Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aratta dövlətinin ərazisi

Arattanın coğrafi mövqeyi və yerləşdiyi ərazi haqqında müxtəlif fərziyyə və mülahizələr irəli sürülüb. Erməni tarixçiləri XIX əsrdən başlayaraq Aratta sözünü Ayrarat (Ayrorat, daha dəqiqi Ararat) kimi təhrif edərək Ağrı dağı ətrafında (Şərqi Anadoluda) lokalizə etməyə çalışmış və Aratta dövlətinin ən qədim erməni dövləti olduğunu qeyd etmişlər (hər nə qədər ermənilərin (ərmənlər) və ermən tarixinin haylarla yaxından-uzaqdan əlaqəsi olmasa da). Lakin Arattanı təsvir edən qədim qaynaqlardakı təbii-coğrafi şərait və faydalı qazıntı yataqlarının heç biri Şərqi Anadoluda olmadığından ermənilərin bu əsassız iddialarının tarixi saxtalaşdırmaq cəhdindən başqa bir şey olmadığı və heç bir elmi mənbəyə əsaslanmadığı üzə çıxır. Şumer dastanları qiymətli lacivərd daşının Arattadan gətirildiyini qeyd edirlər. Məhz bununla əlaqədar tədqiqatçılar Arattanı lacivərd yataqları olan əraziyə şamil edirlər.

Məlumdur ki, müasir dövrdə Cənubi Amerikada, Baykal yaxınlığında, Bədəxşanda (Əfqanıstan) və Pamirdə lacivərd yataqları var. Buna uyğun olaraq bəzi tədqiqatçılar Arattanı Bədəxşanda lacivərd yatqlarına yaxın bir ərazidə, digərləri isə Şərqın Qərbə gələn yolları yaxınlığında, Xəzərin cənub və cənub-şərqində, Xəzər ilə Urmiya gölü arasında, İranın Kirman əyalətində, Diyala çayının yuxarı axarında Sənəndəc və Kirmanşah dairəsində axtarırdılar. Əslində isə Sənəndəc və Kirmanşah Aratta dövlətinin cənub sərhədlərini təşkil edirdi. Buradan Şimala doğru isə qədim Azərbaycan torpaqları başlayır. Arattanın uzaq Əfqanıstanda və oradan Qərbə doğru uzanan yollar üzərində yerləşdirilməsi qaynaqların məlumatına qətiyyən uyğun gəlmir. Dastanlardan göründüyü kimi Aratta dağlıq ölkə idi, burada lacivərdi əhali özü hasil edirdi. Şumer qasidi bir neçə dəfə bura gəlib qayıdır, Aratta hökmdarı Şumeri işğal etməyə cəhd göstərir və hətta Şumer hökmdarı En-Merkar (əslində "en" rütbədir ad isə "Merkar"dır) buraya səfərə çıxır. Aratta ustaları Şumerə çağırılır, əhalisi isə Şumerlə mal mübadiləsi aparır. Bu mülahizələrin özü də Arattanın Şumerdən uzaqda yerləşməsi fikrini təkzib edir.

Dastanda deyilir ki, Şumer qasidi "Qara dağı" keçdi, beş, altı, yeddi dağı aşdı və Aratta ölkəsinə daxil oldu". Dastandakı Qara dağ İraqdan İrana keçidi təşkil edən indiki Süleymaniyyə ərazisində yerləşən Qaradağ ilə eyniləşdirilir. Süleymaniyyədən isə yol Azərbaycanın cənub torpaqlarına çıxırdı. E.ə. VIII əsrdə Assur hökmdarı II Sarqon (e.ə. 722-705) Mannaya yürüşünü Süleymaniyyə keçidindən başlamışdı. O, yürüşünü belə təsvir etmişdi: "...yeddi dağı çətinliklə aşdım, oradan axan Rappa və Aratta çaylarını gur vaxtı keçdim, Mannanın vilayəti Surikaşa endim". Heç şübhəsiz ki, burada yad edilən yeddi dağ və Aratta dövlətinin adını saxlamış çay dastanda eynilə əks olunmuş coğrafi mühitə tam uyğundur. Sonra e.ə. VIII əsr Urartu hökmdarı I Argişti (e.ə. 786-764) Mannaya yürüşü zamanı Alateye vilayətinə qədər olan ərazini tutmuşdu. Alateye Urmiya gölünün cənub və cənub-şərq ərazilərini əhatə edən vilayətə şamil edilirdi. Aratta və Alateye eyni dağlıq ərazinin müxtəlif dialekt adlarıdır. Hər iki adı əmələ gətirən söz dağ mənasını daşıyır. Beləliklə Şumer qaynaqlarında yad edilən Aratta, eyni adı saxlamış Aratta çayı və Alateye vilayəti Güney Azərbaycanda Urmiya gölünün cənub və cənub-şərq ərazilərinə aid toponimlərdir. Arattanın sərhədləri cənub-şərqdə Zəncana, cənub-qərbdə isə Zəribər gölünə (Sənəndəcin şimalı) kimi çatırmış. Aratta qədim Azərbaycan ərazisinə verilən ilk məlum addır.


Tarix: 06.01.2015 / 19:32 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Aratta
loading...