Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cahangir Zeynaloğlu Əsərləri

Cahangir bəyin elmi fəaliyyəti Azərbaycan mədəniyyətinin tarixində müəyyən iz qoymuşdur. Onun tarix təhsili yox idi. Bununla belə, mütaliəsi, fitri istedadı, geniş dünyagörüşü sayəsində dövrünün savadlı adamlarından biri oldu. Bütün bunlar ona Azərbaycan tarixinin müxtəlif məsələlərini tədqiq etməyə imkan verdi.

Cahangir Zeynaloğlu İstanbulda çap olunmuş dörd kitabın – "Müxtəsər Azərbaycan tarixi", "Şirvanşahlar yurdu", "Tariximizin xanlıqlar dövrü" və "Atalar sözü (Xalqın sözü, haqqın sözü)" əsərlərinin müəllifidir. 1924-cü ildə nəşr olunmuş "Müxtəsər Azərbaycan tarixi" qədimlərdən başlayaraq 1920-ci ilədək olan dövrü əhatə edir. Azərbaycanın suverenliyi və müstəqilliyi ideyası kitabın ana xəttini təşkil edir. Bu, fəsillərin adlarında da aydın görünür: "Müstəqilliyin elan olunmasından əvvəlki dövr", "Atabəylərin müstəqilliyi dövrü", "Suveren Ağqoyunlu və Qaraqoyunlu dövlətləri", "Xanlıqların müstəqilliyi dövrü", "Müstəqil Cümhuriyyət". Hər fəslin axırında Azərbaycan tarixinin müxtəlif dövrlərinin mədəniyyətinə dair xülasə verilir. Əsərin son fəsli Azərbaycan Demokratik Respublikasının tarixinə həsr olunmuşdur. Cahangir bəy bu kitab üzərində işləyərkən təkcə əlyazma və kitablardan yox, həm də türk və rus dillərində çıxan gündəlik qəzet və jurnallardan, Rus Coğrafiya Cəmiyyətinin məcmuələrindən, Qafqaz Arxeologiya Cəmiyyətinin əsərlərindən, Qafqaz təqvimlərindən istifadə etmişdir. 1993-cü ildə kitab Bakıda yenidən nəşr olunmuşdur. 1931-ci ildə Cahangir Zeynaloğlu ikinci kitabını – "Şirvanşahlar yurdu"nu nəşr etdirmişdir. Əsər Şirvanşahlar dövlətinin tarixinin qaranlıq səhifələrinə işıq salır, Şirvanın daxili həyatı, onun hökmdarlarının nəsil şəcərəsi və fəaliyyəti ilə tanış olmağa imkan verir. Kitab Türkiyənin diplomatik dairələrində və mətbuatında müsbət qarşılandı. Əsərin titul vərəqində qeyd olunur ki, müəllif bu kitabın ilk nüsxəsini Mustafa Kamal Atatürkə təqdim etmişdir. 1931-ci il avqustun 31-də Atatürk və marşal Fevzi Çakmak kitabı yüksək qiymətləndirərək Cahangir Zeynaloğluya təşəkkür etmişlər. "Şirvanşahlar yurdu" bir neçə dəfə Türkiyədə təkrar nəşr olunmuşdur və bu gün də əhəmiyyətini itirməmişdir. Cahangir Zeynaloğlu kitabın müqəddiməsində yazır ki, bir çox mənbə Rusiyada qalmışdır və o, Türkiyə kitabxanalarındakı mənbələrdən istifadə etmişdir. Əsərdə antik mənbələrə istinad edilir. Şirvanın tarixi coğrafiyasına dair Strabon, Plutarx və digər antik müəlliflərin əsərlərindən sitatlar gətirilir. Həmçinin A.Bakıxanovun, B.Dornun, V.Bartoldun, Y.Paxomovun, M.Yanovskinin, M.Karaulovun əsərləri tədqiqata cəlb edilir. Kitabda Bərdənin, Şamaxının, Bakının, Dərbəndin rəsmləri, xəritələr verilmiş, Şirvanın müxtəlif dövrlərdə sərhədləri göstərilmiş, bu dövlətin etnoqrafik fotoşəkilləri dərc edilmişdir.

Cahangir Zeynaloğlu Şirvanşahlar dövlətinin yaranması prosesini tədqiq etmiş, onun inkişaf, çiçəklənmə və tənəzzül mərhələlərini araşdırmışdır. Müəllif Şirvanşahların tarixini işıqlandırmaq üçün onun müxtəlif aspektlərini, daha doğrusu, dövlətin yarandığı tarixi-coğrafi şəraiti, Şirvan şəhərlərinin, burada yaşayan tayfaların və xalqların vəziyyətini, sənətləri və ticarəti, sosial münasibətləri, dövlət quruluşunu, hərb tarixini və mədəniyyət məsələlərini nəzərdən keçirmişdir. O, dövlət yaranandan süquta uğrayanadək Şirvanşahların nəsil şəcərəsini araşdırmış, bir sıra şirvanşahların adlarını və hakimiyyəti illərini dəqiqləşdirmişdir. Cahangir Zeynaloğlu hər bir dövrə ayrılıqda nəzər salmış və dövlətin mövcud olduğu illəri dövrlərə bölməyə cəhd etmişdir. Tarix təhsili olmayan tədqiqatçının xüsusi ədəbiyyatı və mənbələri bu qədər gözəl bilməsi heyrət doğurur. Cahangir Zeynaloğlunun "Atalar sözü" kitabında 5 min atalar sözü, zərb-məsəl, söz və onun sinonimi, tarixi termin və s. toplanmışdır.

Tədqiqatçının əsərləri məzmununa və araşdırma metodlarına görə ölkə tarixinin 1920-ci ilədək olan dövrünün işıqlandırılmasında ilk cəhd idi. Bu əsərlər indi də əhəmiyyətini itirməmişdir. Şübhəsiz, kitabların nəzəri səviyyəsi elə də yüksək deyildi, burada metodoloji səhvlər, yanlış müddəalar və nəticələr vardı. Bu da o dövrdə tarix elminin inkişaf səviyyəsi ilə izah olunur. Bununla belə, müəllif Azərbaycan xalqının qədim dövrlərdən XX əsrin 20-ci illərinədək tarixinin vahid konsepsiyasını hazırlamaq üçün az iş görməmişdir. Onun əsərləri Azərbaycanın tarixi inkişafına həsr olunmuş ilk ümumiləşdirici tədqiqatlardan biri kimi diqqəti cəlb edir. Azərbaycan tarixinin öyrənilməsinin ilkin mərhələsini səciyyələndirərkən qeyd edək ki, XX əsrin əvvəlləri ölkənin qədim və orta əsrlər tarixinə dair köhnə faktların sistemləşdirilməsi və yeni faktların əldə edilməsi dövrü, başqa sözlə, Azərbaycanın qədim tarixinin yenidən yazılması mərhələsi idi. O vaxt alimlər hər şeyi praktik olaraq sıfırdan başlamalı olmuşdular. Amma artıq həmin illərdə gələcək tədqiqatların və elmi istiqamətlərin etibarlı təməli qoyuldu. Bu isə sonralar Azərbaycanın qədim, orta əsrlər, yeni və ən yeni tarixi kimi mühüm elmi bölmələri fərqləndirməyə imkan verdi. Ölkə tarixinin bir çox mühüm problemlərini planlı şəkildə və mərhələ-mərhələ tədqiq etməkdən ötrü yeni tarixçi kadrların yetişməsi üçün müəyyən müddət keçməli idi. Azərbaycanın qədim, orta əsrlər və yeni tarixinə dair ilk peşəkar elmi işlər ötən əsrin 50-ci illərində meydana çıxmağa başladı və bu əsərlər arxeoloji, etnoqrafik, epiqrafik və digər tədqiqatlara əsaslanırdı.

Dərin biliyə, tarixi mənbələrdən bacarıqla istifadə etmək qabiliyyətinə malik olan, ən başlıcası isə Azərbaycanı varlığı qədər sevən Cahangir Zeynaloğlu özündən sonra zəngin elmi irs qoyub getmişdir. Hələ layiq olduğu qiyməti almamış bu irs Azərbaycan tarixşünaslığında öz yerini tutacaq. Qədirbilən xalqımız isə doğma yurdun tarixinə, mənəvi dəyərlərinə, mədəniyyətinə sonsuz məhəbbət hissi bəsləmiş Cahangir Zeynaloğlunu həmişə hörmətlə xatırlayacaq.


Tarix: 09.01.2015 / 00:58 Müəllif: Feriska Baxılıb: 113 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...