Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əcəmi Naxçıvani haqqında digər faktlar

"Əcəmi Naxçıvani memarlıq məktəbinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsaduf edilən parlaq həllini tapmış mühəndis və sənətkar olmuşdur. Onun yüksək mühəndislik qabiliyyəti Qərbi Avropa memarlarından bir əsr əvvəl Mömünə xatın türbəsinin sərdabasında qurduğu nervürlü tağlar sistemində və onun oturacağındakı mürəkkəb ornamentlərin əvvəlcədən hazırlanmış tavalar şəklində tərtibində, Cümə məscidinin nəhəng günbəzində və qoşa minarələrdə özunu göstərir." (Azərbaycan Sovet Ensiklopediyası, IV cild, səh.260)
XIII əsr mənbələri Əcəmini "Şeyx-ül-mühəndis" (mühəndislərin başçısı) rütbəsi daşıdığından xəbər verir.
Yazılı mənbələr göstərir ki, Əcəmi dövrundə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Ehtimal olunur ki, Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəm arxitektura kompleksi ucaldılmışdır. Nəhəng bir ərazidə Eldənizlərin sarayı, Cümə məscidi, xatirə abidələri, mədrəsə, karvansara və digər hökumət tikililəri də inşa edilmişdir. Həmin tikililərdən dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da, Naxçıvanda saray ansamblının mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca yazılmış "Əcaib əd-dünya" adlı əsərdə də müəyyən dərəcədə təsdiq edilir. Həmin əsərdə bu cümlələri oxumaq olar: "Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üc və dördmərtəbəli köşklərin əksər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər olduqca gözəldir və axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin içindən keçir... Eldənizin mübarək zamanında Naxçıvan tamamilə əzəmətli bir görkəm aldı. Burada şah iqamətgahı ("dar-ül-mülk") və hökumət binaları (dövlətxanalar) tikildi..."
Marağadakı Göy günbəzdə (1196-cı il), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsində (XIII əsr), Qarabağlar, Bərdə və Salmas türbələrində (XIV əsr), türk memarı Memar Sinanın (XVI əsr) və İstanbulda ucaltdığı türbələrdə Əcəmi sənətinin ənənələri yaşayır.
Bakıda Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şərəfinə Bakı metropoliteninin stansiyalarından biri "Memar Əcəmi" adlandırılmışdır.


Tarix: 29.01.2015 / 16:22 Müəllif: Feriska Baxılıb: 151 Bölmə: Atabəylər hökmdarları
loading...