Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Novruzov MəmmədhüseynDağlar...

Dağlar...

Gəlib çıxdım oylağıma,
Aç qoynunu, ana dağlar.
«Hacı Qurban» yaylağıma,
Yetişdim qurbana, dağlar.

Qürbət eldə çox dolandım,
Axşam-səhər adın andım.
Səni gördüm qubarlandım,
San gəlmişəm cana, dağlar.

Yazın, yayın bir cənnətdi,
Bu ellərə şan-şövkətdi.
Bəzənibsən xoş adətdi,
Yenə yaşıl dona, dağlar.

Lalə, nərgiz, tər bənövşə,
Əsirgəmə dər bənövşə.
«Buz bulağ»ın düşüb işə,
El gəlir mehmana, dağlar.

Sinən üstə maral gəzər,
Ceyran qaçar, cüyür süzər.
Məmmədhüseyn özü düzər,
Səni min dastana, dağlar. Ardı »

Novruzov MəmmədhüseynÜçün

Üçün

Üfürməklə şam söndürmək asandı,
Kəramətin varmı qalamaq üçün?
Gül kimi ətir saç, təravətli ol,
Yaşama tikan tək, dalamaq üçün.

Eşit gör nə deyir yaxınım-yadım,
Şər ilə, şeytanla çəkilmir adım.
Mən elə dost dedim, dost soraqladım,
Qollarım boynuna, dolamaq üçün.

Bəzi haqqı danır görürsən birdən,
Bəzi baş çıxardır yüz cürə sirdən.
Axmaq zinyət verir özünə zərdən,
Yaltaq quyruq taxır, bulamaq üçün.

İrişir üzünə, arxadan vurur,
Gəzir el içində şah kimi durur.
Yüz əməl işlədir, min kələk qurur,
Yaxşını yamana calamaq üçün.

Tox olan aclığı bəyan eyləməz,
Heç kəsə söz deməz, əyan eyləməz.
Acgöz tox olsa da, toxam söyləməz,
Gözü sini gəzər, yalamaq üçün.

Məmmədhüseyn deyər, eşidin barı,
Dünyada qalacaq dünyanın varı.
Qartal qanad çalar zirvəyə sarı,
Bayquş viran gəzər, ulamaq üçün. Ardı »

Novruzov MəmmədhüseynGörünür

Görünür

Qara qaşlım sağın dolan,
Qoynunda narın görünür.
Tökülübdü dal gərdənə,
Zülfü şahmarın görünür.

Qönçə tək açmış yanağın,
Baldan şirin dil-dodağın.
Ay bənövşə, yetkin çağın,
Bağçada barın görünür.

Məmmədhüseyn üz aşiqi,
Şirin-şirin söz aşiqi.
Sən tək növrəs qız aşiqi,
Qarşıda yarın görünür. Ardı »

Novruzov MəmmədhüseynDama - dama

Dama - dama

Ruzinə kəm baxma, naşükür bəndə,
Göl olar deyiblər, a dama-dama.
Aşıq, adam adama,
Gərəkdir dam adama.
Yar ərişdi qəlbimə,
Gəzdim qan dama-dama.
Namərdə tövlə də qıyılan deyil,
Yaraşar cəvahir, ləl, dam adama.

Vaxt var idi, ay da məndim, gün də mən,
Hər anından cəh-calalı gül daman.
Aşıqam, bu gündə mən,
Can eşidən gündə mən.
Dost yolunda bölündüm,
Oldum kündə-kündə mən.
Bir kəsə qıymadım yandım gündə mən,
Həsrət qaldım axır bir dama, dama.

Məmmədhüseyn, işi düşdü çapara,
Tez yetir naməni yara, çapar, a...
Mən aşiqəm, çapara,
Düzəldildi çəp ara.
Yaltağı yaxın qoyma,
Arxanca hey çapar, a...
Yaxşı dostu dağı-daşı çap, ara,
Yorulmaz, arıyar hey dama-dama. Ardı »

Novruzov MəmmədhüseynMənim

Mənim

Ay ağalar, nə bəlalı qul oldum,
Tapılmır dərdimə dəvalar mənim.
Fitnəkar kəslərin hökmü ucundan,
Yığışır sinəmə yaralar mənim.

Baş götürüb çıxdım Göyçə elindən,
Yağı düşmən oynamasın yerindən.
Ay ellər, düşmüşəm haqq nəzərindən,
Gəlibdir başıma bəlalar mənim.

Şikəstə könlümün gözləri nəmli,
Sinəm dərdli, həm qəmli, həm vərəmli.
Bir mirzə istər ki, əli qələmli,
Mən deyəm dərdimi yazalar mənim.

Məmmədhüseyn, dünya fanıdır fanı,
Taxtından endirdi çox Süleymanı.
Haraya çağırdım Şahi-Mərdanı,
Yetişsin dadıma ağalar mənim. Ardı »

Novruzov MəmmədhüseynOlmasa

Olmasa

Bəzirganlar yük bağlamaz, gər xiridar olmasa,
Naməşhur qalmaz dünyada, zatında zad olmasa.
Səng ilə xanə yapasan, bir biyaban səhrada,
Tapasan qəflət yuxusun əgər şahmar olmasa.

İki mələk müqərrərdi, baxıb əməlin yaza,
Onlar əməlinə baxıb, sənə verərlər cəza.
O gündə nə eyləsin Məhəmmədən Mustafa,
Məhşəri görmək çətindi, əldə tutar olmasa.

Məmmədhüseyn ölməklə bu dünya xalı olmaz,
Dərdin demə dərdbilməzə, dərdindən halı olmaz,
Bu vergi haqq vergisidi, kimsəyə çalı olmaz,
Cəhd eyləmək bica şeydi, bəxtində var olmasa. Ardı »

Novruzov MəmmədhüseynOyanmaz

Oyanmaz

Yönü bəri duran dağlar,
Yatıb oyanmaz, oyanmaz.
Üstündəki ağır ellər,
Yatıb oyanmaz, oyanmaz.

Gəldim yarın xanasına,
Laçın qonmaz binəsinə.
Əlim qoydum sinəsinə,
Yatıb oyanmaz, oyanmaz.

Qurbanam qələm-qaşına,
Gör nələr gəldi başıma.
Səs verrəm dostum guşuna,
Yatıb oyanmaz, oyanmaz.

Yarım yaman yatmış idi,
Müşk-ənbərə batmış idi.
Ürbəndini atmış idi,
Yatıb oyanmaz, oyanmaz.

İgidin dönməsin əhdi,
Yana çevirməsin təxti.
Məmmədhüseynin qara bəxti,
Yatıb oyanmaz, oyanmaz. Ardı »

Novruzov MəmmədhüseynYaxşıdır

Yaxşıdır

Təşrif qılıb bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Dindirsələr həqiqətdən ver xəbər,
Görən desin nə maşallah yaxşıdır.

Suvar ollam yaxşı ata yerində,
Kamandar oxunu ata yerində.
Yaman oğul yaxşı ata yerində,
Qaldığından qalmadığı yaxşıdır.

Məmmədhüseyn deyər, az ələ düşər,
Uçar könlüm quşu az ələ düşər.
Arayıb axtarsan az ələ düşər,
Yaxşı gövhər, yaxşı inci, yaxşı dür. Ardı »