Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağsu və Kürdəmirin azad edilməsi

Qaraməryəmdə məğlub olan və darmadağın edilmiş halda qaçan Qızıl Ordu qüvvələrinin bir hissəsi türk ordusunun sıx təqibi altında Ağsuya gedərək burada bir müdafiə xətti təşkil etməyə çalışdı. 5-ci Qafqaz piyada diviziyası isə cəbhəni Müsüslü-Kilisli arasındakı xətt üzərində qurdu. Qaraməryəmdəki müvəffəqiyyətdən sonra cəbhəyə gedən Nuru paşa 10-cu və 13-cü Qafqaz alaylarına 5 iyul 1918-ci ildə hücuma keçmələri üçün əmr verdi. Rüşdü. Böyük Hərbdə Bakı yollarında, s. 81 Erməni daşnak və rus bolşevik qüvvələri təxminən 7 min nəfərlik bir hərbi qüvvə ilə Kürdəmirə doğru çəkilirdi. Türk ordusunun hərbi hərəkat planı bu şəkildə idi: Müsüslü dəstəsi Kürdəmirə basqın edəcək, mürəttəb süvari alayı da Xəlilli-Qarasaqqal istiqamətində hərəkət edərək Ağsu-Kürdəmir yolunu kəsəcəkdi. 13-cü alay isə Şamaxı-Ağsu xəttinə qarşı hücuma keçəcək, 10-cu alay da Kəlağaylı-Ağsu-Gürcivanın şimalındakı dağlıq bölgəyə basqın edəcəkdi. Beləcə ordunun arxadan mühasirə olunması imkanı ortadan qalxdıqdan sonra Ağsu tamamən azad ediləcək və daha sonra Kürdəmir üzərinə yeriyərək, şəhərə şimaldan giriləcəkdi. Türk Qafqaz islam Ordusu düşməni burada tamamən məhv etdikdən sonra Şamaxı üzərinə yeriyəcəkdi. Burada qüvvələr yenidən nizamlanacaq və Bakının ələ keçirilməsi üçün hərəkətə keçiləcəkdi.

İsti bir havada başlayan hücum, yavaş irəliləyirdi. Ərazinin dik və eniş-yoxuşlu olması hərbi qüvvələrin yeni bir pusquya düşməmək üçün ehtiyatlı davranması və havanın qaralması kimi səbəblərlə hərəkat 6 iyula saxlanıldı. Ertəsi gün səhər tezdən hərəkata yenidən başlayan Mehmetçik Qızıl Ordu cəbhəsini yarıb, onları geri çəkilməyə məcbur etdi. Təlaş içində qaçan düşmən əsgərlərinin bir hissəsi Kürdəmirə, bir hissəsi də Ağsu təpələrini aşaraq Şamaxı istiqamətinə doğru çəkilirdi. 13-cü Qafqaz alayının qabaqcıl qüvvələri günortadan sonra Ağsuya girərək, qəsəbəni Qızıl Ordu qüvvələrindən tamamən təmizlədi. Erməni daşnak dəstələri, Şərqi Anadoluda Sarıqamış, Van, Ərdahan və bir çox yerdə etdikləri kimi, Ağsu qəsəbəsini də tamamən yandıraraq qaçmışdılar.

Ağsunun qurtarılması üçün aparılan əməliyyatlarda Qızıl Ordu birliklərindən bir səhra topu, beş pulemyot, bir cəbbəxana arabası, on beş nəqliyyat arabası və bir tibb çadırı ilə birlikdə çoxlu tibbi ləvazimat ələ keçirilmişdi.

Göyçay basqınından sonra gücləndirmə qüvvəsi və xüsusilə cəbbəxana göndərilməsi ilə bağlı istəklərin sonunda, 9-cu Ordu komandanlığı 38-ci alayın 6 iyulda Gümrüdən hərəkət etdiyini və 11 iyulda Qazax stansiyasına daxil olacağını bildirdi. Türk Qafqaz İslam Ordusunun tərkibi yaralanma, itkilər və yoluxucu xəstəliklər üzündən getdikcə azalırdı. 38-ci alayda 65 zabit, 2475 əsgər, 701 heyvan, 2092 tüfəng, 16 ağır pulemyot və 4 güclü dağ topu, bir güclü dağ batareyası var idi. Qaraməryəm və Ağsudan qaçan Qızıl Ordu qüvvələrinin bir hissəsi cənub istiqamətində irəliləyərək, Müsüslü-Kürdəmir bölgəsinə çəkilmişdi. Cəbhə xəttinin Müsüslü bölgəsində isə bir bolşevik hərbi dəstəsi mühasirəyə alınmışdı. Həsən bəyin dəstəsi 250 piyada ilə gücləndirilərək 7 iyulda Kürdəmirə doğru qaçan düşməni təqib etməyə başladı. ġiddətli çarpışmalardan sonra Mehmetçik Qarasaqqal stansiyasını ələ keçirdi. 13-cü Qafqaz alayı bölgəni nəzarət altına alaraq Müsüslü yaxınlarına gəldiyində Həsən bəyin dəstəsi ilə Müsüslü dəstəsi də onlara qatıldı. Mehmetçik Kürdəmir yaxınlıqlarında axşama qədər davam edən qanlı vuruşmalardan sonra bolşevik qüvvələrini cənuba doğru sıxışdırdı. Göydəlikli-Çaylı xəttində İbrahimbəyli və Musabəyli kəndlərinə çatdı və gecəni burada keçirdi. 8 və 9 iyulda irəliləyişini davam etdirən 5-ci Qafqaz piyada diviziyası Kürdəmiri qəti olaraq qurtarmaq üçün 10 iyul səhəri hərəkətə keçdi. 13-cü alay şiddətli bir hücuma başladı. Döş-döşə gedən vuruşmalar oldu. Axşama doğru Dikaya diviziyanın süvari bölmələri ilə bir dağ topçu dəstəsi və 46-cı tabor da Kürdəmirə çataraq müharibəyə qatıldı. Burada tamamən mühasirəyə alınmaq və məhv edilmək üzrə olduğunu anlayan bolşevik zabitləri bölgəni tərk etməyə başladı. Aparılan təqib nəticəsində düşmən məğlub halda axşam saatlarında dağlara doğru çəkilməyə başladı. Beləcə üç gün davam edən şiddətli və qanlı vuruşmalardan sonra Kürdəmir və ətrafı rus bolşevik və erməni daşnak qüvvələrindən təmizlənərək tamamən nəzarət altına alındı. 5-cı Qafqaz piyada diviziyası cəbbəxana yoxluğunu düşmənə etdiyi basqınlardan əldə olunan ləvazimatlarla aradan qaldırmağa çalışırdı.

5-ci Qafqaz piyada diviziyasının Bakı istiqamətində irəliləyə bilməsi üçün biri Ağsu-Şamaxı istiqamətindəki dağlıq ərazidən, digəri də Kürdəmir-Kərrar-Hacıqabul istiqamətində düz ərazidən hərəkatı sürdürməsi lazım gəlirdi. Bu da hərbi qüvvələrin bir-birindən uzaqlaşmasına və yardımlaşmalarının kəsilməsinə yol açacaqdı. İrəliyə doğru hərəkətin davam edə bilməsi üçün düzənlikdəki dəstələrin düşməni qısa müddətdə bölgədən qovub çıxarması şərt idi. Kərrar bölgəsindəki düşmənin geri oturdulması üçün 5-ci Qafqaz piyada diviziyası komandiri belə bir əmr verdi:

"Bir tabor piyada, mürəttəb və milis süvari alayı Müsüslü dəstəsindəki süvari bölmələri və səhra topları ilə piyadaları və 13-cü alayın əmrindəki rus səhra topu qrupundan ibarət dəstə podpolkovnik Həbib Səlimov (Azərbaycanlı yarbay) komandasında 12 iyul 1918-ci ildə hərəkətə keçərək, Kərrar stansiyası və ətrafındakı düşməni geriyə oturdacaq və bölgəni işğal edəcəkdir. Eyni zamanda bir qisim dəstələr də Qarasaqqal kəndindəki düşməni zərərsizləşdirəcəkdir."
Müsüslü dəstəsinin 12 iyulda Kürdəmir yaxınlarındakı Kərrar stansiyasına etdiyi hücum uğurlu olmadı. Bunun başlıca səbəbi, ərazinin düz olması və düşmənin zirehli avtomobillərlə etdiyi qarşı hücumlar olmuşdur. 14 iyulda Kərrara edilən ikinci hücuma 13-cü piyada alayı da qatıldı və buradakı bolşevik rus və erməni daşnak qüvvələri geri oturdula bildi.

Göyçay yaxınlarında vuruşmalar davam edərkən bolşeviklər Gürcüstan hökumətindən dəmir yolunu kəsmələrini və türk hərbi qüvvələrinin istifadə etməsinə əngəl olmalarını istəmişdilər. Tiflisdə çap olunan qəzetlər Gürcüstan hökumətinin buna müsbət cavab verdiyini yazmışdılar. Türk Qafqaz İslam Ordusu tərəfindən Göyçayda əsir alınan erməni və rus zabitlərdən öyrənildiyinə görə, rus kazakı Biçeraxovun hərbi dəstələrindən 3 min nəfərin Cənubi Azərbaycandakı Ənzəlidən Bakıya çatdığı xəbəri gəlmişdi. Biçeraxovun Bakıdakı təxminən min nəfərlik əsir alman əsgərini silahlandıracağı və Bakını ələ keçirəcəyi, bolşevik və erməniləri şəhərdən qovacağı da gələn xəbərlər arasında idi.


Tarix: 09.01.2015 / 12:11 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...