Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Parlament və xarici siyasət

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da XI Qırmızı Ordunun Şimali Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Azərbaycan Parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin çox mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan--Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.

Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.


Tarix: 08.01.2015 / 19:34 Müəllif: Feriska Baxılıb: 18 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...