Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakının azad edilməsi

Görülən tədbirlərin nəticəsində iyun ayının 27-30-da başlanan döyüşlərdə bolşevik-daşnak qüvvələri darmadağın edildi və Qafqaz islam ordusu Bakıya tərəf hərəkətə başladı. Qafqaz islam ordusu 1918-ci ilin sentyabr ayının 15-də Bakı şəhərini tutdu və Azərbaycan Demokratik Respublikası hökumətinin paytaxta köçməsi üçün şərait yaratdı. Qafqaz islam ordusu Bakını daşnaklardan, eserlərdən və ingilislərdən təmizlədi, şəhəri Azərbaycan Demokratik Respublikasının rəsmi paytaxtına çevirdi, Azərbaycanı təhlükədən xilas etdi, bütün ölkəyə nəzarəti hökumətin sərəncamına verdi.

Bakının azad edilməsi ilə əlaqədar olaraq Türkiyənin hərbi naziri Ənvər paşanın (o, Nuru paşanın böyük qardaşı idi) Xəlil paşa və Nuru paşaya göndərdiyi teleqramada deyilirdi: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini böyük bir sevinc və məmnunluğla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edirəm". Bakının azad edilməsi uğrunda müxtəlif düşmən qüvvələrin birləşmiş qoşun hissələri ilə vuruşlarda min nəfər türk əsgərləri və zabiti, beş min yerli əhali həlak oldu. Bakıda hakimiyyət Azərbaycan Demokratik Respublikasına verilsə də Qarabağda daşnak erməni təhlükəsi davam etməkdə idi. Bu bölgədə xalq hakimətinin mövqeini möhkəmləndirmək üçün Qafqaz İslam Ordusunun hissələri Qarabağa göndərildi. Orduya yerində rəhbərlik etmək üçün Nuru paşa Ağdama gəldi, vəziyyəti öyrəndi və böyük güclə hücuma keçib Şuşaya daxil oldu, şəhərdə Azərbaycanın bayrağını qaldırdı, müdafiə mövqelərini möhkəmləndirdi. Lakin o, Türkiyənin birinci dünya müharibəsində məğlubiyyəti və Bakıya ingilis qanunlarının daxil olması ilə əlaqədar olaraq 1918-ci ilin noyabr ayının 17-də başladığı əməliyyatları yarımçıq qoyub Türkiyəyə qayıtdı.

Nuru paşanı təqib edən ingilislər İstanbulda hərbi nəzarət polisi tərəfindən onu həbs edib edam etmək üçün Batuma briqada göndərirlər. Lakin Nuru paşanın müdafiə etdiyi azərbaycanlılar onu xilas edir, sağ salamat vətənə yola salırlar.


Tarix: 09.01.2015 / 00:05 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...