Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atropatidlər.

Atropatın varisləri də çarlığın banisinin ənənəsini davam etdirərək, yunan-makedoniyalıların ölkəyə soxulmasına "yol vermirdilər", hər halda mane olurdular. Yeri gəlmişkən, deyək ki, bu, Atropatenanın tarixinə dair yazılı qaynaqların yox dərəcəsində olmasının əsas səbəblərindəndir.

Lakin heç bir şeyə baxmayaraq, Hellinizm hər halda Kiçik Madaya da nüfuz edirdi. Burada Hellinizm ayinləri aşılanır, sinkretik allahların (yunan-İran allahlarının), xüsusən Herakl-Veretraqnanın (?) ibadətgahları tikilirdi. Kerefto dağlarından bir yunan kitabəsi tapılmışdır ki, o kitabə hardasa Beotiyada da, Arkadiyada da, yaxud hər hansı başqa bir yunan vilayətində də ola bilərdi. Aşkara çıxarılmış məşhur avroman perqamentləri yunan dilinin, yazısının və hüquq normalarının Mada-Atropatenaya, hətta onun kənd rayonlarına da çox dərin nüfuz etdiyini göstərir. Bu dövr Yeni Mada çarlığının möhkəmlənməsi və onun sərhədlərinin genişlənməsi ilə səciyyələnir. Qonşu vilayətlərdəki yunan-makedoniyalılar kimi, Atropatidlər də geniş şəhərsalma işlərinə başlamışdılar. Atropatenanın antik ənənə ilə salınan bir neçə şəhəri haqqında məlumatımız vardır. Bunlar Qazaka, Fanaspa, Fraaspa, Aqanzana şəhərləri və Atropatena ərazisində tapılmış bir neçə qədim yaşayış yeri, o cümlədən Mil düzündəki Təzəkənd yaşayış yeridir. Qədim adlarını bilmədiyimiz, lakin ümumən antik dövrə aid olan bir neçə başqa abidə də məlumdur.

Atropatena çarları özlərinin siyasi və iqtisadi mövqelərini möhkəmləndirərək Suriya, erməni və Parfiya padşahları ilə qohum olurdular. Onların müttəfiqlik və dostluq əlaqələri, çox güman ki, uzaq şimala – albanlara, sakesinlərə və müasir Azərbaycan Respublikası ərazisində yaşamış digər tayfalara qədər gedib çatırdı.

Atropatdan və onun zamanındakı hadisələrdən sonra yazılı qaynaqda Atropatenanın adı ilk dəfə e.ə. III əsrin iyirminci illərində çəkilir. Söhbət Polibinin əsərinin bir parçasından gedir.

E.ə. III əsrin 20-ci illərində Atropatena taxt-tacında biz Arazın yalnız cənubunda deyil, şimalında da çox geniş əraziyə malik olan "ən qüdrətli və ən müdrik hökmdarı", "atropatilər və onlarla həmsərhəd xalqlar üzərində" [Polibi] hökmranlıq edən Artabazanı görürük. Polibinin dediyinə görə, Artabazanın dövləti Kaspi dənizindən Rioni çayının yuxarılarınadək uzanırdı; beləliklə, Ermənistanı və İberiyanı da, hər halda onların müəyyən bir hissəsini əhatə edirdi. Bu vilayət, yunan müəllifinin (Polibinin) təsdiq etdiyinə görə, "...Midiya ilə yanaşı olub ondan dar silsiləsi ilə ayrılır, onun bəzi hissələri Fasisdən (Rionidən – İqrar Əliyev) yuxarıdakı yerlərdə Pontun (Qara dənizin – İqrar Əliyev) üzərində yüksəlir; digər tərəfdən o, Hirkan (Kaspi – İqrar Əliyev) dənizinə qədər çatır. Vilayətdə əsasən at belində vuruşan və müharibə üçün daha nə lazımdırsa hamısına kifayət qədər malik olan güclü bir xalq yaşayır". Gürcü mənbələrinə görə, e.ə. III əsr Kartli (İber) çarlığı tarixində "fars" elementlərinin (bu adın altında Atropatena midiyalılarını düşünmək lazımdır – İqrar Əliyev) üstünlüyü dövrü olmuşdur. Məhz bu zaman Atropatena ilə Ermənistan arasında sıx siyasi, mədəni və digər əlaqələr yaranır. Bu dövrün erməni əyanları arasında anadangəlmə atropatenalılar az deyildi. Atropatena və erməni kübarları arasında nikah əlaqələri isə adi hal idi. Ermənistanla münasibətlər heç də həmişə rəvan olmurdu. Dostluq, nikah əlaqələrini, ənənəvi mədəni-iqtisadi təmasları bir çox hallarda açıq düşmənçilik, bəzən hərbi toqquşmalar dərəcəsinə çatan düşmənçilik əvəz edirdi. E.ə. III əsrin sonu II əsrin əvvəlində məhz belə olmuşdu. O zaman şiddətli çarpışmalar nəticəsində Ermənistan taxt-tacına nəinki Atropatena dairələri ilə sıx əlaqə saxlayan, hətta bəlkə də özü madalı olan Artaşes yiyələnmişdi. Moisey Xorenli hər halda Artaşesi açıq-aşkar "madalı" adlandırır.


Tarix: 29.01.2015 / 16:30 Müəllif: Feriska Baxılıb: 189 Bölmə: Ümumi
loading...