Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz İslam Ordusunun geri çəkilməsi

Bakının ingilislər tərəfindən işğalı
Ənzəlidəki ingilis komandanı General Tomson, 12 noyabr 1918-ci ildə Bakıya bir heyət göndərərək, şəhərin 17 noyabr 1918-ci il tarixində saat 10.00-da işğal ediləcəyini, bu səbəbdən Bakının boşaldılmasını, Qafqaz İslam Ordusu Komandanı Nuru paşadan rəsmən tələb etdi. İngilis heyəti Mudros sazişi imzalandıqdan sonra davam edən Mahaçqala hücumu və bölgənin ələ keçirilməsinin, barışıq şərtlərinə zidd olduğunu nəzərə çatdıraraq, 17 noyabr 1918-ci il tarixində saat 10.00-dan sonra Bakıda və bölgədə qalan türk əsgərlərini əsir götürəcəyini bildirdi.

Nuru paşa ingilislərə verdiyi cavabda, Bakının işğal edilməsi məsələsini Azərbaycan hökuməti ilə müzakirə etmək lazım olduğunu söylədisə də, General Tomson belə bir hökuməti tanımadıqlarını bildirdi. Bundan sonra Bakıdan bir heyət, Ənzəliyə getdi. İngilis generalı Tomson türk heyətinə verdiyi cavabda belə demişdi:

"Bizim bildiyimizə görə Azərbaycan xalqının səsverməsi ilə qurulmuş bir respublika ortada yoxdur. Türk komandanlığının intriqaları ilə təşəkkül tapmış bir hökumət vardır. Madam ki siz bunun əksini iddia edirsiniz, gəlib vəziyyəti yerində araşdırar və ona uyğun qərar verərik".

General Tomson, Bakıya rus və erməni əsgəri gətirməyəcəyi barədə türk heyətinə söz də vermişdi. Nuru paşa, bu danışıqlarda 17 noyabra qədər Dağıstandakı qüvvələrin daşınmasının qeyri-mümkün olduğunu bildirərək, verilən vaxtın 26 noyabra qədər uzadılmasını istədi. General Tomson köçmə işlərinin verilən vaxt ərzində həyata keçirilməsində israr etsə də, sonradan Biləcəri stansiyasından əsgər daşıyan qatarların keçişinə icazə verilə biləcəyini qeyd etdi.

Azərbaycandakı türk hərbi birlikləri və qərargahları yavaş-yavaş Xırdalanda toplaşmağa başlamışdı. Qafqaz İslam Ordusu Komandanı Nuru paşa, vəzifəsindən istefa verərək, Azərbaycan ordusunda xidmət etməyi qəbul etdi. Qafqaz İslam Ordusu ləğv edildiyi üçün Nuru paşa əmr və komandanı 5-ci Qafqaz piyada diviziyası komandanı Mürsəl paşaya həvalə etdi. Beləliklə, Mürsəl paşa Azərbaycandakı Osmanlı hərbi qüvvələrinin komandanı oldu.

İngilis komandir General Tomson 17 noyabr 1918-ci il tarixində səhər saatlarında çar Rusiyası bayraqları altında üzən gəmilərlə Bakı limanına gəldi. Bərabərində təxminən 1.200 ingilis əsgəri ilə Dağıstanın şimalına çəkilən Biçeraxovun tabeliyindəki çar ordusundan bir alay qədər rus kazakı və bir neçə yüz erməni əsgəri var idi. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 641 Eyni gündə, Bakı səmalarında uçan rus təyyarələri xalqa vərəqələr ataraq "Bakının ana vətənə yenidən qovuşması münasibəti ilə Rusiya vətəndaşlarını" təbrik edirdi. General Tomson isə 19 noyabr 1918-ci il tarixində yaydığı bir bildirişdə "Rusiyadan qoparılmış Qafqazın düşmən işğalından qurtarılması üçün Ufada qurulan rus hökuməti ilə razılığa gələrək Bakıya gəldikləri" barədə məlumat verirdi.

Azərbaycan hökuməti, bu bildirişlə bağlı bir nota verərək General Tomsona etiraz etdi. Çünki Azərbaycan hökuməti çox ağır vəziyyətdə idi. Bir tərəfdən müharibənin qalibi olan ölkənin silahlı qüvvələri paytaxtı işğal etmişdi və Azərbaycan Respublikası adlı bir dövləti tanımadığını iddia edirdi, digər tərəfdən də xalqın seçdiyi və dəstəklədiyi bir Milli Məclis və onun Nazirlər Kabineti vəzifə baĢında idi. Üstəlik bu məclisin və hökumətin güvəndiyi silahlı güc isə ortadan çəkilmişdi. İngilislərin Bakını işğal etməsi şəhərdəki erməni və rus cəmiyyətləri və partiyalarına qol-qanad vermişdi.

Baş Nazir Fətəli Xan Xoyskinin ciddi mövqeyi və Milli Məclisdəki siyasi partiyaların birlikdə fəaliyyəti nəticəsində, Bakının işğalından sonra yayılan şayiələrə son qoyuldu. Mandat fikri qətiyyətlə rədd edildi. Milli Məclis qəbul etdiyi bir qərarda Azərbaycan torpaqlarında yaşayan "rus və erməni əhalinin Məclis nizamnaməsinə görə hökumətə üzv ola biləcəklərini, bundan başqa irəli sürüləcək heç bir şərtin qəbul edilməyəcəyini" qətiyyətlə elan etdi.


Tarix: 09.01.2015 / 13:43 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...