Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şimali Qafqaz hərəkatı

Birinci dünya müharibəsində Rus Çarlığı devrildikdən sonra, Qafqazdakı türk və müsəlman xalqlar bir tərəfdən ingilis işğalçılarının, digər tərəfdən çar tərəfdarlarının, o biri tərəfdən isə bolşeviklərin təzyiqinə məruz qalmışdılar. Azərbaycanda isə bolşeviklərin hakimiyyəti ələ keçirməsi və ordu quruculuğu ilə məşğul olması narahatçılığı daha da artırırdı. Bu vəziyyət qarşısında birləşmək yollarını axtaran Qafqaz xalqları müstəqil bir dövlət qurmaq üçün hərəkətə keçdilər. Bölgədəki türk və müsəlman xalqlar 5 may 1917-ci il tarixində Vladiqafqaz şəhərində bir konqres çağırdılar. Gərgin mübahisələrdən sonra bütün Qafqazı əhatə edə biləcək bir dövlət qurmaq qərara alındı. Temirxan-Şura şəhərində, Şimali Qafqaz xalqları və Dağıstan türklərini əhatə edən "Dağıstan İcmalar Birliyi" adlı milli bir komitə yaratdılar. Bu təşkilata, çar ordusunda zabit olmuş Tapa (Əbdülməcid) ,Çermoyev və Heydər Bammat ilə Pşemaho Kotsev kimi tanınmış adamlar rəhbərlik edirdilər. Şeyx Şamilin ən ləyaqətli müridi və adamlarından birinin oğlu olan Nəcməddin Gotsinski, şimali Qafqazın imamı, yəni dini rəhbəri seçildi. Dini təəssübü ilə tanınan və bölgədə böyük nüfuza malik olan Uzun Hacı da yeni imamı dəstəkləmək məcburiyyətində qaldı. Bu iki qurum ölkənin idarəçiliyini ələ aldı və idarədəki rusları təmizlədi. Bolşeviklərə düşmən olan və rus çarlarına sədaqətləri ilə tanınan rus kazakları da özlərinə bir başçı seçərək Şimali Qafqaz Birliyinə daxil oldular. Beləliklə, Terek Kazakları və Dağıstanlılar arasında, bolşeviklərə qarşı bir ittifaq yaranmış oldu. Kazaklarla müsəlmanlar arasındakı ərazi mübahisəsi üzündən bu əməkdaşlıq tez bir zamanda pozuldu və qanlı mübarizə yenidən başladı. Çar tərəfdarı ruslar ilə rus kazakları, bolşeviklər ilə müttəfiqlik edərək, bir həmlə ilə paytaxt Vladiqafqazı işğal etdilər.[191]

Şimali Qafqazdakı bu hadisələrdən sonra Dağıstandakı türklərin milli bir dövlət qurma istəkləri və cəhdləri yenidən baş qaldırdı. Nəhayət, 11 may 1918-ci ildə Dağıstan Respublikası müstəqilliyini elan etdi. Bu hadisələr ətrafında Şimali Qafqaz və Dağıstandakı bütün türk və müsəlman icmalar, Dağıstan türklərinə güvənərək, ruslardan ayrılmaq istəyirdilər. Osmanlı Dövlətinin müttəfiqi Almaniya eyni günlərdə Gürcüstanın müstəqilliyini tanımış, ancaq Dağıstanın azadlığını görmək istəmirdi.[192]

Bakını işğal edən erməni və bolşeviklərə qarşı kiçik milis qüvvələri təşkil edərək müqavimət göstərən Azərbaycan xalqı 31 mart qırğını zamanı Dağıstanlı qardaşlarından kömək istədilər. Mahaçqaladan (türklər şəhəri İnciqala adlandırılar) yola çıxan bəzi milis qüvvələri Bakı yaxınlığındakı Biləcəri məntəqəsinə qədər irəlilədilər. Say və silah sarıdan olduqca güclü olan rus bolşeviklərinə və erməni daşnaklarına qarşı dayana bilməyəcəkdilər. Dağıstan türklərindən ibarət az saylı milis təşkilatının ölkədən uzaqlaşdığını görən bolşeviklər, şimaldakı Həştərxandan gətirdikləri qüvvələrlə əvvəlcə Mahaçqalanı nəzarət altına aldılar, sonra da Temirxan-Şuranı ələ keçirdilər. Bolşeviklər Qafqaz xalqlarının Vladiqafqazda qurduğu Mərkəzi İcra Komitəsini də dağıtdılar. Beləliklə, Qafqazın orta bölgəsi ilə Azərbaycan və Dağıstan arasındakı əraziləri nəzarət altına almağa başladılar. Bakı-Dərbənd-Mahaçqala-Rusiya dəmir yolunu da əllərinə keçirdilər. Qafqazda fəaliyyət göstərən bolşeviklər daha çox rus, erməni, yəhudi, rus kazakı və gürcülərdən ibarət idi. Türk əsillilərdən bolşeviklərə qoşulanların sayı az idi. Bunlar da daha çox rus tərbiyəsi ilə yetişmiş bəzi oxumuş, ziyalılar arasından çıxanlar idi.


Tarix: 09.01.2015 / 13:31 Müəllif: Feriska Baxılıb: 90 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...