Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Fərrux Yasar

II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx ikinci, Şirvanşah II İbrahimin oğlu.

Fəaliyyəti
Bu şirvanşah adından kəsilmiş sikkə tapılana kimi elm aləminə bəlli deyildi. 1934-cü ildə Salyandan Bakıya II Şeyx İbrahim və II Xəlilülahın adından Şamaxıda kəsilmiş 906 gümüş Şirvanşah sikkəsindən ibarət dəfinə gətirilmişdir. Onların arasında h.934 (1527/8)-cü ildə Y.A.Paxomovun fıkrincə, "başqa mənbələrdən məlum olmayan"' II Fərrux Yasarın adından kəsilmiş bir sikkə də var idi. Lakin Fərrux Yasar ibn Şeyxşahın adı Şahruxun atası kimi, Həsən bəy Rumlu və Münəccimbaşıda – "Şahrux ibn Sultan Fərrux ibn Şeyxşah", Cənnabidə – "Şahrux ibn Fərrux Mirzə", Şərəf xan Bidlisidə -"Şahrux ibn Fərrux Yasar" – çəkilir. Beləliklə, yazılı mənbələrə görə, Fərrux Yasar, yaxud Sultan Fərrux Şeyxşahın oğlu, II Xəlilüllahın qardaşı və Şahruxun atasıdır.

Fərrux Yasarın adı çəkilən h.934 (1527/8)-cü ilə aid eynilə belə bir sikkə 1935-ci ildə Bakıda tapılmış, II Xəlilüllah və Şahrux adından Şamaxıda kəsilən xırda gümüş Şirvanşah sikkələri dəfinəsində (459 nüsxə) aşkara çıxarılmışdır. Numizmatik məlumatlar göstərir ki, II Fərrux Yasar h.934 (1527/8)-cü ildə Şirvanda hakimlik edən və Şamaxıda sikkə zərb etdirən qardaşı Şirvanşah II Xəlilüllahla eyni vaxtda pul kəsdirmişdir. Ehtimal ki, həmin vaxt Şah İsmayılın ölümündən istifadə edən Fərrux Yasar hakimiyyəti qardaşı Şirvanşah II Xəlilüllahdan qəsb etmişdir.

Münəccimbaşının əsərində buna işarə edilir. O, xəbər verir ki, "Şah İsmayılın qızına evlənən Sultan Xəlil ibn Şeyxşah onun himayəsinə nail oldu. Qardaşlarından heç biri onun əleyhinə çıxa bilmədi". Göründüyü kimi, II Fərrux Yasar h.934 (1527/8)-cü ildə bir neçə aylığa hakimiyyəti qardaşı II Xəlilüllahdan tutub almış və bu müddət ərzində öz adından sikkə zərb etdirə bilmişdir. Ehtimal ki, Xəlilüllah tərəfindən qovulduqdan sonra, onu Müzəffər Mirzə adlandıran Hürşahın məlumatına görə, Fərrux Yasar Dağıstana, qohumu olan "Şamxal ölkəsi"nə qaçmış və onun himayəsində yaşamışdır. Orada onun Şahrux adında oğlu doğulmuşdur. Özündən sonra vərəsəsi olmayan II Xəlilüllah öldükdən sonra Şirvan feodalları Şahruxu Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtmuşlar.


Tarix: 11.02.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 132 Bölmə: Şirvanşahlar dövləti
loading...