Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Türk ordusunun Şamaxı üzərinə yürüşü

Şamaxı və onun ətrafında törədilən qətllər barədə xəbərlər, tez bir zamanda Gəncədə Qafqaz İslam Ordusunun qərargahına çatdırıldı. Göyçay həndəvərində Qızıl Ordunun hərbi birləşmələrinin dağıdıldığını görən rus bolşevikləri və erməni daşnakları Şamaxıdan Bakıya doğru qaçırdılar. Nuru paşa 19 iyul 1918-ci il tarixində 13-cü Qafqaz alayının Şamaxı istiqamətində hücuma keçməsi və şəhərin ələ keçirilməsi barədə əmr verdi. Şimal qrupunun sərəncamında olan 10-cu Qafqaz alayının vəzifəsi Qızıl Ordu birliklərini Şərq və cənubdan mühasirə edərək, Bakıya doğru çəkilmələrinin qarşısını almaq və tamamilə məhv etmək idi.

Hərəkətə gəlmək üçün əmr alan 13-cü Qafqaz alayı, Ağsudan Mədrəsə istiqamətində hücuma keçdi. Gecə boyunca leysan şəklində yağan şiddətli yağış və palçıq rabitəni pozmuşdu. Yağış altında və palçıq izində irəliləyişini davam etdirərək, Alpaqut yüksəkliklərini aşdı və səhər saatlarında Şamaxının cənubunda yerləşən Mədrəsə qəsəbəsinin ətrafındakı aşırım və təpələri ələ keçirdi.[85]

Qızıl Ordu birləşmələri ġamaxının cənubundakı Mədrəsə qəsəbəsi ətrafında cəmləşməyə çalışırdılar. Malakan kəndi və ətrafındakı rusların da qoşulması ilə Qızıl Ordunun min nəfərdən ibarət əsgəri heyətinin sayı get-gedə artırdı. Mədrəsə qəsəbəsində olan 13-cü alay günorta saatlarında yeni bir hücuma başladı. Düşmən müqavimət göstərə bilməyib Şamaxı istiqamətində geri çəkilməyə başladı. Mədrəsə ətrafında gedən qanlı döyüşlərdə Türk Qafqaz İslam Ordusu bir yüzbaşı və dörd sıravi şəhid vermişdi.

Qızıl Ordu birləşmələrinin Mədrəsədə məhv edilməməsi Nuru paşa və qərargahdakıları məyus etmişdi. Verilən əmrə görə düşmənin mütləq darmadağın edilməsi lazım idi. Çünki Bakıya çatan düşmənin yenidən öz qüvvələrini möhkəmlətməsi, Qafqaz İslam Ordusu üçün yeni bir təhlükə ola bilərdi.

Nuru paşa düşmənin Şamaxı yaxınlığında məhv edilə bilməməsi səbəbiylə cəbhə komandanlığına belə bir gizli əmr göndərdi:

"Bugünkü hərəkətin nəticəsi məni razı salmadı. Çünki düşmənin əsir və məğlub olmasını, o cümlədən Bakıya çəkilməyə müvəffəq olmamasını istəmişdim. Daha əvvəl də sizə Göylər kəndi üzərindən Şamaxı-Bakı yolunu kəsmək üçün bir qolun hərəkətə gətirilməsinin münasib olacağını yazmışdım. Düşmənin qüvvəsi az və geri çəkilərkən, xırda-xuruş ardzı hissələrlə iki alayın məşğul olması və bunlardan 13-cü alayın Mədrəsəyə dönməsi məqsədə uyğun bir hərəkət deyil. Bundan başqa, əlinizdəki süvari ordunun hamısıyla və təcili olaraq düşməni uzaqdan mühasirəyə alacaq surətdə hərəkətə keçin. Ya piyada qüvvələrini sövq edərək, ya da hər süvari heyvanına bir piyada mindirərək əsl süvari qüvvələri gücləndirə bilərsiniz. Sabahkı hərəkətin nəticəsi bundan asılıdır".
Şimal və Cənub birlikləri Şamaxı yaxınlığında düşməni sıxışdıraraq arasıkəsilməz atəşə tutmağa çalışırdı. Mehmetçik, Məlikçoban-Çuxalı xəttində, 20 iyul gecəsinə qədər davam edən şiddətli döyüşlər nəticəsində bolşevik birləşmələrini dağıtdı və Şamaxı üzərinə yürüş etdi. Buranı qısa bir vaxt ərzində düşməndən azad etdi. Öndə piyada, ardınca isə süvari bölüklərinin təqibi düşmənə göz açmağa imkan vermirdi. Qızıl Ordu birliklərinin başçısı Kazarov ordunun geri çəkilməkdə olduğunu anlayaraq, geri dönmək əmri verdi. Mərəzə istiqamətinə doğru çəkilən düşmən, burada da müqavimət göstərə bilmədi. Get-gedə sıxışdırılan Hamazasp və Kazarov məğlub olacaqlarını başa düşərək, qəti bir hərəkətlə Bakı istiqamətində qaçmağa başladılar. Ətrafda yaşayan rus və erməni əsilli sakinlər də pərakəndə halda qaçan əsgərlərlə bərabər Bakıya doğru hərəkət etdilər.

Mərəzədə içməli su var idi. Mərəzə-Bakı arasında isə ordunun istifadəsi üçün təmiz su tapmaq mümkün deyildi.[89] Düşmən birlikləri 21 iyulda Mərəzədən Bakı istiqamətində pərakəndə halda qaçmağa başladı. Şamaxı və Mərəzə bölgələrindəki döyüşlərdə düşməndən iki top, üç top arabası, iki pulemyot, ikisi zirehli olmaqla üç avtomaşın, mərmi və əşya ələ keçirildi.


Tarix: 09.01.2015 / 12:13 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...