Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvi-Şirvanşah xanədanları arasında qohumluq

Şah İsmayıl h.916 (1510/11)-cı ildə Xorasanda Şeybək xana qalib gəldikdə Şeyxşah, digər hakimlər kimi, İsmayılın sarayına səfirlik göndərərək, onu təbrik etdi. Həmin vaxtdan şahla dostluq münasibətləri kəsilmirdi. 1518-ci ildə şahzadə Sam Mirzənin doğulması təntənəli şəkildə qeyd edilərkən Şah İsmayıl əmirləri Mirzə şah Hüseyni və Cəmaləddin Məhəmmədi Şirvana göndərdi. Onlar Şirvanşahı İsmayılın ona yaxşı münasibət bəslədiyinə əmin etdilər və Təbrizə gəlmək dəvətini yetirdilər. Şeyxşah cavabında onlarla birlikdə İsmayıla cins atlar, Bərdə qatırları, türk və Avropa parçaları, çoxlu pul, daş-qaş yolladı və oğlunu səfəvi sarayına göndərməyi, əgər şah əmr edərsə, şəxsən özünün gəlməsini vəd etdi.

Şirvanşah söz verdiyi kimi oğlu, Sultan Xəlili qiymətli hədiyyələrlə Təbrizə, İsmayılın sarayına göndərdi və dostluq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə şahın qızını oğluna istədi. Təklif qəbul edildi və İsmayıl qızı Pərixan xanımı Şirvanşahın oğlu sultan Xəlilə nişanladı. H.919 (1523)-cu ildə Şah İsmayıl Şirvanşah Şeyxşahın qızı ilə evlənmək istədiyini bildirdi. O, həmin məqsədlə əmir Cəlaləddin Məhəmmədi və Dəmir bəyi qiymətli hədiyyələrlə Şamaxıya göndərdi. Bu təklifdən son dərəcə məmnun qalan Şeyxşah şahın elçilərini böyük ehtiramla qəbul edib, qızını onlarla və məiyyətin müşayiətilə şaha göndərdi. H.929-cu il zilhiccə ayının 25-də (5 noyabr 1523-cü il) Təbriz yaxınlığında Şah İsmayılla Şirvanşahın qızının dəbdəbəli toyu oldu.


Tarix: 12.02.2015 / 13:50 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Şirvanşahlar dövləti
loading...