Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavid Məlik Yeqanov

Cavad bəy Rza bəy oğlu 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. 1903-cü ildən Bakının neft mədənlərində işləmiş, inqilabi hərəkatda iştirak etmişdir. "Hümmət" təşkilatının üzvü olmuşdur. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir. 1917-ci ildə "Müsavat" partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak etmişdir. Partiyada fəhlə münaqişələri üzrə iş aparmışdır. Məlik-Yeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü olmuş kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmış, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olmuşdur. Məlik-Yeqanov Azərbaycan Parlamentinin üzvü kimi münaqişəli, məsuliyyətli bölgələrə ezam edilirdi, qayıdanda isə fəhlə kütləsi qarşısında hesabat verirdi. 1919-cu il martın 10-da Parlament tərəfindən təsdiq edilən fəhlə məsələsi üzrə xüsusi müşavirənin tərkibinə daxil edilmişdi. Fəhlələrin Azərbaycanın müstəqilliyi uğrundakı mübarizədəki xidmətlərindən, 1918-ci il mart soyqırımda verdikləri tələfatlardan, Denikin əleyhinə mövqelərindən bəhs edərək, onların ağır güzəranı ilə bağlı hökumət qarşısında kəskin tələblərlə çıxış edirdi. O, fəhlə məsələsini bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilşisi idi. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması təntənələrində çıxış edərək demişdi: "Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar."

Cavad bəy Məlik-Yeqanov 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparmışdır. 1919-cu il avqustun 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təmsilçiləri kimi Məlik-Yeqanov və T.Məmmədov "Muğanın Azərbaycan hakimiyyətini tanıması haqqında barışıq şərtləri"ni imzalamış, bütün diyarda hərbi vəziyyət elan etmiş, Lənkəranın və Muğanın Azərbaycan hakimiyyətinə tabe edilməsində mühüm rol oynamışdır. 1919-cu ilin oktyabrında "Müsavat" partiyasının ikinci qurultayında mandat komissiyasının üzvü olmuş, elə həmin ay partiyanın Bakı komitəsinə seçilmişdir. Məlik-Yeqanov Türk Fəhlə Konfransının təşkilatçılarından olmuş, Mərkəzi Həmkarlar ittifaqının sədri vəzifəsində çalışmışdır. 1920-ci il mayın 11-də həbs edilmiş, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunmuş,sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılmışdır. Aprel işğalından sonra o, ümumiyyətlə, 6 dəfə həbs edilmişdir. Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında çalışmışdır. Respublika Xalq Əmək komissarlığı qaçqınlar şöbəsinin rəsisi, 1927-28-ci illərdə neft məhsulları satışı idarəsinin rəisi vəzifələrində işləmiş, N.Nərimanov adına bakı Sənaye Texnikumunun təsərrüfat hissəsinə başçılıq etmişdir. Gizli "Müsavat" partiyasının üzvü ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə uzaq şimala sürgün edilmişdir. Sürgündən həyat yoldaşı Məryəm xanım Bayraməlibəyova-Məlikyeqanovaya göndərdiyi məktubalrında yazırdı: "...Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm. Həyatımı, varlığımı onlarsız təaəvvür edə bilmirəm."

Rza bəy Məlikyeqanov 1942-ci ildə sürgündə vəfat etmişdir. 1959-cu ildə fevralın Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilmişdir.


Tarix: 09.01.2015 / 00:58 Müəllif: Feriska Baxılıb: 108 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...