Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar - Sosial bölgü

Şirvanşahlar dövlətində sosial münasibətlər, sinfi mübarizələri və şəhər quruluşunu öyrənmək baxımından yazılı mənbələrin verdiyi məlumatlar dağınıq və cüzidır. Bu boşluğu, əsasən, Bakı və Abşeronda, Şamaxıda, Dərbənddə və Şirvanın digər şəhər və yaşayış yerlərindəki çoxlu memarlıq abidələrindəki daş kitabələr, habelə həmin dövr Şirvan hakimlərinə məxsus numizmatik məlumatlar doldurur. XI-XIV əsrlərə aid narrativ mənbələrdə, XII əsr şairlərinin (Nizami Gəncəvi, Fələki Şirvani, Xaqani və b.) əsərlərində müxtəlif sosial terminlərin, epiqrafik abidələrdə və sikkə legendalarında Şirvanşah, əmir, xaqan, xan, sultan, məlik, vəzir, hacib, sədr, sipahsalar, şeyx, qazi, əlquzat, rəis, amid, amil və s.titul və rütbələrin xatırlanması göstərir ki, həmin dövrdə Şirvanın şəhərlərində inkişaf etmiş feodal cəmiyyətinə məxsus mürəkkəb sosial struktur mövcud olmuşdur. Bu cəmiyyətin əsas sinifləri feodallar, kəndlilər və sənətkarlar idi. Böyük şəhərlərin əhalisi dəqiq şəkildə bir tərəfdən əyanlara və iri tacirlərə, digər tərəfdən isə xırda alverçilərə və sənətkarlara bölünürdü. Hakim feodal təbəqəsinin başında Şirvanşahlar dövlətinin başçısı – Şirvanın paytaxtı Şamaxıda, şəhər zəlzələdən dağıldıqdan sonra isə 1192-ci ildən Bakıda yaşayan Şirvanşah dururdu. Şirvanşah öz dövlətində istər hərbi baxımdan, istərsə də rəiyyət üzərində qeyri-məhdud hakimiyyətə malik idi. O, feodal qayda-qanunlarının rəmzi və dayağı, əmirlərin mərkəzə itaət etməmək cəhdlərinin qarşısını alan qüvvə idi.

XII əsrdə Şirvanşahların Arran ərazisini işğal etməyə çalışan türk və türkmən qoşun başçılarına münasibəti pis idi. Şirvanşah belə hesab edirdi ki, yalnız yerli sülalərdən biri hakimiyyət hüququna malikdir. "Siz Yəzid nəslindən deyilsiniz, nə Rəvvadilərin varisisiniz, nə də Şəddadilərin xələfləri saylırsınız".

Şirvanın feodal zadəganlarının neft quyuları və duz mədənləri, əkin yerləri və bostanları, üzümlükləri, mal-qarası, qəsrləri, evləri, karvansaraları və s.var idi. Dövlətdə və şəhərlərdə ali inzibati hakimiyyət hərbi və yüksək mənsəbli dövlət məmurlarının, ali rütbəli ruhanilərin əlində idi. Şirvanın hərbi əyanları, yerlərdə bütün hərbi və inzibati hakimiyyəti əllərində toplamış hərbi rəislər - əmirlər idi. Əmirlər Şirvanın vilayət, şəhər və kəndlərində hakimilik edir, müdafiə istehkamlarının tikilməsi işlərinə baxırdılar. XI XII əsrin əvvəllərində qoşun rəisinə, sərkərdəyə sahib əl-cəyş (ərəbcə) deyilirdi. Sipəhsalar – hərbi rəis, baş sərkərdə rütbəsi XIII əsrin əvvəllərində də ən yüksək hərbi rütbə idi. Şirvanşah və əmirlərin yanında onların şəxsi mühafizəsi vəzifəsini daşıyan qulamlar olurdu. Onlar Şirvanşahın tapşırığı ilə onun qohumlarını öldürüb, qan intiqamını alır və digər qorxulu tapşırıqları yerinə yetirirdilər.

Şirvanın vəziri - Şirvanşahın iltifatı ilə olsa da, dövlətin tam səlahiyyətli hakimi idi. Vəzirlərin hakimiyyəti, ilk növbədə, məmur təbəqəsinin nümayəndələri üçün bəxşiş mənbəyi idi. Əhalidən vergi yığmaq icazəsini (daman) vəzir verirdi. Bakı qalasındakı Cümə məscidi minarəsinin bünövrə daşındakı farsca kitabəyə görə Şirvanda, ehtimal ki, XI-XII əsrlərdə Şamaxıda, XIII-XIV əsrlərdə isə Bakıda vəzirlər divanı (divan əl-vüzəra) mövcud olmuşdur. Sultan Məhəmməd Olcaytunun (1304-1316) yarlığının mətnindən ibarət olan bu kitabədə Bakıdakı divan xatırlanır.

Şəhər idarəsində məmurlar mühüm vəzifə tuturdular. Məsud ibn Namdar Şirvanda müstövfi - vergilərin mədaxil və məxaricinin uçotunu aparan, şəhərin mədaxil və məxaric dəftərini tərtib edən maliyyəmühasibat idarəsinin məsul məmuru vəzifəsində işləmişdir. O, həmçinin, özünün müşrif - nəzarət məmuru vəzifəsinin də adını çəkir. Onun məktubları arasında Beyləqanın müşrifi vəzifəsinə təyin olunmaq barədə ərizəsi var. Bu məmurun vəzifəsi əhalinin gəliri haqqında məlumat toplamaq idi.

Şəhərlərdə vergi və rüsumları amillər yığırdılar. Qoşunların uçotu və onların məvacibinin ödənilməsi ilə məşğul olan məmur arid adlanırdı. Amidin və şəhər rəisinin yanında katib vəzifəsi də var idi. Feodal şəhər inzibati idarəsinin mühüm simalarından biri şəhərin bazarlarına, ticarət-sənətkarlıq məhəllələrinə, məhsulların keyfiyyətinə, təmizliyə və qayda-qanuna, ölçü və çəki vasitələrindən düzgün istifadə olunmasına nəzarət edən mühtəsib idi. O, polis funksiyasını da - şəhərdə ictimai asayişin qorunması, cinayət işlərini və cinayətkarlığın tədqiqi, sərxoşların və iğtişaşçıların cəzalandırılması - icra edirdi. Mühtəsib, həmçinin, şəhər sakinlərinin Quranın göstərişlərinə və islam dini ayinlərinə riayət etmələrini nəzarətdə saxlayırdı. Şəhnə XI-XII əsrlərdə sultanın hərbi canişin idi. Şəhərdə tikinti işlərinə memar başçılıq edirdi. Bu adı daşıyan sənətkar binanın tikilməsində iştirak edən inşaatçı-sənətkarlar -bənna, mühəndis, sərkar, həkkak və başqaları arasında məsul şəxs olduğundan kitabələrdə də yalnız onun adı çəkilir. Mirab şəhərin su ilə təchiz olunması və onun şəhər sakinləri arasında bölüşdürülməsi ilə məşğul olur, suvarma kanallarının saz olmasına, bulaq və su quyularının təmizliyinə nəzarət edirdi.

Feodal sinfinin digər mühüm qrupunu ali ruhanilər - şeyxülislam, qazı və qazı əl-quzzat, yəni vilayətin əsas şəhərinin qazısı təşkil edirdi. Onlar mülkiyyət hüququnu ləğv edə bilir, şəriət qanunları əsasında məhkəmə icraatını həyata keçirirdilər. Onlar, həmçinin, mirası bölüşdürür, kəbin kəsir və digər müxtəlif mülki işlərlə məşğul olurdular. Vergi yığmaq hüququ verilən şəxsə damin deyilirdi. Vergi yığanın hüququ şəhərin mülki hakiminin vəzifələrinə uyğun gəlirdisə, icarədar hakim amid adlanır və bu vəzifə şərəfli sayılırdı. Şəhərlərin vergi verən əhalisini təşkil edən rəiyyət - şəhər sənətkarları feodallardan asılı olan kəndlilər isə istismara məruz qalırdılar. Mənbələr Şirvanda monqol istilasına qədər qul olduğunu xəbər verirlər. XIII əsrin 20-ci illərində yazmış naməlum müəllif Şirvanın mallarını sadalayarkan ilk növbədə "cariyə qızların, türk qullarının" adını çəkir. XI-XIV əsrlərdə feodal Şirvan cəmiyyətində müharibədə qoşunlar tərəfindən ələ keçirilib aparılmış əsirlərdən ibarət qullar müəyyən yer tuturdu. Qulları torpaqlara təhkim edirdilər. Qul əməyindən məişətdə və kənd təsərrüfatında ucuz işçi qüvvəsi kimi istifadə olunurdu. Qul bol olduğundan Dərbəndin məşhur qul bazarında onlar çox ucuz satılırdı.

İqtisadi həyat
XIII əsrin sonu və XIV əsrin əvvəlləri Azərbaycanın beynəlxalq ticarətəlaqələrinin xeyli genişləndiyi dövrdür.İçərişəhərdə XIV əsrə aid edilən köhnə Buxara karvansarası dövrümüzə çatmışdır. Bu, Bakının Orta Asiya şəhərləri ilə ticarət əlaqələri saxladığını təsdiqləyir. Şirvanşahlar sarayı ərazisində XIV əsrə aid bürünc Kubaçi çıraqlarının və Rey keramikasının tapılması Dağıstan və İranla ticarət və iqtisadi əlaqələrin olduğunu göstərir. Şirvanşahların hakimiyyəti dövründə Xəzər dənizi vasitəsilə dəniz ticarəti böyük vüsət alır. Gəmiləri Qara dənizdə üzən Genuya və Venesiya tacirlərinin sahillərində faktoriyalar təşkil etdikləri Xəzər dənizində də donanmaları olmasına dair məlumatlar vardır. 1293-cü ildə İranda və Cənubi Azərbaycanda olmuş Venesiya səyyahı Marko Polo Gürcüstanın və Şirvanın şəhərlərini təsvir edir. O məlumat verir ki, genuyalılar Xəzər dənizində bir az əvvəl üzməyə, Gelli (Gilan) ipəyi adlanan ipək gətirməyə başlamışlar. "Burada şəhərlər və qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada ipək və zərxara parçalan toxunur; belə gözəl parçaları dünyanın heç bir yerində görməzsən".

Marko Polonun xəritəsində Xəzər dənizinin sahilində, ticarət yolunun üstündəki gəmi dayanacağı olan şəhər və yerlər də qeyd olunmuşdur: Mahmudabad (Mamutaga), Güştəsbi (Gostazz), Pirallahı (Cap de Preala). Həmdullah Qəzvini 1340-cı ildə xəbər verir: "Bakının qənşərindəki Allah Əkbər adası hal-hazırda məskundur və bu dənizin limanıdır". XIII əsrdən İtaliya və Fransaya böyük miqdarda Gilan və Şirvan ipəyi ixrac olunurdu.

Rəşidəddinin məlumatına görə Şirvan şəhərləri ilə Rus ölkəsi arasında ticarət əlaqələri XIV əsrin əvvəllərindən müşahidə olunur. Bu dövrdə Şirvan şəhərlərində, xüsusilə Şamaxıda Rus ölkəsindən gətirilən müxtəlif qiymətli xəzlərdən çoxlu məmulatlar - samur yaxalıq, kürk üçün vaşaq, sincab, dələ və tülkü xəzindən astarlıq hazırlanırdı.

Abdullah ibn Məhəmməd ibn Kiya əl-Mazandaraninin XIV - XV əsrlərdə Yaxın Şərq və Zaqafqaziya ölkələrinin dövlət və maliyyə idarəçiliyinə dair geniş material toplanmış "Risaleyi-fələkiyyə" əsərinin 8-ci fəslində h.751 (1350)-ci ildə Elxanilər divanının xəzinəsinə bir sıra vilayətlərdən daxil olmuş varidatın qeyd olunduğu "Yekun haqqhesabına dair dəftər nümunəsi" bölməsində yazılmışdır: "Arran, Muğan, Qəvbəri (Mahmudabad və Bakuyə şəhərləri, yaxud neft mənbələri ilə birlikdə) və Şirvanın Dəmirqapıya qədər müqatiəyə (vergi toplama hüququ) görə Hüca Fəsihi Şirvaninin cavabdehliyində olan mədaxili sənəd üzrə 82 tümən - 820000 dinardır".

Monqolların Azərbaycana yürüşü dövründə Beyləqan, Şəbəran, Bacərvan, Güştəsbi və digər bu kimi mühüm iqtisadi və mədəni mərkəzlər güclü dağıntıya məruz qalaraq öz əhəmiyyətlərini itirdilər və nəhayət, süquta uğradılar. Beynəlxalq ticarət yollarının üstündəki Dərbənd, Şamaxı, Bakı və digər şəhərlər monqol talanlarından sonra, XIII əsrin son rübündə tədricən bərpa edilməyə və ticarət mübadiləsinə cəlb olunmağa başladı.Lakin mənbələrin məlumatına görə onlar, hətta, XIV əsrdə belə bu şəhərlərin Şirvanşahların XII - XIII əsrlərdəki hakimiyyəti dövründə mövcud olan iqtisadi və mədəni inkişaf səviyyəsinə çata bilməmişdilər.


Tarix: 12.02.2015 / 13:56 Müəllif: Feriska Baxılıb: 397 Bölmə: Şirvanşahlar dövləti
loading...