Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göyçayın azad edilməsi

Qızıl Ordu hərbi qüvvələri qərb və cəbhə istiqamətindən hücum imkanı qalmadığını və arxalarında da dağlar olduğunu görüncə, 5-ci Qafqaz piyada diviziyasının sol tərəfindən arxasına doğru, o bölgədəki erməni və rus kəndlərinin də yardımı ilə gecədən istifadə edərək şimaldan bir hücum hərəkatına girişdilər. Bu bölgənin olduqca eniş-yoxuşlu bir ərazi quruluşu var idi. 30 iyunda səhərə yaxın min nəfərlik piyada, iki top və iki avtomat tüfənglə Göyçaya basqın etdilər. Erməni əsilli Emirov komandasındakı bolşevik qüvvələri Pəzəvənd və Kırdadut kəndlərindən hərəkata başladı. Topçu və avtomat tüfəng atışları ilə Göyçaya doğru hərəkət edirdilər. Xalq təlaş içində Ucar istiqamətində qaçırdı. Bu arada Göyçayda nizamlı bir hərbi qüvvə yox idi. Çox təhlükəli bir durum ortaya çıxmışdı. O gecə Qazaxdan Gəncəyə yeni gəlmiş olan könüllü süvari birliyinin başına öz təşəbbüsü ilə keçən minbaşı Əhməd Həmdi bəy şəhərin şimalına doğru hərəkət etdi. Bu arada Qərargah başqanı Qaraməryəm cəbhəsindəki 25-ci tabora telefonla xəbər verərək Göyçayın yardımına tələsməyi əmr etdi. Ağdaş ərazisi komandiri minbaşı İhsan bəyə də əmr verərək, əlindəki bütün qüvvələrlə yardıma gəlməsini istədi. Əhməd Həmdi bəyin idarə etdiyi Azərbaycan süvari milisləri bolşeviklərə qarşı ləngitmə taktikası aparırdılar, ancaq davam gətirə bilmədilər və səhər saat 07.00 radələrində tamamən dağıldılar.

Qaraməryəm cəbhəsindəki 25-ci piyada taboru və bəzi milis qüvvələri Göyçaya çatmışdı. Göyçayın alınmaq üzrə olduğunu və cəbhənin arxadan mühasirə təhlükəsi olduğunu görən Nuru paşa Qaraməryəm ilə Ağdaş ətrafındakı bəzi qüvvələri ilə Göyçaydakı bolşeviklərin üzərinə göndərdi. Poylu stansiyasında yerləşən 9-cu Qafqaz alayı komandiri Cəmil Cahid bəy ilə Şəki və Zaqatala bölgəsindəki albay (polkovnik) Yusif bəyə dəstələri ilə Göyçaya hərəkət etmələrini əmr etdi. Topçu və avtomat tüfəng dəstəyindəki 25-ci piyada taboru Ağdaş milis və piyada bölüyü, bolşevik qüvvələrini Göyçaya girmədən mühasirəyə aldı. ġəhərin talan və məhv edilməsinin qarşısını aldı və qarşı hücuma keçərək, böyük hissəsini burada məhv etdi. Göyçayı talan etmə imkanı tapa bilməyən bolşevik qüvvələrinin geridə qalanı gəldikləri yoldan Pəzəvənd, Kırdadut və İvanovkadan Qaraməryəmə doğru məğlub halda qaçarkən, 13-cü Qafqaz alayı da cəbhədən hücuma keçmişdi. Bundan sonra əsas bir təqibə girişən 5-ci Qafqaz piyada diviziyası, bolşevik rus və erməni daşnak qüvvələrinə böyük itkilər verdirdi. Bu müvəffəqiyyət cəbhə hakimiyyətinin 5-ci Qafqaz piyada diviziyasının əlinə keçməsini təmin etdi. O biri qüvvələrin də şiddətli hücuma başlamasından sonra bolşeviklər Qaraməryəmdə də davam gətirə bilməyərək, məğlub halda şərq istiqamətində qaçmağa başladılar.

Göyçay və Qaraməryəm savaşlarında Qızıl Ordu qüvvələrindən çox sayda silah və sursat ələ keçirildi. Ağdaş, Göyçay, Qaraməryəm və İsmayıllı ilə bölgədəki qəsəbə və kəndlərdə yaşayan erməni və ruslar qəti olaraq itaət altına alındı. Əllərindəki silahlar da toplandı.

Göyçay savaşında şəhid olan türk əsgərlərinin böyük bir hissəsi ilə yaralılar Gəncəyə aparıldı. Şəhidlər Gəncə ilə daha Şimal-qərbdəki Xanlar və Goranboy qəbiristanlıqlarında dəfn edildi. Bəzi şəhidlər isə İslam adət-ənənəsinə uyğun olaraq qanlı libasları ilə və şəhid olduqları yerdə dərhal o gün torpağa tapırıldı. Bu məzarlardan bəziləri Göyçay, Qaraməryəm, Bığır və İsmayıllı bölgələrindədir. Türk əsgəri Anadolunun bağrından qopub, Qaf dağından yüksələn imdad fəryadına yardıma gəlmiş və özlərinə heç də yabançı olmayan bir başqa vətən torpağının qara bağrında əbədi yuxuya getmişdilər.

Türk Qafqaz İslam Ordusu Göyçay yaxınlarında savaşarkən, çarlıq tərəfdarı rus kazakı albay (polkovnik) Biçeraxov, 1500 tərkibli hərbi qüvvəsi ilə bərabər, Ənzəlidən gəmilərlə hərəkət etdi və 2 iyul 1918-ci ildə Bakının cənubundakı Ələt qəsəbəsində quruya çıxdı. Şaumyan ilə görüşüb, cəbhə bölgəsində araşdırmalar apardılar. Biçeraxov 6 iyulda da rus bolşevik-erməni daşnak qüvvələrinin komandanlığına gətirildi. Rus-erməni birləşmiş qüvvələrində cəbhənin sağ qanadının komandiri isə Korqanov idi. Türk Qafqaz İslam Ordusu komandiri Nuru paşa erməni daşnak və rus bolşeviklərin ruslardan və ətrafdakı erməni kəndlərindən davamlı dəstək alaraq, arxadan və yandan basqın şəklindəki hücumlara qalxmalarının ordu üçün təhlükə törətdiyini düşünürdü. Bu hücumların davam etməsi halında 5-ci Qafqaz piyada diviziyasının böyük təhlükə altında olacağından əndişələnirdi. Bakının mövcud qüvvələrlə ələ keçirilə bilməyəcəyi qənaətinin qüvvətlənməsi səbəbiylə Şərq Orduları Qrupu Komandanlığından bir dəfə də dəstək istəməyə qərar verdi.


Tarix: 09.01.2015 / 01:08 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...