Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rafiq Oday

Rafiq Oday (Bayramov Rafiq Hüseyn oğlu) - şair, publisist, "Həsən Bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı

Həyatı

23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə Bakı 2 №-li tibb texnikumuna daxil olmuş, 1982-ci ildə təhsilini başa vurmuşdur. Təhsil arası (1978-1980-ci illər) Sevostopol şəhərində hərbi xidmətdə olmuşdur.

1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Orta məktəb illərindən rayonda nəşr olunan «İşıqlı yol» qəzetində məqalələri çap olunsa da, «Vətən gəz» adlı ilk mətbu şeri 1983-cü ildə «Sovet Nax¬çıvanı» («Şərq qapısı») qəzetində dərc olunmuşdur. Rayonda nəşr olunan «İşıqlı yol» qəzetində ictimai əsaslarla «Xalq yaradıcılığı və incəsənət» şöbəsinin müdiri olmuşdur.

Xələc kənd məktəbindəki fəaliyyəti dövründə «Şaman» folklor dərnəyi və eyniadlı ansambl yaratmış, bir neçə il kəndbəkənd gəzərək folklor nümunələrini toplamış, onları mütəmadi olaraq rayon qəzetində dərc etdirmiş, sonradan bu yazıları bir araya gətirərək «Şərur folkloru – Rafiq Odayın təqdimatında» adı altında kitab halında çap etdirmişdir.

1985-ci ildə rayon Komsomol komitəsinin nəzdində yaradılmış «Dan yeri» ədəbi birliyinə rəhbər təyin edilmiş, istedadlı gənclərin aşkarlanıb ortaya çıxarılmasında geniş iş görmüşdür. 1988-ci ildə «Yazıçı» nəşriyyatı tərəfindən «Bir yol başlamışam» adlı ilk şeirlər kitabı dövlət planına salınmış, beləliklə, 1989-cu ildə Naxçıvan Muxtar Respublikası üzrə 29 yaşında şeirlər kitabı dövlət tərəfindən çap olunan ilk qələm sahibidir.

1990-cı ilin əvvəllərindən başlayan Sədərək döyüşlərinin fəal iştirakçısı olmuşdur. 1991-ildə Şərur rayon Sovetinə deputat seçilmiş, deputat olduğu illər ərzində Ulu öndər Heydər Əliyevlə dəfələrlə ünsiyyətdə olmuş, çıxışlarını və dəyərli məsləhətlərini dinləmişdir. 1991-ci ildə Şərur rayon Uşaq-Gənclər Şahmat məktəbinə direktor təyin olunmuşdur. 1997-ci ildə Sumqayıt şəhər «Cırtdan» uşaq kino-teatrının direktoru təyin olunmuş, eyni zamanda «Dünyanın səsi» qəzetində redaktor kimi fəaliyyətini davam etdirmişdir. «Gəncliyin səsi» qəzetində məsul katib, «Dəlidağ» qəzetində baş redaktor işləmişdir.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2003-cü ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri seçilmişdir. Bu gün də bu vəzifəni icra edir.

2005-ci ildən 2008-ci ilin əvvəllərinə qədər «Şaman» ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktoru olmuş, 2008-ci ilin əvvəllərindən bu günə qədər «Möhtəşəm Azərbaycan» ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktorudur. 2008-ci ilin oktyabr ayından 2010-cu ilin may ayına kimi eyni zamanda «Azərikimya» Dövlət Şirkətinin mətbu orqanı olan «Azərbaycan kimyaçısı» qəzetinin baş redaktoru işləmişdir. Respublika Prezidentinin müvafiq Sərəncamı ilə «Azərikimya» Dövlət Şirkəti ARDNŞ-in tabeçiliyinə veriləndən sonra, Rafiq Oday fəaliyyətini «Azərikimya» İstehsalat Birliyinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində davam etdirir.

«Bir yol başlamışam», «Gecələr içimə göyüzü yağar», «Ömür gedir öz köçündə», «Şərur folkloru – Rafiq Odayın təqdimatında», «Qarabağ şikəstəsi», «Xatirələr işığında», «3 Aprel günəşi», «Əlli min də qayğısı var əllimin», «Ədəbi - tənqdi məqalələr" kitabları işıq üzü görüb. Həsən Bəy Zərdabi, "Qafqaz - Media" və "Qızıl qələm" mükafatları laureatıdır. 20 kitabın tərtibçisi, 100-dən artıq kitabın redaktoru olmuşdur. 50-dən artıq kitaba ön söz yazib.


Tarix: 17.01.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 606 Bölmə: Şairlər və Yazıçılar
loading...