Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Əlili

Məmməd Əli oğlu Əlili. (7 noyabr, 1898, Bakı-13 iyun, 1993) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi (1959).Mündəricat
1 Həyatı
2 Əlavələr
3 Filmoqrafiya
4 Mənbə
5 Həmçinin bax


Həyatı

Yaradıcı, mənalı ömür yaşayanlar yaddaşlarda əbədiləşir, qəlblərdə iz salır. Belə insanlar Tanrının sevdiyi, seçdiyi bəndələrdir. Allahın belə xoşbəxt bəndələrindən biri də Azərbaycanın kino tarixində xüsusi yeri və rolu olan əməkdar incəsənət xadimi Məmməd Əlilidir. Maraqlı, keşməkeşli və mənalı ömür yaşamış Məmməd Əlili İçərişəhərdə, kasıb ailədə doğulmuşdu. Uşaqlığı ağır keçmişdi. Ailənin dolanışığına kömək etmək məqsədilə müxtəlif işlərlə məşğul olardı. Bəlkə də o vaxt Cəfər Cabbarlı ilə tanış olmasaydı, həyatının axarı tamam başqa səmtə yönələrdi. Cəfər Cabbarlı Məmmədin zirək və istedadlı olduğunu fəhmlə duymuş, onu məktəbə cəlb etmişdi. Onların uşaqlıqda başlanan dostluğu sonralar daha da möhkəmlənmişdi.

M.Əlilinin incəsənətə əbədi bağlılığının tarixi "Pusfilm"in Bakıda çəkdiyi "Neft və Milyonlar Səltənətində" filminin tarixindən, yəni 1916-cı ildən başlayır. O vaxt mollaxanada oxuyan Məmməd filmin mollaxana ilə bağlı səhnəsində şagirdlər arasında rola çəkildi. İlk vaxtlar o, teatrda suflyor, truppa müdiri, tamaşa idarəedicisi, rejissor assistenti, rejissor kimi işləmişdi. 1932-ci ildə Moskvada Malı Teatrın yardım heyətində işləyə-işləyə rejissorluq sənətinin sirlərini öyrənib. Özünü bacarıqlı təşkilatçı və xarakter aktyor kimi tanıdan Əlilini Çeçen-İnquş MSSR-ə professional teatr yaratmaq məqsədilə ezam edirlər. Burada da etimadı layiqincə doğruldan Məmmədi Cəfər Cabbarlı Bakıya dəvət edir. O vaxt "Almaz" bədii filmi çəkilirdi və Əlili rejissor asistenti kimi işə başladı. O, Cəfər Cabbarlının bütün tamaşalarının ərsəyə gəlməsində əvəzedilməz rol oynamışdı. Bu işgüzar, çevik, zarafatcıl, gözəl təşkilatçı ilə işləmək hər rejissorun arzusu idi. Hamı bilirdi ki, Əlili olan yerdə hər şey qaydasında olacaq, heç bir kəm-kəsir olmayacaq. O dövrlərdə Azərbaycanda çəkilmiş bütün kinolarda Əlilinin böyük əməyi vardı.

Bu insanda incəsənətə həvəs, məhəbbət o qədər güclü idi ki, bu yolda hətta həyatını təhlükəyə atmaqdan çəkinmirdi. "Dənizi Fəth edənlər" filminin çəkilişləri zamanı yanğının içində bəzi kadrları çəkib və səhnə elə buna görə də çox təbii alınıb. Əlili Neft Daşlarının fəxri vətəndaşı olub. Orada heç kəsə 10 gündən artıq qalmağa icazə verilmirdi, ona isə 9 ay qalmaq nəsib olmuşdu. "Dənizçilər haqda dastan" və "Dənizi Fəth edənlər" filmləri məhz Neft Daşlarında çəkilib.

Əlili öz sənətinin dahisi olan dünya şöhrətli rejissorlar Ç.Q.Sabinski, İ.A.Savçenko, Boris Barnet, İosif Xeyfits, A.Zorxi, Qriqori Aleksandrov, R.Karmen və başqaları ilə işləyərək, öyrənərək elə onlar səviyyəsində bir sənətkara çevrilmişdi. Onu tanıyan, onunla işləyən bütün rejissorlar M.Əlilidən son dərəcə razı qalmış və əməyinə yüksək qiymət vermişlər. Onun Azərbaycanın əməkdar incəsənət xadimi adını almasında R.Karmenin xüsusi rolu olmuşdu. Müvəffəqiyyətlə çəkdikləri "Dənizçilər haqqında dastan" və "Dənizi Fəth edənlər" filmləri böyük uğur qazanmışdı və bir sıra sənətkarlara buna görə fəxri ad verilmişdi. R.Karmen Əlilinin də adını o siyahıya saldırıb Moskvaya gedir. Eşidir ki, Əlilinin familiyası siyahıdan çıxardılıb. Çox əsəbiləşir və deyir ki, o siyahıda hamıdan çox haqqı olan elə Əlilidir və onun adını bərpa elətdirməyə nail olur. Deyilənə görə, Əlili familiyasına görə ona ad vermək istəmirmişlər. Bu familiyaya görə 1937-ci ildə də başı çox ağrımışdı. Məmməd Əlili halal bir ömür yaşadı və bu, mənən hələ də davam edir. Xalqına bəxş etdiyi sənət əsərləri bu həyatı əbədiliyə aparır. Ömür ötən illər deyil, yaradılan, yazılan, yadda qalan əməllərdir.

Əlavələr
95 yaşında ömrünü sona çatdıran Məmməd Əlili uzun illər Azərbaycan kinosunun canlı ensiklopediyası idi.
Aktyor Qorxmaz Əlilinin atasıdır.
Aktyor Məmməd Əlili (II)nin babasıdır.

Filmoqrafiya
Arşın mal alan (film, 1917)
Arşın mal alan (film, 1965)
Babək (film, 1979)
Bakılılar (film, 1938)
Bakının işıqları (film, 1950)
Bəxtiyar (film, 1942)
Bəxtiyar (film, 1955)
Bir məhəllədən iki nəfər (film, 1957)
Bismillah (film, 1925)
Dağlarda döyüş (film, 1967)
Dəli Kür (film, 1969)
Dənizi fəth edənlər (film, 1959)
Doğma xalqıma (film, 1954)
Fətəli xan (film, 1947)
Gənc qadının kişisi (film, 1988)
Xəzər neftçiləri haqqında dastan (film, 1953)
Xoşbəxtlik qayğıları (film, 1976)
Kəndlilər (film, 1939)
Koroğlu (film, 1960)
Qətl günü (film, 1990)
Qız qalası (film, 1924)
Leyli və Məcnun (film, 1961)
Mavi dənizin sahilində (film, 1936)
Möcüzələr adası (film, 1963)
Neft və milyonlar səltənətində (film, 1916)
Nəsimi (1973)
Nəvəmin nəvəsinin nəvəsi (film, 1985)
Ögey ana (film, 1958)
Sovqat (film, 1942)
Ulduzlar sönmür (film, 1971)
Üzeyir ömrü (film, 1981)
Vah!.. (film, 1980)
Yeni horizont (film, 1940)


Tarix: 03.02.2013 / 17:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 639 Bölmə: Aktyorlar
loading...