Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siyasi münasibətlər

Şimali Qafqazda hərbi hərəkat davam edərkən, alman və bolqar cəbhələri süqut etmişdi. Osmanlı Dövlətinin müttəfiqləri, məğlubiyyəti qəbul edərək, sülh danışıqlarına getmək üçün Antanta dövlətlərinə müraciət etmişdilər. Belə bir şəraitdə çox böyük fədakarlıqla Qafqazda davam etdirilən hərbi hərəkatda Türk ordusu lazımi üstünlüyü təmin etmişdi. Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər paşa, bu vəziyyətin davam edə bilməsi üçün 5-6 oktyabr tarixində Şərq Orduları Qrupu Komandanlığına bir əmr göndərdi. Ənvər paşanın əmri belə idi:

"Azərbaycan və Şimali Qafqazdakı əsgərlərimizi çəkmiş kimi bir görüntü yaratmaq məcburiyyətindəyik. Bu halda, Azərbaycan və Şimali Qafqaz Respublikalarının öz əsgəri qüvvələrinə güvənməsi lazım gələcəkdir. Bu səbəbdən, Qafqazda qalacaq qüvvələrin Azərbaycan və Şimali Qafqaz qüvvələri olması üçün indidən bu qüvvələri əsas tutaraq, bunların silahlandırılması və yenidən təşkil olunaraq qüvvətlənməsi vacibdir. Ermənilərlə qovğa etməyərək, onlarla yaxşı davranaraq sülh müzakirəsində onlarla birlikdə olmaq üçün çalışmaq lazımdır. Orada qalacaq zabitlərlə digərləri, Azərbaycan vətəndaşı olaraq qalsın və hökumət geri çəkilmə əmri versə belə, onların orada qalması üçün tərtibat hazırlansın. Azərbaycana rus silah və cəbbəxanası olmaqla çoxlu silah və sairə göndərilsin".
Şərq Orduları Qrupu Komandanı, Baş Komandanlığın bu əmri əsasında 5-ci Qafqaz piyada diviziyasının Azərbaycanda, bir piyada batalyonu dəstəsinin də Dağıstanda qalacağını bildirdi. Azərbaycanlı sıravilərlə gücləndirilən 5-ci Qafqaz diviziyası, Azərbaycanda üç diviziyalı bir korpus, Dağıstandakı piyada batalyonu dəstəsi də bir diviziya halına gətirilərək, Azərbaycan və Şimali Qafqaz Respublikalarının öz vətənlərini milli qüvvələri ilə qorumaları təmin ediləcəkdi. Dərbəndin şimalında döyüşlər davam edərkən, Şimali Qafqaz Komandanı Yusif İzzət paşa və Şimali Qafqaz Respublikası Dövlət başçısı Əbdülməcid Çermiyev, 8 oktyabrda Dərbəndə getmişdi.[223] Dərbənddə vəziyyətin tamamilə normallaşmasının ardından, 13 oktyabr 1918-ci il tarixində Şimali Qafqaz Respublikası hökuməti quruldu. Türk Qafqaz İslam Ordusu Komandanı Nuru paşa ilə Şimali Qafqaz Respublikası Dövlət başçısı Əbdülməcid Çermiyev, Şimali Qafqaz Komandanı Yusif İzzət paşa, 15-ci piyada diviziyası komandanı yarbay (podpolkovnik) Süleyman İzzət bəy də hökumətin elan edilməsi münasibətilə təşkil olunan mərasimdə iştirak edirdilər.

Dərbənddə səhər saat 10.00-da Şimali Qafqaz Respublikasının bayrağı mərasimlə qaldırıldı və hökumətin qurulduğu rəsmi olaraq elan edildi. Yarbay (podpolkovnik) Süleyman İzzət bəy mərasimdən sonra Dərbəndin qurtuluşu haqqında komandirlərlə brifinq keçirdi. Süleyman İzzət bəy yığıncaqda Dərbəndin ələ keçirilməsi üçün çəkilən əziyyətləri xatırlatdı. Şəhərin, Biçeraxov qüvvələrinə qarşı bir batalyon piyada və süvari bölüyündən əmələ gələcək Dərbənd dəstəsi tərəfindən mühafizə olunmasının mümkün olmadığını bildirdi. 15-ci piyada piviziyasının hərəkatı davam etdirərək, Mahaçqala və Dağıstanı işğaldan tamamilə təmizləmək lazım olduğunu bildirdi. Süleyman İzzət bəyin verdiyi məlumata görə, həqiqətən də rus döyüş gəmiləri Dərbənd sahillərində aramsız manevrlər edirdi. Düşmən hərbi birləşmələri Dərbənd-Mahaçqala yolundan rahatca istifadə edirdi ki, bunun da qarşısı mütləq alınmalı idi. Türk əsgəri, yerli xalqdan heç bir yardım ala bilmirdi. Yusif İzzət paşa da bu vəziyyətdə Dərbənd dəstəsinin (107-ci Qafqaz alayı) şəhəri qoruya biləcəyinə inamı olmadığını bildirərək, 15-ci piyada diviziyasını, o bölgədən ayrılana qədər Yusif İzzət paşanın əmrinə verdi. Çünki 15-ci piyada diviziyasının Dağıstanda qalmasının vacib olduğunu bildirdi. Müzakirələrdən sonra bu təklif qəbul olundu. Nuru paşa 15-ci piyada diviziyasını, o bölgədən ayrılana qədər Yusif İzzət paşanın əmrinə verdi. 15-ci piyada diviziyasının Batuma göndərilməsi ilə əlaqədar əmr hər an gələ bilərdi. Buna görə, Mahaçqalanın ələ keçirilməsi üçün ediləcək hərbi müdaxiləni tezliklə başlamaq, ən qısa zamanda nəticə əldə etmək tələb olunurdu.

Hərbi birliklərdə struktur dəyişikliyindən sonra, lazımi hazırlıqlar sürətlə başa çatdı. Türk Ordusu Dərbəndin şimalından etibarən dəniz ilə dağlar arasında nisbətən geniş və düz bir ərazidə irəliləmiş və düzənliyə çatmışdı. Üzərinə hücum planlaşdırılan Mahaçqala Xəzər dənizinin sahilində yerləşirdi. Şəhərin qərbi və cənub-qərbi yüksək dağlar və təpələrlə əhatələnmişdi.

Mahaçqalanın şimalında isə daha düz olan bir ərazi vardı və Xəzər dənizi boyunca uzanırdı. Dərbənd istiqamətindən gələn dəmir və quru yolları da Mahaçqaladan keçərək, şimal istiqamətində Vladiqafqaz və Rusiyaya doğru uzanırdı. 15-ci piyada diviziyası da bu şərtlərlə Mahaçqalanın yerləşdiyi düzənliyi və hakim təpələri ələ keçirərək şəhərə girməyi planlaşdırırdı.


Tarix: 09.01.2015 / 13:38 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...