Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazda səhv edərkən nə etməli? Səhv səcdəsi

Namazın bəzi əməllərini yerinə yetirərkən səhv etmişəm. Bu halda nə etməliyəm? Qıldığım namaz batil olubmu?

Namaz əməllərində edilmiş səhvlərin hökmü əksər hallarda səhv edilmiş əməlin rükn olub-olmamasından asılı olaraq dəyişir. Namaz əməllərindən bir neçəsi şəriətdə «rükn» adlandırılır. Rükn – dayaq, dirək deməkdir. Ərəb dilində çadırı saxlayan əsas dirəklərə, evin formasını müəyyən edən künclərə də rükn deyirlər. Rükn elə əməllərə deyilir ki, onlarsız namaz qılmaq mümkün deyil; həm də bunlar mütləq şəriətdə nəzərdə tutulmuş sayda və xüsusiyyətdə icra edilməlidir. Rüknü yerinə yetirməmək (istər qəsdən, istər bilməyərəkdən, istərsə də unutqanlıq üzündən), rüknü düzgün yerinə yetirməmək, rüknün sayını bilməyərəkdən və ya qəsdən azaldıb-çoxaltmaq namazı batil edər. Məsələn, insan bir rükətdə iki dəfə rüku etsə, yaxud qıldığı namazın deyil, başqa namazın niyyətini etsə, ya da iki səcdəni unudub yerinə yetirməsə, namazı batil sayılır və həmin namazı qəza etməlidir. Cəfəri məzhəbində namazın rüknlərinin sayı 5-dir: niyyət, təkbirətül-ehram (namaza başlayarkən deyilən «Allahü əkbər» cümləsi), rükudan əvvəl (yəni qiraət halında) ayaq üstə durmaq, rüku və iki səcdə. Əhli-sünnə məzhəblərində rüknlərin sayı fərqlidir. Məsələn, hənəfi məzhəbində 12, şafiilikdə 13, hənbəli məzhəbində 14, maiki məzhəbində isə 15 əməl rükndür.
Namazın rükndən başqa əməllərində səhvə yol yerən şəxsin hökmü həmin səhvdən asılı olaraq şəriətdə müxtəlif cür dəyərləndirilib. Bu səhvlərin bəzisinə etina edilməməli, bəzisi dərhal öz yerində düzəldilməli, bəzisinə görə isə namazdan sonra səhv səcdəsi edilməlidir. Məsələn, namazın sözlərindən hər hansı birini səhv deyən adam öz səhvini eşidib anlamışsa, dərhal yerində onu düzəltməlidir, yəni səhv dediyi sözü təzədən düzgün şəkildə deməlidir. Hətta namaz zamanı oxuduğu surəni yaddan çıxartsa və heç cür xatırlaya bilməsə, həmin yerdə surəni yarımçıq qoyub, əzbər bildiyi başqa bir surəni oxumalıdır. Bunun üçün əlavə heç nə etmək tələb olunmur.

Qiraətdə səhv.
Əgər insan Fatihə və sonrakı surədə hər hansı sözü düzgün dediyini düşünürsə, amma namazı qılıb qurtardıqdan sonra o sözü səhv dediyini başa düşsə (kitabdan oxumaqla və ya onu müşahidə edən bir adamın tənqidi nəticəsində), bu halda namazı düzgündür, amma növbəti namazlarda həmin sözü düzgün deməlidir. Bununla belə, alimlər təkid edirlər ki, insan namazın sözlərini və əməllərini diqqətlə öyrənməlidir. Əgər səhlənkarlıq üzündən bunlara diqqət yetirməsə, səhv qıldığı namazlar düzgün sayılmayacaq.

Rüku və səcdədə səhv.
Əgər rüku halında zikri deyib qurtarmadan səhvən rükudan qalxsa, namazı düzgündür (səhvən ikinci dəfə rükuya getsə – rükn olduğu üçün – namazı batil olar). Eləcə də, səcdə halında əgər zikri deməyi unutsa, yaxud zikri tam demədən səcdədən qalxsa, yenə namazı düzgün sayılar. Səcdə halında səhvən alından başqa səcdə yerlərini yerə qoymasa, yenə səcdəsi düzgündür. Amma əgər alnını yerə qoymasa (istər səhvən, istərsə də qəsdən) və bunu düzəltmədən səcdədən qalxsa, sonra səhv etdiyini anlasa, səcdə etməmiş sayılacaq. Əgər namazdan sonra bunu anlasa, rükn olan iki səcdəni etmədiyi üçün namaz batil hökmundədir. Hər halda, əgər rükudan və səcdədən çıxmadıqca (yəni duruşu hələ rüku və səcdə sayılırsa) səhv etdiyini anlasa, səhvini düzəltməli, sonra növbəti əmələ keçməlidir.
Əgər insan, üzərinə səcdə edilməsi batil olan bir şeyin üzərinə səhvən səcdə etsə, səcdədən qalxdıqdan və ya namazı bitirdikdən sonra səhvini anlasa, namazı düzgün sayılır.
Səcdənin birini etməyi yadından çıxaran şəxs səhv səcdəsi yerinə yetirməlidir (səhv səcdəsi haqqında bir qədər sonra məlumat veriləcək).

Təşəhhüddə və salamda səhv.
Namazın ikinci rükətində təşəhhüd söyləməyi unutmuş şəxs əgər üçüncü rükət üçün ayağa qalxdıqdan sonra bunu yadına salsa, oturub təşəhhüd oxumalı, sonra ayağa qalxıb üçüncü rükəti qılmalıdır; namazı qılıb qurtarandan sonra yersiz ayağa qalxdığı üçün səhv səcdəsi etməlidir. Əgər üçüncü rükətin qiraətində bunu xatırlasa, qiraəti başa vurub oturmalı, təşəhhüdü söyləməli, sonra ayağa qalxıb üçüncü rükəti rükudan başlamalıdır. Namazdan sonra isə yersiz qalxdığına görə səhv səcdəsi etməlidir. Əgər təşəhhüd söyləmədiyini üçüncü rükətin rükusunda və ya bundan sonra yadına salsa, namazını qılıb qurtarmalı, sonra təşəhhüdü qəza niyyətilə söyləməli, daha sonra isə səhv səcdəsi etməlidir.
Əgər namazın axırında salam söyləməyi unutsa, namazı pozan hər hansı əməli etməyincə bunu xatırlasa, salamı söyləməlidir. Əgər namazı pozan hər hansı əməli edibsə, bu halda namazı düzgün sayılır və heç nə etməsi tələb olunmur.

Səhv səcdəsi.
Səhv səcdəsi aşağıdakı hallarda yerinə yetirilir:
1. Namaz zamanı bilməyərəkdən namazın sözlərindən başqa bir söz söyləyəndə. Əgər söz qəsdən deyilərsə, namaz batil olar. Ah çəkmək, asqırmaq, öskürmək, gəyirmək namazı batil etməz. Amma bu zaman hərf halında «ah», «of», «uf» kimi səslər deyilərsə, qəsdən deyildiyi halda – namaz batil olar, bilməyərəkdən olarsa – səhv səcdəsi edilər. Namazın sözünü çaşıb düz deməyən adam onu düzgün şəkildə təkrar etsə, səhv səcdəsi lazım deyil.
2. Namazın rükn olmayan hər hansı əməlini bilməyərəkdən azaldıb-çoxaldanda (məsələn, səcdələrin birini unudanda; diqqət yetirin ki, iki səcdə birlikdə rükn sayılır).
3. Təşəhhüdü unudanda.
4. Lazım olmayan yerdə namazın salamını deyəndə.
5. Dörd rükətlik namaz qılan insan ikinci səcdəni yerinə yetirərkən dördüncü yoxsa beşinci rükətdə olduğuna şəkk etsə (yəni namazın axırıncı rükətində olduğuna, yoxsa əlavə daha bir rükət qıldığına aid şəkkə düşsə).
Cəfəri məzhəbinə görə, səhv səcdəsi namazı tamam qılıb qurtardıqdan sonra salamların ardınca, qiblədən dönmədən yerinə yetirilməlidir. Bunun üçün əvvəlcə nəyə görə səhv səcdəsi edildiyi barədə niyyət olunur. Sonra səcdəyə gedib bu zikr deyilir: «Bismillahi və billah. Əssəlamü əleykə eyyühən-nəbiyyü və rəhmətullahi və bərəkatüh». Səcdədən qalxıb diz üstə oturmaq və ikinci dəfə səcdəyə gedib həmin zikri demək lazımdır. Axırda təşəhhüd və salam deyilir.
Əhli-sünnə məzhəblərindən hənəfilikdə camaat namazının sonunda yalnız sağ tərəfə salam verdikdən sonra, təkbaşına qılınan namazda isə hər iki tərəfə salam verdikdən sonra bir cüt səhv səcdəsi edilir, ardınca təşəhhüd və salam deyilir. Qalan üç əhli-sünnə məzhəbində namazın salamlarını verməzdən əvvəl səhv səcdələrini etmək buyurulur.


Tarix: 21.11.2012 / 23:30 Müəllif: [Ram] Baxılıb: 1534 Bölmə: Ən çox verilən suallara cavablar
loading...