Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminə Xatun türbəsi - İnteryeri

İnteryeri qapayan günbəzin kərpic sıralarından olan yerliyində perpendikulyar oxlar üzərində qoyulmuş dörd dairəvi xonça medalyon (diametri 1,5 m) gözə dəyir. Gəc üzərində oyma üsulu ilə yaradılmış bu gözəl dekorativ sənət örnəkləri bitkisəl naxışlar fonunda çəkilən kufi xəttli ulduzvari kompozisiyalardan ibarətdir. Kompozisiyaların hamısının özəyini "Allah" sözü təşkil edir. Bu özəyi bir-biri ilə kəsişərək 6, 8 və 10 bucaqlı dekorativ biçimli ulduzlar əmələ gətirən adlar çevrələyir. Burada Allah (c.c.), Ömər, Osman, Əli sözləri yazılmışdır. Görünür memar öz adını da bu adlarla birləşdirmişdir. Onu da qeyd etmək lazımdır ki, I xəlifə Əbubəkrin adının memarın atasının adı ilə eyni olması onu belə mürəkkəb kompozisiya yaratmağa sövq etmişdir. Dairəvi xonçalar XII yüzilin nadir gəctəraşlıq əsəridir. Eyni tarixi dövrün əsəri olan Xərrəqan türbəsinin iç tağça əyrilərinin ortasında da dairəvi medalyonlar çəkilmişdir. Çoxu quş və əjdaha təsvirləri olan bu xonçalar içərisində ortası dekorativ biçimli 6 və 8 bucaqlı ulduzlarla doldurulmuş olanları da vardır. Həm də bu ulduzlar çalkeçir yolu ilə standart ayrıntılardan yaradılmışdır. Mömünə Xatun xonçaları bu əski türk gələnəklərinin inkişaf etmiş və tam islamlaşmış biçimidir. Əcəmi günəş və planetlərin rəmzi olan bu dairəvi xonçaları interyerin ən uca yerinə – günbəz əyrisi içərisinə qaldırmış, yarıqaranlıq türbə interyerini "işıqlandırmışdır".

Medalyonlar abidənin ilk tədqiqatçısı Y. Yakobstal tərəfindən qeyd edilməmişdir. Y. Yakobstal türbəni təsvir edərkən qeyd olunan medalyonlar haqqında danışmır.

Naxçıvan türbələrindəki kitabələr haqqında M. Hartmanın tərtib etdiyi və Y. Yakobstalın əsərinə əlavə edilmiş oçerkdə də medalyonların adı çəkilmir. 1939–1940–cı illərdə abidənin daha dəqiq tədqiqi ilk dəfə medalyonların fotoşəkillərini çəkməyə imkan vermişdir.

Tanınmış epiqrafçı Ə. Ələsgərzadə də medalyonların kitabələrini oxumağa cəhd etmişdir: "Girdə günbəzin daxili səthində dörd iri medalyon var. Bu medalyonlar günbəzin şimal-şərq, cənub-şərq, cənub-qərb və şimal-qərb tərəflərində yerləşdirilmiş və daxili ornamentlərlə doldurulmuşdur. "

1956–cı ildə bərpa işləri ilə əlaqədar olaraq bu medalyonların fotoşəkilləri çəkilmişdir. Bu medalyonların quruluş sxemini memar T. Bağırzadə tərəfndən qrafik surətdə təhlil edilmişdir


Tarix: 29.01.2015 / 16:19 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Atabəylər hökmdarları
loading...