Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Məhəmməd ibn Yezid

Fəaliyyəti
Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmmədin ölümündən sonra, onun yerinə atasının vaxtında Layzan hakimi olmuş oğlu Məhəmməd ibn Yəzid keçmişdir. O, bir oğlu Əhmədi Layzana, o biri oğlu Heysəmi isə babası Məhəmməd ibn Yəzidin vaxtında özünün əmir olduğu Təbərsərana hakim təyin etdi Şirvanın hakimi kimi onun ilk tədbiri həbsxanaya salınmış qardaşı Əhməd ibn Yəzidi aradan götürmək oldu. Sasani şahlarına xas olan bu qaydanı görünür, Şirvanşahlar onlardan əxz etmişdilər.


Əsərini h.332 (943)-ci ildə tamamlamış əl-Məsudi xəbər verir ki, bu vaxt Şirvanın hakimi h.318 (930)-ci ildə aralarında toqquşma olmuş kürəkəni Əbd əl-Məlik ibn Haşimin ölümündən (h.327 (939)-ci il) sonra Xursanı, Vardanı və Dərbəndi zəbt etmiş Məhəmməd ibn Yəzid idi. Məhəmməd ibn Yəzid bütün bu torpaqları Şirvan və Layzanla birləşdirdi. Əl-Məsudi daha sonra deyir ki, "onun məmləkəti hal-hazırda, yəni h.332 (943)-ci ildə bir aylıq yol qədər uzanır. Bu, ondan irəli gəlir ki, o, öz torpaqlarına, Ənuşirəvanın (Burada söhbət, mənbələrin məlumatlarına görə,Ənuşirəvanın torpaq verdiyi erkən Şirvanşahlardan gedir.) titul verməməsinə (vəsm) baxmayaraq, zəbt etdiyi torpaqları da qatmışdır".

Əl-Məsudinin dediklərindən aydın olur ki, Məhəmmədin hakimiyyəti dövründə Şirvanşahlar dövləti böyük bir əraziyə malik idi. Məhəmmədin h.337 (948)-ci ildə atası Əbu Tahirin ölümündən sonra hakimiyyətə keçdiyini nəzərə alındıqda, belə bir nəticəyə gəlinir ki, o, ya hələ atasının sağlığında şərikli hakimiyyət sürmüş, yaxud əl-Məsudinin əsərində Məhəmmədin adının çəkilməsi mətnə sonradan əlavədir. İbn Havqəlin h.344 (955)-cü ildə Müsafir Mərzubana vergi verən məlikliklər haqqında məlumatı da Şirvanşah Məhəmməd ibn Yəzidin hakimiyyəti dövrünə aiddir. İbn Havqəlin dediyinə görə, "Şirvanşahın (yəni, Şirvanın) şahı və hökmdarı Məhəmməd ibn Əhməd Əzdiyə" qoyulan təzminat bir milyon dirhəm idi. V.F.Minorskinin qeyd etdiyi kimi, bu mətndə əl-Əzdi nisbəsi Yəzidinin yanlış eşitmə nəticəsində təhrif olunmuş formasıdır.

Müsafir Mərzubanın vaxtında yalnız Məhəmməd ibn Əbu Tahir Yəzid var idi. "Ola bilsin də əsərini h.378 (988)-ci ilə yaxın bitirən İbn Havqəl əsl adın əvəzinə h.370-81 (981-991)-ci illərdə hökmranlıq etmiş öz müasiri olan hökmdar Məhəmməd ibn Əhmədin adını vermişdir. İbn Havqəlin verdiyi siyahı Mərzubanın məhz h.344 (956)-cü ildə əl-Bab ətrafında olması ilə bağlı ola bilər". Məhəmməd ibn Yəzidin zəbt etdiyi məlikliklər daha sonralar, Məhəmməd ibn Əhməd vaxtında – h.372 (928)-ci ildə də Şirvanın tabeliyində qalırdı.

Ölümü
Məhəmməd ibn Yəzid səkkiz il hökmranlıq sürmüş, sələflərinin ənənəsini davam etdirərək, "kafirlərə", özünün şimal qoşunlarına hücumlar etmişdir. O, h.345-ci il, səfər ayının 21-də (4 iyun 956-cı il) çiçək xəstəliyindən (cüdari) ölmüşdür.

"Tarix-i əl-Bab"da maraqlı bir əhvalat nəql olunur. "...deyirlər ki, onu öz vəziri İbn əl-Məraği zəhərləmişdir. Səbəbi bu olub ki, Məhəmməd ibn Yəzid çiçək xəstəliyindən ölüm ayağında olarkən hakimiyyət hərisliyi İbn əl-Mərağini başqa yolla hasilə gətirilə bilməyəcək bir işə sövq etmişdir. O, Məhəmmədin iki qulunu Əhməd ibn Yəzidin işgəncə çəkdiyi həbsxanaya göndərib, onu öldürmək əmri vermişdir. Onlar əmri yerinə yetirmiş və cənazəni gizlətmişlər. Bir neçə gündən sonra yaxşılaşmağa başlayan Məhəmməd sağaldıqdan sonra Allaha minnətdarlıq əlaməti olaraq İbn əl-Mərağiyə qardaşı Əhmədi həbsxanadan buraxmağı əmr etmişdir. Həyatından qorxuya düşən ibn əl-Məraği vaxtı ilə Məhəmməd ibn Yəzidin atasını məhv etdiyi kimi, bu dəfə də zəhərli içki verib onun özünü öldürmüşdür".


Tarix: 11.02.2015 / 18:48 Müəllif: Feriska Baxılıb: 305 Bölmə: Şirvanşahlar dövləti
loading...