Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lətif Səfərov

Lətif Bəşir oğlu Səfərov (30 sentyabr, 1920, Şuşa-9 dekabr, 1963, Bakı) — azərbaycanlı aktyor, rejissor, ssenari müəllifi, Azərbaycanın əməkdar incəsənət xadimi (1960)Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Xarici keçidlər
5 Həmçinin bax


Həyatı

Güllə səsi qonşuları da oyatmışdı. Çoxları elə bilmişdi ki, nəsə partlayış olub. Lakin bir azdan hər şey aydın oldu. Kinorejissor Lətif Səfərov özünə qəsd etmişdi. 1963-cü il dekabrın 9-u idi. İliklərə işləyən soyuq adamlardakı həyəcana bir sərt ovqat da gətirmişdi. Onlar təəccüblə bir-birinə baxıb çiyinlərini çəkirdilər.

Lətif Səfərovun üzərində işlədiyi "Möcüzələr Adası" filminin redaktoru Nataliya Şneyer həmin günü belə xatırlayırdı: "Lətif qüvvəsindən, imkanından artıq yaşamağa və işləməyə can atırdı, əsəbləri tarıma çəkilmişdi... O xəstəydi (həqiqətən bir gün əvvəl titrətmə və qızdırması vardı), daxilən tənhaydı, didişmələrdən, yaradıcılıq uğursuzluqlarından yorulmuş, üzülmüşdü.Yenicə çəkməyə hazırlaşdığı "Möcüzələr Adası" filminin redaktoru idim. Dekabrın 9-da səhər saat 10-da kinostudiyada görüşməliydik. Lakin adətinin xilafına olaraq gecikirdi. Sonra eşitdik ki, Lətif özünə qəsd edib". Dəhşətli hadisə idi. O vaxt ziyalı ictimaiyyətində anlaşılmazlıq yaranmışdı. Çoxları bu müəmmalı intiharın səbəbini öyrənmək üçün canfəşanlıq da edirdi. Əslən Şuşalı idi. Lətif Bəşir oğlu Səfərov 1920-ci il sentyabrın 30-da doğulub. 7 yaşında ikən rejissor Leo Murun "Gilan Qızı" ("Tunc ay") filmində çəkilib. Sonra yaradıcı heyətlə Bakıya gələn balaca Lətif studiyada ştata da qəbul olunub. 1928—1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə Yol", "Qızıl Kol" filmlərində uşaq rollarında oynayıb. Ancaq sonradan xəstələnən Ləiif Bərdəyə gəlib. Nəhayət, 1931-ci ildə Gəncə Pedaqoji texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb.

Lətif Səfərov 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil oldu. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrəndi. Müharibənin başlaması ona təhsilini davam etdirmək imkanı vermədi, Bərdəyə qayıtdı və 1941-1946-cı illərdə burada müəllimliklə məşğul oldu. 1946-cı ildə Moskvaya qayıdan gənc Lətif təhsilini davam etdirdi. 1950-ci ildə təhsilini başa vurub professional sənətkar kimi Bakıya döndü, kinostudiyada fəaliyyətə başladı. O vaxta kimi bizim filmlərə Rusiyanın, Gürcüstanın rejissorları quruluş verirdilər. Lətif Səfərov Azərbaycan kinosuna peşəkar kinorejissor kimi gəldi və bir çox qiymətli filmlər yaratdı.

Cürətli insan idi Lətif Səfərov. 1952-ci ildə Moskvada keçirilən kino işçilərinin Ümumittifaq müşavirəsində əsl mənada qəhrəmanlıq göstərdi. Müşavirədəki çıxışından bəzi məqamları diqqətinizə çatdırmaq istərdik. "...Biz tələbə skamyası arxasında yanaşı oturmamışıqmı? Niyə bir parasının başdan-binadan hər şeyi var, o birisinin yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara necə izah edək? Onların gözünün içinə necə baxaq? Bizim nəhayət, soruşmağa haqqımız varmı, hamı üçün eyni cür şərait nə vaxt olacaq, nə vaxt?" Bu çıxış, bəlkə də, Lətifin gələcək taleyinə ilk zərbə idi. Ancaq o qorxmadan danışdı, sözünü dedi və əyalət adından danışan bu gənc kinematoqrafçı öz üzərinə ciddi məsuliyyət götürdü.

Böyük sənətə doğru inamla irəliləyən gənc rejissor müəyyən maneələrlə rastlaşsa da, 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verdi. 1955-ci ildə ona "Sevimli Mahnı" ("Bəxtiyar") filmini çəkmək həvalə olundu. Bu lentlə o, böyük kinoda ilk filmini yaratdı. Azərbaycanı, onun incəsənətini çox sevirdi Lətif. Ssenarini ruslar yazmışdı (Boris Laskin və Nikolay Rojkov). Amma ssenari nə qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınmışdı. O, baş rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət olunmasını tələb edirdi. Rəşid Behbudovun "Arşın Mal Alan" filmindəki uğuru onun özünü də kinoya bağlamışdı. Beləliklə, Rəşid Behbudov bu filmilə özünün yeni bir ekran triumfunu etmiş oldu. "Bəxtiyar" filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunəsi oldu. Tofiq Quliyevin ürək oxşayan musiqisi bizim kinomuzda bir növ yeni ovqat yaratdı. Filmdəki "Zibeydə", "Qızıl Üzük", "Bakı" mahnıları dillər əzbəri oldu. Rejissor bu filmdə həm də çox maraqlı bir aktyor ansamblı yarada bilmişdi. Rəşid Behbudovla yanaşı milli aktyor sənətimizin nəhəng simalarından olan Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli və digərlərinin oyunu filmin ümumi ahənginə xüsusi təsir göstərmişdi.

Lətif (film, 1930) filmindən kadr. Lətif Səfərov Lətif rolunda.

"Qızmar Günəş Altında", "Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bildi. Kinematoqrafçılar İttifaqının sədri nələri istəyirdi? Əslində çox şeylər barədə düşünürdü. 1958-ci ildə ona etimad göstərib Respublika Kinematoqrafçılar İttifaqının sədri seçdilər. O, kinonu qaldırmaq istəyirdi. Tələbləri də qəti və dönməz idi: "Yaradıcı adam indi ya kinematoqrafiyadan getməli, ya da nəyi isə partlatmalıdır. Kinematoqrafçı kinodan uzaqlaşa bilməz. Kino onun həyatıdır". Bu sözləri rejissor 1961-ci ildə söyləmişdi. Həmin il Kinematoqrafçılar İttifaqının müşavirəsində daha kəskin nitq söylədi. Açıq-aşkar deyirdi: "Adamlarla həqiqət dilində danışmaq lazımdır. Yalan cana doyurub-o dəqiqə onu hiss edirlər. Xalqa çox uzun müddət və üzəyarı yalan danışıblar".

"Koroğlu" filmi üzərində böyük əziyyətlə işlədi. Çünki studiyanın imkanları çox məhdud idi. Texnika sarıdan çətinliklər vardı. Elə müşavirələrdən birində də deyirdi ki, "Bakı kinostudiyasında heç nə yoxdur". Amma Lətif Səfərov bu çətinliklərə baxmayaraq işləyirdi. Axı, bütün canı, qanı ilə ömrünü kinematoqrafa bağlamışdı. Kino haqqında danışanda böyük yanğı ilə deyirdi: "Axı bu da yaradıcılıqdır, kollektiv — ağacdan, dəmirdən, atdan, dəvədən, nəhayət, havadan asılı yaradıcılıqdır. Quruluşçu rejissoru divara dirəmək lazım deyil ki, o da axırda gücdən düşsün, əlini yelləsin". Beləcə, bütün yaradıcı ömrünü kinonun inkişafı uğrunda mübarizəyə həsr etdi. Çoxlarını da özündən narazı salırdı. Çünki ətrafındakılara bu cür tələbkarlıq lazım deyildi.

Bu böyük sənətkarın tale ağrıları haqqında çox yazılsa da, onun intiharının səbəbləri hələ də sirr olaraq qalır. Əlbəttə, gümanlar, şübhələr çoxdur. Amma o gecənin təfsilatları barədə müəyyən məqamlara aydınlıq gətirilmişdir. Jurnalist Nəriman Əbdürrəhmanlı "Şimşəklər kimi" məqaləsində bu müdhiş hadisəyə münasibət bildirmişdir: "dekabrın 9-u saat 2 radələriydi...Güllə səsiylə hər şey bitdi. ...Səhəri qonşulardan kimsə güllə səsini şimşək çaxmasına oxşatdığını demişdi. Deyəsən, yanılmamışdı...Lətif Səfərov kinoya şimşək kimi çaxıb gəlmişdi, şimşək kimi çaxıb getdi".

Həmin il o Kinematoqrafçılar İttifaqının katibliyindən çıxarılmışdı. Son narazılıqlar da 1963-cü ilin yanvarında keçirilən Kinematoqrafçılar İttifaqının qurultayından başlamışdı. Və belə nəticələndi.

Rejissor öz sənət dostlarını bir olmağa çağırırdı: "Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik". Əfsus ki, Lətif Səfərov çox arzularını ürəyində apardı. Bizə isə onun gözəl filmləri yadigar qaldı.
7 yaşından filmlərə çəkilmişdir
Ov tüfəngi ilə intihar etmişdir.
Müğənni Şövkət Ələkbərovanın həyat yoldaşı olmuşdur
"Möcüzələr Adası" filmini çəkmək üzrə idi.

Filmoqrafiya
Almaz (film, 1936)
Azərbaycan sərhədçiləri (film, 1951)
Bakı və bakılılar (film, 1958)
Bakılılar (film, 1938)
Bərəkətli torpaq (film, 1954)
Bəxtiyar (film, 1955)
Çağırışa cavab (film, 1947)
Gədəbəyin sərvəti (film, 1950)
Gənc Leninçilər (film, 1951)
Gilan qızı (film, 1928)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
İyirminci bahar (film, 1940)
Kəndlilər (film, 1939)
Qızıl kol (film, 1930)
Qızmar günəş altında (film, 1957)
Quba bağlarında (film, 1953)
Leyli və Məcnun (film, 1961)
Lətif (film, 1930)
Ordenli Azərbaycan (film, 1938)
Sevil (film, 1929)
Şərqə doğru (film, 1930)
Şimşəklər kimi (film, 2003)
Yeni həyat qurucuları (film, 1949)
Yeni horizont (film, 1940)


Tarix: 02.02.2013 / 14:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 587 Bölmə: Aktyorlar
loading...