Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

5ci hissə.
5ci hissə.

(Pərdə)

Məşədi Oruc: (Əlində "Ədalət" qəzeti ləhləyə-ləhləyə girir içəri və ucadan soruşur) Hanı Həsənqulu əmi? (onun dalınca Baxşəli, Hacı Kazım, Mir Bağır ağa, Heydər müəllim və başqaları girirlər içəri, otağa sığışmadıqlarından açıq qapının arxasında qalırlar. Həsənqulu girir içəri, təəccüblə camaata baxır və üzünü onlara tutub soruşur)

Həsənqulu: Nədir ə? Nə vay-noysə salmısız? Nə xəbərdi? Ermənilər yenə əsgərimizi vurublar?

Məşədi Oruc: Əşi onsuz da hər gün bir-iki əsgərimizi vururlar, belə olsaydı dərd yarıydı.

Həsənqulu: Yoxsa müharibəni yenidən başladılar?

Məşədi Oruc: Müharibəni başlasaydılar nə dərdimiz vardı, basıb gözlərini çıxarıb İrəvanadək qovardıq.

Həsənqulu: Ə, bəs nə olub?

Məşədi Oruc: (kövrələ-kövrələ) Həsənqulu əmi, İtqapanın qaytarılması söhbəti yalandı. (İsgəndər şaqqanaq çəkib gülür və Adamların içində gizlənir)...

Həsənqulu: (Məşədi Oruca) Nə sarsaqlayırsan?! Necə yəni yalandı?!

Adamlar: Bəli, bəli yalandı.

Həsənqulu: Ay camaat, Allah xətrinə elə söz danışmayın. Bu boyda yalan olmaz! Ola da bilməz!

Məşədi Oruc: Həsənqulu əmi, vallah belədi. Ala də, al oxu. Mənə inanmırsan inanma, bəs bu boyda qəzetə də inanmırsan?

Həsənqulu: Ə, boş-boş danışma. Nə vaxt qəzetlərdə düz söz oxumusan? Yalanın ən yekəsini elə qəzetlər yazır də!

Məşədi Oruc: Əşi, al oxu də! Öz qardaşın Aqil Abbas yazıb. Ona da inanmırsan?

Baxşəli: (kənara və öz-özünə) Ə, bu nə təhər adamdı, ə?! Həm Brat ilə qardaşlıq edir, həm də Aqil Abbasla.

Həsənqulu: Ə, o boyda kişi mənə o boyda məktub yazıb. Bu boyda kişi durub gəlib qəsəbəmizə, yanında da o boyda dövlət adamı. Axı ağlım kəsmir ki, gözümüzlə gördüyümüz işlərin hamısı yalan çıxsın. Allaha şükür uşaq deyilik, dəli deyilik. O gün bütün televizorlar hamısı demirdi ki, Türkiyə ilə Ermənistan danışıblar, razılaşıblar, nə bilim protokol imzalayıblar ki, ermənilər bir-bir rayonları boşaltsınlar?! Ermənilərin ağızları nədi Türkiyəyə yalan danışsınlar. Qardaşlarımız onların ağızlarını (duruxur, sonra davam edir) Qardaşlarımız onların ağızların cırıb qoyar qulaqlarının dibində.

Məşədi Oruc: Əşi, al oxu də! Demirəm özüyün qardaşın yazıb.

Həsənqulu: Ə, siz hamınız yaxşı bilirsiz ki, Aqil Abbasın Atət-lə arası yoxdu, onlar haqqında ağzına gələni yazır. Bir də axı, o gün elə özü qəzetdə məni muştuluqlamışdı ki, Həsənqulu, gözün aydın Təsye gəlir.

Baxşəli: A kişilər, özümüzü niyə dağa-daşa salırıq ey, gedək Cənab Təsyenin özündən soruşaq.

hamı Birdən: Bəli, bəli. Cənab Təsyenin özündən soruşmaq lazımdı.

Baxşəli: Heydər müəllim, sən yaxşısan, necə də olsa dövlət adamısan. Sən gir, soruş.

Heydər müəllim: Qardaşlar, mənlik deyil. Neçə ildi zorla bir iş tapmışam, deyirsiz o da əlimdən çıxsın. Girin özünüz soruşun də.

Baxşəli: Xeyr, xeyr, mən o qələti eliyə bilmərəm. Qoy Məşədi Oruc soruşsun.

Məşədi Oruc: Mən niyə soruşuram? Qonaq sənindi, get özün də soruş də.

Mir Bağır Ağa: (qabağa yeriyir) Ay camaat, mən bilmirəm burda nə çətin iş var?! Cənab Təsye qurbağa yeyəndi, adam yeyən deyil ha! Mən girib soruşaram.

hamı: Çox yaxşı, çox yaxşı! Allah atana rəhmət eləsin.

Həsənqulu: Mir Bağır ağa, amma sən Allah ehtiyatlı ol. Birdən Cənab Təsyenin xətrinə dəyər, bizdən inciyər.

(Mir Bağır ağa qulaq asmayıb qapını bərk döyür. Cavab verən olmur. Bu vaxt İsgəndər Adamların içindən çıxıb qapını təpik ilə vurub açır, hamı kənara çəkilir. Cənab Təsyenin otağının tamaşaçılar tərəf Pərdəsi açılır. İsgəndər girir içəri. Otaqda Təsyeni masaj edən Bığıburma cavan var)

İsgəndər: Ə, gədə oğlu gədə, hanı Təsye? Hanı Əli bəy-müəllim?

Bığıburma cavan: Gecəynən yığışıb getdilər ki, Bakıdan telefon açıb çağırıblar.

(Adamlar qarışır bir-birinə)

Adamlar Bu nə təhər oldu, ə?

Baxşəli: Allah təpəmə daş salsın, evdə-eşikdə, əlimdə-ovcumda nə vardı hamısını gətirib verdim bu lotulara.

Məşədi kAzım: Məni demirsən?! Ermənilərdən bir təhər qoruyub saxladıqlarımı da bunlar apardı.

Məşədi Oruc: Arvad məni öldürəcək.

İsgəndər: (Təsyenin otağının ortasında dayanıb gülür) Xa, xa, xa!.. Atət-in lotuları! Xa, xa, xa!

(Adamlar yığışır İsgəndərin başına)

İsgəndər: Gəlin, gəlin içəri! Sən də gəl Hacı Kazım. Baxşəli gəl, gəl, utanma. Əvvəl kimin kəndini azad edəcəkdilər? Məşədi Oruc, indi arvada nə cavab verəcəksən? Gəlin! Dədəm hanı? (başını bulaya-bulaya bir-bir hamını süzür). Hə, Atət-in baş lotusu yenə sizə atdı?! İndi növbə mənimdi. İndi mənə qulaq asın! Adamı bir il aldadarlar, üç il aldadarlar, beş il aldadarlar. Görün bu Atət-in, Avropanın lotuları sizi neçə ildi aldadırlar. Bu sizin tarix kitabınızda qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib bu səhifəni görəndə sizi yada salıb deyəcəklər (ucadan), tfu sizin üzünüzə (tüpürür Adamlara tərəf, hamı başını aşağı salır). Bağışlayın də Kefli İsgəndər tərbiyəsizlik edir. Amma indi növbə mənimdi. Siz bunların ayağının altında qurbanlar kəsməklə, ciblərini doldurmaqla elə bilirsiniz Atət-in lotuları Qarabağı ermənilərdən alıb verəcəklər sizə?! Ə, ermənilər heç Beemteni it yerinə qoymurlar, ondakı Atət ola! Ə, bu Atətin, MAtətin boş-boş sözlərinə nə vaxta qədər inanacaqsınız?! Hərəniz əlinizə bir çomaq götürüb ermənilərin üstünə getsəniz, erməni İrəvanacan qaçar! Tfu sizin üzünüzə. (bərkdən tüpürür, yenə hamı başını aşağı salır) Bu sözləri sizə deməklə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm?! Yox! Yox! Bunu bilirəm ki, mən də heç bir şeyəm. Mən bu çöllərin otuyam, kolların kosuyam, ağacların qurduyam. Mən bu dünyada heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb (əlini cibinə atıb bir araq şüşəsi çıxarır) buraları havaya uçurardım. Amma mənim əlimdən elə şeylər gəlməz. Bu araq şüşəsidir. Atət-in lotuları hər dəfə gəlib boş-boş qırıldadanda, mən bu şüşədən araq içirdim ki, dəli olmayım! Yox! Yox! O mənim işim deyil. O igid işidir. Sizintək camaatın igidi də mənimtək olar! Hələ mən heç! İndi görək siz kimsiniz?! Mənim adım Kefli İsgəndərdi, bəs sizin adınızı nə qoyaq? Mən dağları, daşları, quşları, fələkləri, ulduzları şahid çəkib soruşuram, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: "Ölülər!" Və bizdən sonra gələn nəsillər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər: "Ölülər!"

(İsgəndər sonra Təsyeni masaj edən cavanın qolundan tutur və camaatdan soruşur)

İsgəndər: Bu kimin gədəsidir, ə?

(Camaat başını salıb aşağı. İsgəndər araq şüşəsini çəkir başına və boş şüşəni vurur yerə. Yavaş-yavaş Pərdə enir və musiqi kəsilir)


Tarix: 09.06.2015 / 13:14 Müəllif: Aziza Baxılıb: 166 Bölmə: Aqil Abbas - "Ölülər"
loading...