları Universitetində "Osmanlı imperiyası tarixi"ndən dərs demiş, eyni zamanda, vəkil kimi özəl fəaliyyət göstərmişdir.

Ölümü
Repressiyaya məruz qalmışdır. 8 oktyabr 1937-ci ildə həbs olunmuş, 10 dekabrda güllələnmişdir. Məzarı Moskvadadır.


Tarix: 09.01.2015 / 13:47 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...