Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlibaba İbrahimov

Həyatı
1972-ci ildə Göyçənin füsunkar kəndlərindən biri olan Zərkənddə anadan olub. Onun da ilk müəllimi, mənə dərs deyən, əlimdən tutub lövhəyə "ana, vətən" sözünü yazdıran Rəbbi müəllimdir.
1988-ci il hadisələri zamanı Əlibabagil Kəlbəcər rayonunda məskunlaşmışlar.
1989-cu ildə Əlibaba İbrahimov Kəlbəcər rayonundakı 1№-li orta məktəbi qurtarıb.
Moskva yaxınlığında hərbi xidmət keçən Əlibaba İbrahimov hərbi xidmətini yarımçıq qoymuş, Azərbaycana qayıtmışdır. O, erməni təcavüzünə dözməyib Vətənin müdafisinə qalxmışdır.
O, 1992-ci ilin yanvarında Gəncə Milis batlyonunda 3 ay təlim keçəndən sonra bölmə komandiri təyin olunmuşdur. Onun bölməsinə Ağdərə rayonunun Aterk kəndinə kömək etmək tapşırılmışdı. Hərbi əmrə tabe olan Əlibaba İbrahimov Aterkə gedən bütün heyətlə mühasirəyə düşmüş, son damla qanına qədər qəhrəmanlıqla vuruşmuş, özü də, döyüşçü dostları da həlak olmuşlar.
Elə həmin gecə Eynulla dayı qorxulu yuxu gördü. Əlibaba al qan içində onunla görüşməyə gəlmişdi. Kövrək ürəkli ata neçə dəfə var gücü ilə "oğlum, oğlum, dillənsənə, sənə nə olub" desə də Əlibaba ona cavab vermədi. Eynulla dayı yuxudan ayılıb özünü yataqda görsə də, narahat ürəyi sakit olmadı: "Yox, Əlibalanın başında iş var"
...Əlibabanı da, onun dəstəsindəki əsgərləri də Şəhid¬lər xiyabanında dəfn etdilər. Qəlbimin səsi, könlümdəki duyğularla qələmi götürdüm:

Bayatılar

Quzular mələr gələr,
Dağlardan enər gələr.
Namərdə tuş olanın
Başına nələr gələr.

Əzizim qara yazı
Şaxtalı, qar, ayazı.
Qələmin sınsın, fələk,
Yazanda qara yazı.

Gülü biçənə qurban,
Suyun içənə qurban.
Dünyada igid çoxdu,
Candan keçənə qurban.

BİR İGİD VARDI

Əlibaba adlı bir igid vardı,
Kişi tək sözünün üstündə durdu.

Sevirdi yurdunu öz canı qədər,
Mərdlikdə yox idi ona bərabər.

Divan tutmaq üçün böhtana, şərə,
Yollandı könüllü o döyüşlərə.

İgid şəhid oldu, məğlub olmadı,
Tarixlərə düşdü şərəfli adı.

Elin sevimlisi, o qoçaq oğlan,
Canıyla, qanıyla çıxdı sınaqdan.

Oldu əziz oğlu elin, millətin,
Haqqın, ədalətin, əbədiyyətin

Torpaq uğrunda canını verdi,
Düşmən güllələri ömrünü qırdı.

Kövrək adamların qəlbi göynədi,
Köçdü ürəklərə adı əbədi.

"Vətən", "Vətən" deyib atıldı oda,
"Şəhid məqamına yetişdi o da.


Tarix: 24.01.2015 / 17:38 Müəllif: Feriska Baxılıb: 285 Bölmə: Azərbaycanın müharibələri‎
loading...