Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3-cü hissə...
3-cü hissə...

Aşıq Qəribin Bakı səfəri Saçı-saqqalı ağarmış Aşıq Qərib, vaqonlarına ―Göy-Göl yazıılan 37 nömrəli qatardan Bakı şəhərinin baş vağzalına gün günortanın yerinə qalxarqalxmaz düşür. Düşən kimi onun diqqətini qarışıq çal-çağır səsləri, yeldöyəndə dolaşan küləklər kimi hər yandan gələn çeşidli musiqi çəkir. Ətrafa çaşqınlıq içində boylanan Aşıq Qərib əvvəlcə elə bilir, başı hərb qovğasına qarışan Azərbaycanın paytaxtına deyil, başqa bir şəhərə düşüb. Qafiəsizfilansız da olsa, öz-özünə düşünür: dad-bidad, olmaya Tiflisdə saz tünlükdəkilərə ilişə-ilişə tələm-tələsik vaqona minəndə qatara səhv saldın, olmaya bir gecəlik bu narahat yolun sonunda bam-başqa bir şəhərə gəlib çıxdım. Ola bilməz, bir bu qədər itkisi, qəmi-kədəri olan bir məmləkətin paytaxtında bu qədər şənlik olsun! El hədsiz-hüdudsuz sevinc içində bulunsun! Bu boyda şənliyin, belə bir kütləvi sevincin bir əsası, səbəbi olmalıdır! Başında gözəlləmə, qoşma əvəzinə belə-belə fikirlər çağlayan aşıq ətrafındakı bu şənlik, sevinc burulğanının içində fırlana-fırlana başqa şəhərə düşməsindən şəklənir. Köynəkdəki sazını qoltuğuna bərk-bərk sıxıb özü də sıxılasıxıla diqqət kəsilir. Görür, yox, ətrafda oxunan mahnıların əksəriyyəti doğma Azərbaycan türkcəsindədir. Belə olduqda onu xoflandıran şübhələr izsiz-tozsuz itsə də, təəccübü birə beş artır. Bəs bu millət, bu xalq nəyə sevinir ki, onun aşıqının bu boyda sevincdən xəbəri yoxdur? Bu sual ürəyindən cərəyan kimi keçəndə öz-özünə utanır, gör Aşıq nə günə qalıb ki, daha doğrusu, Qərib qürbətdə necə geriləyibki, öz xalqının elliklə tüğyan edən dəryalarca sevincindən zərrəcə xəbəri yoxdur. Elə buna görə də ətrafı başına alan bu sevincin səbəbini bir kəsdən soruşmur, soruşmağı özünə sığışdıra bilmir. Aşıq özü ən cüzi sevincin ötürücüsü, yayıcısı olmalıdır. Nə təhər ola bilər ki, qoltuğu sazlı aşıq qarşısına çıxanın birindən soruşsun: Ağrın alım, bu millət nəyə sevinir? O adam deməzmi ki, sənin kimi aşığın başına, daha doğrusu, kül qoltuğundakı o saza, sevincin səbəbini aşıq bilər, uşaq bilməz. Odur ki, şən tünlüyün içində utana-sıxıla irəliləyən aşıq Qərib soruşmağı özünə rəva bilmir, heç kəsdən heç nə soruşmur. Bir ara öz-özünə düşünür: Ayə, olmaya bu gecə mən yol gələrkən, bunlar işğal altında olan torpaqları qaytarıblar?! Bunu soruşub dəqiqləşdirməkdən də utanır. Fikirləşir ki, axşam qonaq qalacağım evdə xəbərlərə baxar, bu sevindirici xəbərdən xəbərim olmadığımı bir kəs bilmədən hər şeyi bilərəm. Aşıq Qərib bu götür-qoylardaykən qənşərinə özü kimi qoltuğusazlı, sazıköynəkli bir aşıq çıxır. Öz tayfasından olan bu adamı görən Qərib kövrəlir, sazı köynəyindən çıxarıb sinəsinı basıb, alır görək nə deyir. (Aşıq Qərib bu yerdə dediyini deyənə qədər, mən onu da deyim ki, Qəribin bu hərəkəti o biri aşığın nəzərindən qaçmır, görür, önündəki aşıq sazı köynəyindən çıxarır., ozan çevikliyi ilə başa düşür ki, indicə burada deyişməyə bənzər nəsə baş verəcək, odur ki, bu aşıq da cəld əlini atır öz sazına bir göz qırpımında könəyindən çıxarıb sinəsinə basıb Qəribin qabağında müntəzir durur, necə ki, Hollivud filmlərində düşmən klanlardan olan iki mafiyoz təsadüfən üz-üzə gələndə, silaha əl atıb üz-üzə dururlar, bax elə), hə, alır Aşıq Qərib: Mən aşıq olmuşam əzəl anadan, Aşıq, bu nə sevinc, bu nə şənlikdi? Beş saat dayandıq gömrükxanada, Aşıq, bu nə sevinc, bu nə şənlikdi? Alır bayaqdan bəridi hazır duran aşıq, görək, Qəribin cavabında nə deyir: Yenicə gəlmişəm mən də, ay aşıq, Mənim də yollarım oldu dolaşıq. Sözlər təm-təraqlı, səslər qarışıq, Bilməm bu nə sevinc, bu nə şənlikdi. Molla gec doyan, aşıq tez duyan olur. Qərib də həmin an duyuq düşür ki, bu aşıqdan xeyir yoxdu, bənd olub bağlamağa da dəyməz, elə Allahdan bağlı kimi bir şeydi. Odur ki, tanışlıq bəndini demədən məyus halda sazı köynəyə qaytarıb təntənəli tünlüyü yara-yara yoluna davam edir. Çal-çağırlı bazarların, min cür mahnılı ―talkuçkaların, ətrafı nəğməli ticarət mərkəzlərinin, gəlin kimi bəzəkli toyxanaların yanından əsl qərib kimi keçən Aşıq Qərib gəlib əslən təbrizli, faktiki bakılı qohumunun evinə, yəni mənzil başına çatır. - Bu gün bayram-zad deyil ki? – hal əhval tutduqdan sonra ev sahibindən basıla-basıla soruşduğu bu olur. - Niyə soruşursan? – Ev sahibi gülümsünür. - Nə bilim, elə-belə. – Aşıq Qərib milli sevincin səbəbini bilmədiyindən doğan narahatçılığını gizlədir, sualının kökündə elə bu durduğunu qohumuna demir. Ürəyində fikirləşir, nahaq soruşdum, qohum da olsa, aşığın belə işlərdə nadanlığını bilməsə, yaxşıdır. - Çıxıb çayxanalara baş çəkmək məqsədilə soruşdunsa, ona bayram filan lazım deyil, - aşığın qohumu deyir, - bu gün dincəl, sabah kefi kök durub o telli sazını kökləyib məclis ovuna da çıxarsan. - Yox əşşi,elə bir fikrim yoxdur, - Aşıq Qərib bunu deyib sazını küncə söykəyir. - Bir stəkan çay içib, yemək yeyəndən sonra aşıq sezilmədən televizora sarı sifcinir. Pultun düyəsini basıb ekranı açır ki, ümumsəltənət sevincinin səbəbini öyrənsin. - Deyəsən Tiflisdə Azərbaycan kanallarının həsrətini çəkmisən? Qəribin bu hərəkəti qohumunun nəzərindən qaçmır. - Hə, bərk darıxmışam... – Aşıq bunu deyib televizorun qabağında yerini rahatlayır. Aşıq Qərib görür ki, açdığı kanalda çal-çağırı çağlayan veriliş gedir. Pultun düyməsini hövləng basıb kanalı dəyişir. Oradan da konsert verirlər.

Pultun düyməsini yenə basır, yenə şənlik, kanalı yenə dəyişir, yenə mahnı, yenə sevinc dolu hay-haray... ―Görəsən, nə baş verib mənim xəbərim yoxdu? – Aşıq Qərib nigarançılıqla fikirləşir. Hansısa kanaldan bu barədə nəsə öyrənmək ümidi ilə pultun düymələrini yenə inadcasına basır, hər yerdə kütləvi şadyanalıq, hər yerdə mahnı, hər yerdə Xəzər dənizi kimi dalğalanan sevinc. Bir-iki dəfə halhazırda konsert olmayan kanala təsadüf etdisə belə, orada da sonrakı məclislər üçün müğənni seçirdilər, aşıq irdələyirdilər. Aşıq Qərib öz-özünə düşünür: Bir gör, elliklə gələn bu sevinc nə böyük, nə möhtəşəmdir ki, durmadan çalıb-çağıranlar, çırtma vurub rəqs eləyənlər azlıq edir, bu boyda sevincin qabağında müğənni, xanəndə, aşıq qıtlığı yaranır. Belə kasadlığın qarşısını vaxtında alsınlar deyə, kişilər işlərini ehtiyyatla tuturlar, bir yandan da yenilərini seçib-irdələyirlər. Bu yerdə deyirlər, ehtiyyatlı igidin anası ağlamaz... Qərib bunları bilir, amma əlindəki pultu nə qədər fırlasa da, telekanallları nə qədər dəyişsə də, kütləvi sevincin səbəbini anlaya, hamılıqla tüğyan edən bu şadyanalığın məğzinə, özülünə vara bilmir. Aşıq hər şeyi, o cümlədən Bakıya səfərinin məqsədini də unudur, düz qırx gün, qırx gecə televizorun qabağından çəkilmir, radionu da yanına qoyur, gecəli-gündüzlü gözü televizorda, qulağı radioda olur. Aşıq Qərib qırx gün, qırx gecə ərzində gördüklərinə, eşitdiklərinə əsasən belə qənaətə gəlir: Məmləkəti bürüyən kütləvi sevincin təsirindən hərə əlinə bir şey alıb, əlitarlı olmayan əlisazlıdı, əlisazlı olmayan əliqavallı, əliqavallı olmayan əliqarmonlu, əliqarmonlu olmayan əliudludur... Əliboş olanlar isə ağzıalətlilərdir, ağzında tütəyi olmayan ağzıklarnetlilərdir, ağzıklarnetli olmayanı ağzızurnalıdır, ağzızurnalı olmayanı ağzıbalabanlıdır, ağzıbalabanlı olmayanı ağzısaksafonludur, ağzısaksafonlu olmayanı ağzıdüdüklüdür... Bir sözlə, hamı məşğuldur. Əli-ağzı alətsizlilər isə əliqələmlilər, ağzısözlülərdi, onlar da çalıboxuyanlara şeir yazır, nəğmə bəstələyirlər. Aşıqlar da ağız-ağıza verib girişiblər sevinc yarışına, telli sazların köynəklərini yeri gəldi, gəlmədi usanmadan soyundurub-geyindirirlər. Aşıq Qərib beləcə qırx gün, qırx gecə tab gətirir, qırx gün, qırx gecə ərzində öz-özündən soruşur: Bu nə sevincdi belə, niyə mən onun səbəbini bilmirəm? Bəlkə məmləkəti bürüyən sevincdə mənim də bir aşıq payım var? Mən də bu millətin oğluyam axı! Allah eləməsin, birdən elə qayıdıb Tiflisə gedərəm ki, buradakı sevinc payımdan xəbərim olmaz, o da qismət olar sazıçılpaq sıravi bir aşığa!... Belə-belə şübhələr qırx gün, qırx gecə aşığın içini didir, yeyir. Qırx beşinci gün Qəribin səbri tükənir, abırlı xanım kimi otağın küncünə qısılıb qalan sazının köynəyini çıxarıb basır bağrına, üzünü həmin anda kanalların birində çalıb-oxuyan qalifeyşalvarlı, başı buxarapapaqlı həmkarına tutub görək nə deyir: Başına döndüyüm ay aşıq, aşıq, daxili yollarla gəldim yanına. Qaranlıq suala özün saç işıq, Nə sevincdi, düşüb xalqın canına? Ekran önündəki sazdostunun cavabında televizordakı aşıq alıb görək nə deyir, tərəfindən ərz eləyək, feyziyab olaq: Sən həm tamaşaçı, həm də aşıqsan, Bixəbər, görünür, eldən uzaqsan, Sevinə bilmirsən, yaman yazıqsan, Sevincdi, düşübdü xalqın canına... Alır Aşıq Qərib, görək ekrandan irişən aşığın cavabının cavabında nə deyir, onun da tərəfindən ərz eləyək, canımız sağ olsun: Gəəəl bulam, eeey! Aşıq oturmusan televizorda, Səni sevindirən, de, nədir orda, Yoxsa zəfər səsi çatıbdır yurda? Nə sevincdir, düşüb xalqın canına? Televizordakı aşıq sazı yenə basır sinəsinə, görək bu dəfə nə deyir: Ay heeeeey! Başına döndüyüm, bülbültək ötən, Baxıram, sevinir sevimli vətən, Hamıya qoşulub sevinirəm mən, Sevincdi, düşübdü, xalqın canına. Televizordakı həmkarının bu sözləri Aşıq Qəribin içini gəmirən şübhələri lap qıcıqlandırır, odur ki, telli sazı sinəsinə basıb bir nərə çəkib deyir: Çal a balam, heeeeeeee! Telli sazın çıxıb köynəkdən, dondan, Sevincin od alıb elin odundan, Eləsə, mənə də pay çatır ondan, Nə sevincdi, düşüb xalqın canına? Alır ekrandakı ozan görək bu sözə nə deyir: Başına döndüyüm ay Qərib qağa, Bu sevinc burdadı, çatmır uzağa. Buyur burda sevin, yoxdu qadağa. Sevincdi düşübdü xalqın canına.

Aşıq Qərib yanıqlı-yanıqlı sazı sinəsinə basıb yenə ucadan bir nərə çəkib nəsə demək istəyir, amma televizorda həmin veriliş qurtarıb estrada konserti başladığından çatdırıb deyə bilmir, sözü (yarımçıq qalır, demək istəmirəm) nərə zirvəsində qalır. Qərib bağlama bəndini deyə bilməsə də, millətin sevincinin səbəbini öyrənməsə də, bəzi əhəmiyyətli məsələlərdən hali olur, məsələn bilir ki, hələ ki, Bakıdadı, xalqın sevincinə qoşulub o da sevinə bilər, doyunca çalıb oxuya bilər. Axşam işdən dönən ev sahibi otağın ortasında sinəsi sazlı, gözlərində sevinc ulduzcuqları parlayan Aşıq Qəribi görüb xoşməramlı heyrətlə heyrətlənir. Onun qırx gündü televizorun qarşısında qəmli-qəmli oturduğunun şahidi olan qohumu sevinə-sevinə aşığın sevincinin səbəbini soruşur. Aşıq Qərib telli sazı həsrətində olduğu Şahsənəm kimi bağrının başına basıb görək nə deyir, tərəfindən dinləyək biz də şad olaq: Başına döndüyüm ay əziz qohum, Xalqın sevincinə sevinirəm mən . Yadıma düşməyib nə Təbriz, nə Qum, Xalqın sevincinə sevinirəm mən. - Xalq nəyə sevinir ki? – Necə vaxtdı Aşıq Qərib ondan soruşmaq istədiyini, ev sahibi çaşıb aşıqdan soruşur, - indicə şəhərdən gəlirəm, elə bir şey olsa, mən də eşidib bilərdim. Görək bu dəfə Aşıq qərib əziz qohumunun cavabında nə deyir: Sirlidir sevincin hayı-harayı, çatdı aşığın da öz sevinc payı. Olsun bu dünyanın min bir olayı, Xalqın sevincinə sevinirəm mən. Beləcə, söz tamam olur. Aşıq Qərib ümummilli sevincə qoşulduğu və qovuşduğu gündən etibarən yenə qırx gün, qırx gecə Bakıda qalır, o ki var sevinir, sevinə-sevinə millətin nəyə sevindiyi barədə düşünür, gizlin götürqoylar edir, amma bu kütləvi şənliyin, sevincin səbəbini, məğzini anlaya bilmir. Elə, ulusa qoşulub sevinə-sevinə özünə təsəlli verir ki, sevincli sirdən baş aça bilməsə də, bu milətin bir aşıq oğlu kimi ona da sevinc payı çatdı. Qırx birinci gün yenə də sevinə-sevinə bu ümumsəltənət sevincinin əsası və səbəbi barədə ürəyinin dərinliyində məxfi götür-qoylar edən Aşıq Qərib Təbrizə yola düşür. Təbrizdə onu necə ovqat, nə təhər əhval-ruhiyyə qarşılayır, həmin sevincdən Qəribdə əsər-əlamət qalırmı, bilmirəm, qoy bu barədə təbrizlilər yazsınlar. Mən gördüyümü yazdım, necə ki, aşıq gördüyünü deyər.


Tarix: 09.06.2015 / 12:57 Müəllif: Aziza Baxılıb: 247 Bölmə: İmir Məmmədli - "Sazlı sözlü sibir"
loading...