Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cahangir Zeynaloğlu

Cahangir bəy Zeynal bəy oğlu 1892-ci ildə Şuşada varlı zadəgan ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə almışdır.

Məlum olduğu kimi, çar Rusiyasında yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar orduya çağırılmırdılar. Yalnız zadəganlar istisna təşkil edirdilər. Birinci Dünya müharibəsi başlayanda C.Nəsirbəyov hərbi xidmətə çağırılmış, əvvəlcə podporuçik, sonra isə poruçik rütbəsində Qafqaz cəbhəsində vuruşmuş, orden və medallarla təltif olunmuşdur.

O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən milli hərbi kadrların yaradılmasında iştirak etmişdir. 1918-ci il martın 1-də Zaqafqaziya Seymi C.Nəsirbəyovu müvəqqəti olaraq Tiflisdə yerləşən unter zabit məktəbinin – "Müsəlman praporşiklər məktəbi"nin rəisi təyin etdi. Hərbi rütbəsi də artırıldı: əvvəlcə ştabs-kapitan, sonra isə kapitan oldu.

Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi məktəb Gəncəyə köçdü, türkiyəli hərbçilərin köməyi ilə fəaliyyətini bərpa etdi və statusu yüksəldilərək "praporşiklər məktəbi"nə çevrildi. Türkiyəli zabit Atif bəy məktəbin rəisi təyin olundu. C.Nəsirbəyov isə məktəbdə tərcüməçi və rəisin köməkçisi kimi xidmət etməyə başladı. Cahangir bəy 1918-ci ilin noyabrınadək burada çalışdı. Türklər Azərbaycandan gedəndən sonra o, hərbi xidmətdən azad edildi və 1920-ci ilin aprelinədək heç yerdə xidmət etmədi.

XI ordu Bakını işğal etdikdən sonra C.Nəsirbəyov bu ordunun sıralarına daxil oldu. Lakin burada da xidməti uzun sürmədi. 1920-ci il dekabrın 5-də Azərbaycan Fövqəladə Komissiyasının orderi əsasında C.Nəsirbəyovun evində axtarış aparıldı, şəhərdən çıxmamaq barədə dilindən iltizam alındı. Başı üstünü ölüm təhlükəsi aldığını görən Cahangir bəy bir neçə gün sonra Azərbaycanı tərk edib Türkiyəyə köçdü. İkinci Dünya müharibəsi başlananadək burada yaşadı. Bu illərdə müxtəlif məktəblərdə rus, alman, fransız və italyan dillərini tədris etdi. Sonra ticarətlə məşğul oldu, Sivasda "Vətən" fabrikini yaratdı. Oğlu Baykal və qızı Maral dünyaya gəldi. Cahangir bəyin Türkiyədə yaşayan azərbaycanlı mühacirlər arasında çoxlu dostları var idi. Sonralar onların bəziləri Avropaya və Amerikaya köçdülər. Cahangir bəy də bir neçə dostu ilə bərabər Almaniyaya köçdü və burada "Könüllülər ordusu"nun sıralarına daxil oldu. Cahangir bəy Almaniyada olarkən ailəsinə göndərdiyi məktubların birində yazırdı ki, "tezliklə Azərbaycan azad olacaq, müstəqilliyini qaytaracaq və biz hamımız birlikdə Vətənimizə gedəcəyik". Amma onlar bir daha görüşə bilmədilər. Cahangir bəy 1944-cü ildə müəmmalı şəraitdə Almaniyada vəfat etdi.


Tarix: 09.01.2015 / 00:57 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...