Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəddadilərin Şirvan yürüşləri

Fəribürz ibn Saların hakimiyyəti dövründə Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi. H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı Şavur ibn Fəzl Şirvana hücum edərək Quylamiyan qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-çatdı, əyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: "Oradan hərəkət edən Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını - mərhum Saların arvadını (hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə götürərək Arrana qayıtdı. Lakin h.455-ci ilin rəcəb ayında (iyul, 1063) o, üçüncü dəfə Şirvana gələrək Sədun kəndində dayandı, əkinləri, ətraf kənd və malikanələri yandırdı".

Şirvanşah kömək istəmək üçün oğlu Əfridunu Ənuşirəvan ibn Ləşkəri ilə birlikdə ana babası olan Sərir hakiminin yanına göndərdi. Lakin Əfridun Sərir hakimindən heç bir kömək ala bilməyib üç aydan sonra əliboş geri qayıtdı. H.456-cı ilin məhərrəm ayında (yanvar, 1064) Arran hakimi Əbüləsvar Şavur ibn Fəzl dördüncü dəfə Şirvana basqın edib, bir sıra kənd və məntəqələri tutdu. Sonra Şavur qoşununun bir hissəsini bəzi əmirləri ilə burada qoyub Şirvanı tərk etdi.

Şirvanşah Fəribürz rəcəb ayında (iyun-iyul, 1064-cü il) onunla sülh müqaviləsi bağladı. Bu müqaviləyə əsasən Şavur Şirvanşahdan 40 min dinar alıb, əvəzində Quylamiyan qalasını ona qaytardı.


Tarix: 12.02.2015 / 13:44 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Şirvanşahlar dövləti
loading...