Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Reaksiyalar

Bolşevik Rusiya Bakının əldən çıxmasına görə bərk narahat idi. Daxili İşlər Komissarı Çiçerin Moskvadakı Alman Baş Konsulu Hauşildə 19 avqust 1918-ci il tarixində verdiyi notada Qafqazda cərəyan edən hadisələr barədə məlumat verdikdən sonra alman və türk hökumətlərinin verdikləri sözə əməl etmədiklərini bildirmiş və Bakının Türk ordusu tərəfindən ələ keçirilməsinin tam mənasıyla bir fəlakət olduğunu qeyd etmişdi. Çiçerin Bakı neftinin Rusiya və onunla iqtisadi əməkdaşlıq edən ölkələr üçün əhəmiyyətli olduğunu qeyd etmişdi. Sovet Rusiyasında Bakı neftindən almanlara pay veriləcəyi təqdirdə Berlin hökumətinin türklərə mane olacağı ideyası hakim idi.

Sovetlərin Berlin təmsilçisi Joffe 14 sentyabr 1918-ci il tarixində Moskvaya göndərdiyi raportda, türklərin Bakıya hücumunun almanlar tərəfindən mütləq dayandırılacağını bildirmişdi. Bakının Türk Qafqaz İslam Ordusu tərəfindən ələ keçirildiyini öyrənən Çiçerin 19 sentyabrda Joffeyə göndərdiyi teleqrafda Türklərin Bakıda "misli görünməmiş bir vəhşilik" törətdiyini iddia edərək, alman hökumətinin diqqətini bu məsələyə yönəlmək istəmişdi. Çiçerin, Osmanlı Dövlətinin Brest-Litovsk Müqaviləsini də pozduğunu və dolayısıyla Sovet hökumətinin bundan sonra Türkiyə ilə sülh və əməkdaşlıq münasibətində olmadığını bildirdi. Bakının Türk Ordusu tərəfindən ələ keçirilməsinin Almaniyada nəşr olunan bəzi qəzetlərdə müsbət bir hal kimi dəyərləndirilməsi, Moskva ilə Berlin arasında qarşlıqlı notaların verilməsi və münasibətlərin gərginləşməsi ilə nəticələndi.

Bakının Türk Ordusu tərəfindən ələ keçirilməsindən sonra, Sovet Rusiyası Osmanlı Dövləti ilə əlaqələri kəsmək qərarına gəldi və bunu Almaniyaya da bildirdi. Rus Bolşevik hökuməti Daxili İşlər Komissarı Çiçerin, Osmanlı Dövləti Xarici İşlər Naziri Əhməd Nəsimi bəyə də 20 sentyabr 1918-ci ildə bir nota göndərdi. Bu nota, bolşeviklərin və Çiçerinin imperialist əməllərini, erməni tərəfkeşliyini və Qafqazda yaşayan türklərin yaşamaq hüquqlarını tanımaq istəmədiklərini açıqca ortaya qoyurdu. Notanın xülasəsi belə idi:

"Rusiya və Türkiyə arasında 3 mart 1918-ci ildə imzalanan Brest-Litovsk müqaviləsi ilə yeni ərazi və siyasi münasibətlər təsdiq edilmişdi. Buna rəğmən, Osmanlı Dövləti üç sancaqda (Qars, Ərdahan və Batum) keçirilən xalq səsverməsində bir çox qanunsuzluğa yol vermişdir. Buralarda yaşayan xristianlara (ermənilər nəzərdə tutulur) zorakılıq edilmiş, irəli gələnləri öldürülmüş, qarətlər olmuşdur. Yəni səsvermə arzuolunan şəkildə keçməmiş və deməli məsələ öz həllini tapmamışdır. Müqaviləyə əsasən əldə olunan atəşkəsə görə hərbi hərəkətin də dayandırılması lazım idi. Bu həyata keçmədiyi kimi, Türk ordusu yerli partizanlarla (azərbaycanlı türklər nəzərdə tutulur) əməkdaşlığa girmiş, rus hökumətinin torpaqlarını ələ keçirmiş, qəsəbə və kəndləri talamış, xristianları (ermənilər nəzərdə tutulur) öldürmüşdür. Sovet hökuməti bunlara qarşı çox etiraz notası göndərmişdisə də, bir nəticə alınmamışdır. Ən son olaraq Türk Ordusu, Rusiya hökumətinin ən əhəmiyyətli şəhərlərindən biri olan Bakıya həmlə etmiş və onu ələ keçirmişdir. Bakıda çox sayda mülki əhali öldürülmüş və qarət edilmişdir. Osmanlı Dövləti, Rusiyanın etiraz notalarına həqiqətə uyğun olmayan cavablar vermişdir. Son altı ayda Osmanlı hökuməti Rusiyanın protestlərinə əhəmiyyət vermədən, Brest-Litovsk müqaviləsini dalbadal pozmuşdur. İndi də Rusiyanın ən əhəmiyyətli limanlarından birinə əl qoymuş və orada dağıntılara yol açmışdır. Bununla da Rusiya ilə Osmanlı Dövləti arasında artıq Brest-Litovsk müqaviləsinin qüvvədə olmadığını göstərmişdir".[174]
Osmanlı dövləti də bu etiraz notasına qarşı Əhməd Nəsimi bəy vasitəsilə Çiçerinə 24 sentyabrda belə bir cavab vermişdir:

"Osmanlı Dövlətinin Brest-Litovsk müqaviləsinin şərtlərini pozulduğuna dair bolşevik hökumətinin irəli sürdüyü bəzi maddələrin həqiqəti əks etdirmədiyi və düzgün başa düşülməsi məqsədilə aşağıdakı düzəlişlərin edilməsi zəruridir: Brest-Litovskda imzalanan müqavilənin 4-cü paraqrafının 2-ci bəndindəki maddələr ilə bu müqavilənin əlavə mətninə əsasən, Türkiyə və Rusiya, Osmanlı Dövlətinə keçəcək yerlərin ruslar tərəfindən boşaldılması məsələsini yoluna qoyacaqdı. Osmanlı ordusu gələnə qədər ruslar o yerlərdə asayiş və sabitliyi qoruyacaq və partizanların silahlarını alıb, onları dağıdacaqdı. Lakin Rusiya hökuməti bu müqavilənin şərtlərinə görə hərəkət etmək əvəzinə, işğal altında olan bölgələrdən öz qoşunlarını çəkdi və oralarda partizanlar qaldı. Bu partizanlar, oradakı müsəlman əhalinin həyatı, namusu və mal-mülklərinə qarşı hər cür təcavüzə son qoymadılar. Qafqazda qurulan üçlü birləşmiş dövlət isə Brest-Litovsk müqaviləsini tanımadı, bizə keçəcək üç sancağı boşaltmadı və biz oralara döyüşərək girmək məcburiyyətində qaldıq. Biz oralarda xalqa zülm etmədik. Bütün iddialar yanlışdır. Bizim əleyhimizə səs verənlər yerlərində qaldılar. Böyük bir çoxluq təşkil edən müsəlmanların isə bizə səs vermələri normaldır. Rusiyanın, Brest-Litovsk müqaviləsinin 4-cü maddəsiylə ümumi və dövlətlərarası hüquq baxımından üç sancaqdakı yeni vəziyyətə müdaxilə etməməyi vəd etdiyi nəzərə alınarsa, hal-hazırda bu sancaqlarla maraqlanmaq üçün hansı hüquqi əsaslara sahib olduğunu təyin etməkdə, Osmanlı Xarici İşlər Nazirliyi çətinlik çəkməkdədir. Bakıda ingilislər vardı və onlara qarşı da hərəkət etdik. Üstəlik, Osmanlı ordusuna Brest-Litovsk sülhü xəttinə, yəni Osmanlı hüdudlarına qədər çəkilmələri əmri verilmişdir."[175] [176]

Osmanlı Dövlətinin Berlin Böyük elçisi Rifat paşa 29 sentyabrda İstanbula göndərdiyi məlumat notasında rusların, Bakı məsələsi həll olunmayana qədər, Birinci dünya müharibəsində dustaq edilən türk əsgərlərinin azadlığa buraxılması məsələsini dayandırdığını bildirdi.

Türk əsgərinin Azərbaycanın köməyinə gəlməsinin və Bakının işğaldan azad olmasının daşıdığı mənanı, Azərbaycan Cümhuriyyətinin ilk Milli Məclis Sədri Məmməd Əmin Rəsulzadə 15 sentyabrın birinci ildönümü münasibətilə yazdığı bir məqalədə dilə gətirmişdi:

"Türk ordusunun, Azərbaycan və Bakı üzərinə hər hansı bir müdaxiləsi və işğalından danışmaq mümkün deyildir. Çünki Ənvər paşa Türk əsgərinin Azərbaycanda qala bilməsi üçün lazım olan xərcləri ödəmək üçün Osmanlı Dövləti büdcəsindən ayda 50.000 lirə pul vəsaiti ayrılmasını tələb etmişdir. Üstəlik, Azərbaycan hökumətindən, mümkün olan ən qısa müddətdə milli ordu qurmalarını rica etmişdir. İstilaçı bir dövlət, müstəmləkəsinə qətiyyən borc pul verməz və milli ordu qurulmasını da istəməz. Əgər Türk Ordusu işğalçı olsaydı, Azərbaycan, xüsusilə də Bakı əhalisi, hansı əsasla Sentrokaspi Diktaturası və ingilislərdən şəhəri qurtarmaq uğrunda şəhid olan Türk əsgərlərinin xatirəsinə abidə ucaltmaq üçün özləri öz aralarında pul toplayardı?"
— Azərbaycan qəzeti. 15 Sentyabr 1919


Tarix: 09.01.2015 / 00:52 Müəllif: Feriska Baxılıb: 196 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...