Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakıya hücumun ikinci günü

Bakının kənar məhəllələrində olan Məhmətçiyin üzərinə, gecə boyunca ara-sıra pulemyot və piyada tüfəngindən atəş açılırdı. Bakını müdafiə etməyə çalışan düşmən qüvvələri, şəhərin qərb bölgəsindəki Qırmızı kazarma ətrafında toplaşmışdı. Türk topçusunun səhərə yaxın başladığı hazırlıq atışı tamamlandıqdan sonra, 5-ci Qafqaz piyada diviziyasına bağlı 13, 19 və 56-cı alaylar, havanın işıqlanmasıyla bərabər şəhərə girməyə başladılar. Erməni və rus əsgərləri, ara küçələrdə, yaxud da gizləndikləri binaların üstündən atəş açırdılar. Bu həmlələr planlı bir müqavimət deyildi. Bu son müqavimətlər də fayda vermədi və qısa sürən küçə döyüşləri də dayandırıldı. Rus və erməni birliklərinin böyük qisminin gəmilərlə qaçmaq üçün limana yığışdıqları məlum olan kimi, sahil boyu güclü top atəşinə tutuldu. Bu arada Bakı körfəzi açıqlığındakı Nargin adasının ətrafında, şəhərdən qaçan ingilis əsgərlərini daşıyacaq yeddi gəmi hərəkətə hazır vəziyyətdə gözləyirdi. Birləşmiş düşmən qüvvələri Bakıdan qaçarkən, şəhərdəki yanacaq məntəqələri və bəzi başqa əhəmiyyətli yerləri yandırmış bir neçə ölü gördük. Ordu komandanı verdiyi telefon əmrində "şəhərdəki yanğının söndürülməsini və təslim olan ermənilərin qorunmasını" tələb etdi. Ancaq şəhərdəki işğal hələ o nöqtəyə çatmamışdı.

İngilislər, Çanaqqalada ağır bir məğlubiyyətə uğramışdılar. Bundan sonra İraqda Qut yaxınlığında onları ağır bir şəkildə məğlub edən və komandirləri general Thovnsendi əsir alan Xəlil paşa, bu dəfə də Bakıda ingilislərə, Birinci dünya müharibəsindəki ən ağır üçüncü məğlubiyyəti dadızdırmaq üzrəydi. Xəlil paşa cəbhədəki ən yüksək rütbəli komandir olmasına və hücumu idarə etməsinə rəğmən bəzən hücum edən ən ön sıralarda, əlində silah vuruşurdu.

Bakıda olan ingilis qüvvələrinin hamısı "Avropa" və "Metropol" otellərində yerləşmişdilər. Türk topçusunun hədəfi bu otellər idi. General Deustervil isə komandir gəmisində yerləşmişdi. Xalq arasında ingilislərin Bakıdan qaçmağı xəbəri sürətlə yayılırdı. Deustervil, şəhərin müdafiə oluna bilməyəcəyini anlamış və hakimiyyətdəki Sentrokaspi hökuməti ilə görüşərək, yaralı, xəstə və yaşlıların evakuasiya olunmasını təklif etmişdi. Bu məsləhətləşmələrdən sonra, ingilislərin şəhərdən qaçmağa başladığını anlayan Bakı hökuməti, Türk komandirləri ilə təmas yaradıb şəhərin təslim edilməsi üçün şərtlərin hazırlanmasını qərarlaşdırdı. Bu qərar ingilislərlə Sentrokaspi hökuməti arasında Barışıq Şərtlərinin razılaşdırılacağı bir zamanda, Məhmətçiyin üzərinə atəş açılması və bunun nəticəsində çox qiymətli komandir və əsgər heyətinin öldürülməsi, Süleyman İzzət bəyi hövsələdən çıxarırdı. Evlərin damında qurulan pulemyot atəş nöqtələrinin hamısını top atəşi ilə susdurmağı əmr etdi. Bir çoxu vurulduqdan sonra əllərində ağ bayraq tutmuş dörd erməni, saat 14.30-da 38-ci piyada alayına müraciət edərək, saat 16.00-da təslim olacaqlarını bildirdi. Onlara verilən bu vaxt tamam olduqdan sonra, ermənilər əllərindəki silahlarla birlikdə təslim olmağa başladılar.

Qaraşəhərdə erməni və rusların silahı atıb təslim olduqları ilk saatlarda 800 piyada tüfəngi və 6 pulemyot təhvil verildi. İki zabit və 80 sıravi təslim oldu. Lakin küçə aralarında gizlənib Məhmətçiyə atəş açan erməni və rus əsgərlərinin böyük bir hissəsi mülki paltar geyərək camaata qarışmışdılar. Bu canilər haqqında bir tədbir görülə bilmirdi.

İkinci Bakı hücumunda Azərbaycan milislərinin gücündən də kifayət qədər istifadə olundu. Maştağa dəstəsi Qışla məntəqəsini döyüşsüz ələ keçirdi. Zehni bəyin dəstəsi isə Zığ təpələrinə sığınan iki yüz erməni daşnak və bolşevik rus əsgərinə böyük ziyan vurdu və geri oturdaraq şəhərin şərq tərəfini tamamilə öz nəzarəti altına götürdü. Ləzgi süvari alayı da nəzarət və mühafizə tapşırığı ilə Zığ təpələrində yerləşdirildi.

Bakı küçələrində saat 15.00-a qədər davam edən döyüşlərdə erməni və rus birləşmələrinin müqaviməti tamam qırıldı. Artıq təslim olmaqdan başqa çarələri qalmamışdı. Hələ 14 sentyabrda Bakının kənar məhəllələrinə girən türk əsgəri, tələfat verməmək üçün irəliyə hərəkəti dayandırmışdı. Türklərin şəhərə girmək istədiyini görən ingilislər, gəmilərə minərək səhər saatlarında Bakıdan qaçmışdılar. Erməni və rus komandirləri ilə şəhər rəhbərləri də gəmilərlə qaçırdılar. Buna görə də birləşmiş düşmən qüvvələrində böyük bir çaxnaşma meydana gəlmiş, cəbhələri və qoşunları tamamilə dağılmışdı.

Bakıda küçə döyüşləri davam edərkən, saat 10.30 radələrində İran bayrağı ilə ağ bir bayrağın olduğu bir avtomaşının 13-cü alaya doğru yaxınlaşdığı göründü və bu barədə 5-ci Qafqaz piyada diviziyası qərargahına xəbər verildi.

İranın Bakı Konsulluğu ilə birləşmiş düşmən qüvvələrinin qərb cəbhəsinin erməni əsilli komandiri, şəhərin təslim olacağını bildirdilər. Şəhərin təslim olması ilə əlaqədar görüşlərin, Bakıda iqtidarda olan Sentrokaspi hökuməti ilə İran, İngiltərə, ABŞ, İsveç və Danimarka konsulluqları və ya təmsilçilərinin də iştirakı ilə həyata keçirilməsini təklif etdilər. Yeni təkliflər Nuru paşaya çatdırıldı. 5-ci Qafqaz piyada diviziyası rəisi podpolkovnik Rüştü bəyin, bu təmsilçilərlə Bakıya gedərək, şəhərin təslim olma şərtlərini həll etməsi uyğun bilindi.

Bakıya gedən Qərargah rəisi Rüştü bəy şəhərdə tam bir qarışıqlığın hökm sürdüyünün, azərbaycanlılarla ermənilər və fars əsilli iranlılar arasında küçə döyüşləri başlandığının, erməni daşnakların küçələrdə atəş açaraq türkləri qətlə yetirdiklərinin şahidi oldu.

Rüştü bəy, gördüklərini belə dilə gətirmişdi:

"Maşınımız bu atəşlər arasından keçərək irəliləyərkən, bir güllə sürücünün əlinə dəyib barmağını yaraladı. Yanımızdakı erməni əsilli cəbhə komandiri, kiminləsə görüşəcəyini bildirərək, öz qərargahlarının qarşısında maşından düşdü. Bu arada evlərindən çıxan bir neçə qadın, kişi həyəcanla maşınımızı dövrəyə aldılar. Onları sakitləşdirməyə çalışdığım zaman "Türk zabitləri fransızca bilirmi?" sualını verdilər. Bəlkə də mənim türk olduğumu zənn etməmişdilər. Lakin İran konsulu təsdiq edəndə, heyrətləri daha da artdı. Bundan sonra Danimarka Konsulluğuna getdik. Qapıları bağlı idi. Çətinliklə açdıraraq içəri girdik. Konsulluqdan baxıldığı zaman şəhərin ətrafındakı yüksək yerlərdə olan əsgərlərimiz aydın görünürdü. Konsul, digər konsullara və şəhər bələdiyyə rəhbərlərinə də telefonla xəbər verdi. Bu əsnada şəhərdə küçə döyüşləri getdikcə qızışırdı. Erməni əsgərlərin axın-axın konsulluğun önündən həyəcanla keçdiklərini görürdük. ġəhərin vaxtında təslim edilməsini və xalqla ermənilər arasındakı ziddiyyətlərin təcili surətdə dayandırılmasını təşkil etməyi konsuldan xahiş etdim. Ancaq nümayəndələrin yığılıb maşınla konsulluğa gəlməsi gecikirdi. Nəhayət, ağ bayraqlı üç-dörd maşından ibarət bir kolon şəklində hərəkət edərək firqə qərargahına gəldik."


Tarix: 09.01.2015 / 00:33 Müəllif: Feriska Baxılıb: 89 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...