Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Altay Yusifoğlu

Məmmədov Altay Yusif oğlu – nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965).

Həyatı

Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. Sonra H.Zərdabi adına Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır.

Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953).

Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur. Nizami poeziya teatrının bədii rəhbəri və tamaşaların müəllifidir.

1959-cu ildən altı dəfə şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Azərbaycan Kommunist Partiyasının XXVII-XXX qurultaylarına nümayəndə seçilmişdir. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü olmuşdur. Onun "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və b. dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib. Onun "Dəli Domrul" əsəri əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyni adlı tamaşa İstanbulda keçirilən Kitabi-Dədə Qorqud günlərində uğurla nümayiş etdirilib və türk mətbuatı tərəfindən yüksək qiymət alıb.

Əbdüqəhhar İbrahimovun "İlk busə", Otar İoselianinin "Araba hələ aşmayıb", Vasili Şukşinin "Diribaş adamlar" pyeslərini rus dilindən azərbaycancaya çevirmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1980) və medallarla təltif olunmuşdur.

2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir.

Əsərləri
1. On birinci açar. Bakı: Gənclik, 1958, 68 səh.
2. İkinci məhəbbət. Bakı: Gənclik, 1960, 114 səh.
3. Məhəbbət və gülüş. Bakı: Azərnəşr, 1963, 105 səh.
4. Tökülən yarpaqlar. Bakı: Azərnəşr, 1966, 178 səh.
5. Məhəbbətin səsi. Bakı: Gənclik, 1968, 94 səh.
6. Gülab nəfəsli. Bakı: Gənclik, 1970, 154 səh.
7. Azərbaycan ədəbiyyatında hekayə. H.Zərdabi adına KDPİ nəşri, 1970, 141 səh.
8. Əşrəf Yusifzadə. Bakı: Azərnəşr, 1974, 24 səh.
9. Ələkbər Seyfi. Bakı: İşıq, 1976, 42 səh. (Alp Ağamirovla birgə)
10.Hekayədə dini fanatizmin tənqidi. Bakı: "Bilik" cəmiyyəti nəşriyyatı, 1977, 55 səh.
11.Yadigar bulaq. Bakı: Azərnəşr, 1977, 185 səh.
12.Ulduzlar görüşəndə. Bakı: Gənclik, 1979, 201 səh.
13.Dəli Domrul. Bakı: Gənclik, 1981, 361 səh.
14.Əlvida, gözəl dünya (roman). Bakı: Yazıçı, 1988, 384 səh.
15.Azərbaycan ədəbiyyatında hekayə (monoqrafiya). Bakı: 1970,
16.Əşrəf Yusifzadə. Bakı: Azərnəşr, 1974,
17.Ələkbər Seyfi. Bakı: İşıq, 1976,
18.Hekayədə dini fanatizmin tənqidi. Bakı: Bilik, 1984,
19.Azərbaycan hekayəsi (monoqrafiya). Bakı: Yazıçı, 1984,
20.Oğuz səltənəti. Bakı: Azərnəşr, 1992,
21.Kəngərlər. Bakı: Azərnəşr, 1996,
22.Qəlbinur poeziyası XXI əsrin astanasında. Bakı: Gənclik, 1999,
23.Xatirələr işığında. Bakı: Azərnəşr, 1999,
24.Erməni və müsəlman parlamentindən reportajlar (pyeslər), 1998,
25.Heydər Əliyev və Gəncə (elmi publisistika). Bakı: Qərb nəşriyyatı, 1999.


Tarix: 13.01.2013 / 13:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 555 Bölmə: Şairlər və Yazıçılar
loading...