Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ qaçqınları
Qarabağ qaçqınları

Budaqları dar bir küçəyə əyilmiş salxım söyüdün altında dayandım. Müəllimlər evinin zalından hələ də tar səsi gəlirdi. Bu səs başqa səslərə hökm edib, hamsını bir-bir silmişdi küçədən.

Bir az da uzaqlaşsam, bulvara çıxsam, sanki çox qədimlərdən, əsrlərin arxasından gələn bu təranə uğultular içində itəcək, bir-birinə söykənmiş yöndəmsiz binalara, əyri - üyrü yollara, döngələrə dəyib parçalanacaqdı.
Kim bilir, hansı aşiq ürəyinin yanıq nəğmələrini tökmüşdü bu tara, hansı ürək alovlandırmışdı bu melodiyaları!?. Bir ürək yanğısıydı bu səs, minlərlə fəryaddı… Elə yanıq, elə içdən, ölgün, elə bezgin, dərdli ki… Dinlədikcə məni özünə çəkir, nəhəng bir dalğa kimi udur və kimsəsiz bir sahilə sürükləyirdi. O sahildə yalnız bir səs, bir melodiya vardı - bu tarın səsi.
Geri qayıtdım. Ruhumu oxşayan o sehrli səs ilıq bir külək kimi məni apardıqca güney küləyi dəymiş qartək əriyirdim.
Pillələri iki- iki çıxıb, pilləkənin başında dayandım. Şah pərdədə titrəyən, çırpınan bir mizrab, hər məqamda ayrı bir kədərə batır; şur, segah, mugam… Salonun qapısına söykəndim, içəri girməyə çəkinirdim.
Kiminsə məlahətli səsi tellərin yanğısını, tellərdə böyüyüb çoxalan hüznü sözə tök­məyə başladı: “Dost baaağıııııındaaa açılııııbdı güüüül, Güləəə sarıııılıbdı bülbül…” Tar o sözlərin hər bir hecasına uyğun səslənirdi.
Tar susdu. Salondan ucalan yüksək ritmli bir nağara səsi qarmonun incə, cəld səsinə qarışdı. O hüznlü səs isə coşğun bir sevgi nəğməsi oldu, bir çağırışa çevrildi: “Mehribanım, Mehribaaaan, gəl oynaaa, gül oynaaa. Gözəəəl oğlan, göözəl qıııız, çal- oyna…”
Sonra bütün səslər susdu. Bir anlığa sükut bürüdü salonu. Və giley dolu bir səs parçalayıb dağıtdı o sükutu:
“Olmur, e! Olmur! Olmuuuur!” Ay Özgə! Sən neynirsən? Roluna hardan başlayırsan?.. Tamer, həmişə demirəm, niyə qızın qabağına çatanda qollarını aşağı salırsan? Budur, bax, belə etməlisən.”

Qapını yavaşca açıb, ayaqlarımın ucunda içəri girdim. Salondakı gənclər bütün diq­qətiylə şıkayətlənən o adamı dinləyirdilər. Bəstəboy bir kişiydi… Səsi elə amiranə idi ki, birdən “sən nə gəzirsən burada, çıx çölə!” - desə, heç etiraz etmədən sivişib aradan çıxacaqdım. Salondakı o hüzn, o yanğı, coşğu, dəvət… sehrli bir pərdənin arxasında qalmışdı. Salondakıların hamısı, özünü didib-parçalayan o adamı dinləyirdi. Başıpapaqlı, beli xəncərli, dəri çəkmələri diz qapaqlarına qədər çıxan cavanlar, rəngarəng ipək şallar içində gözləri sür­məli, ceyran kimi gənc qızlar… hamısı bu adamı dövrəyə almışdı.

Çalğıçılar da qulaq kəsilmişdi. Qarmonçu ayaq üstə, qarmonu da boynundan asılı idi. Na­ğaracı nağarasını qucağında tutub gözləyirdi. Tar onların yanındakı kürsünün üstündə idi. Gövdəsi sədəf işləməli bu tar bir az əvvəlki səslərin sahibiydi. Qəribə, məlul, qəmli- qəmli yatırdı kürsünün üstündə, bir uzaq diyarda, qürbətdə idi sanki.

Deməli, bu balacaboy adam çalırdı bu tarı. İndi isə gah qızlara səslənib min bir işvəylə nazlanır, gah da kişilərə sarı sərt və cəld hərəkətlərlə alıcı quşlar kimi fırlanır, qanadlanır, süzürdü. Bu yaşda adam işini elə şövqlə görürdü ki…
Əynindəki uzun, az qala palto kimi görünən pencəyinin qollarını biləklərindən geriyə doğru qatlasa da, pencəyin qolları yenə də uzun idi. Qollarını aşağı endirəndə birdən əlləri itir, bu uzun pencək onun kiçik qollarını udurdu. Sağ yanağında dərin yara izləri vardı. Bəlkə buna görə azacıq uzanmış ağ saqqallını kəsməmişdi. Sağ gözü digər gözündən çox iri gö­rünürdü, sanki bir az çölə doğru çıxmış kimiydi. Ağ saçları geriyə daranmışdı və tez-tez qolunu çirmələyib bir əlini alınına aparır, saçlarını arxaya doğru tumarlayırdı. Ucadan danışanda ağızının sol yanında qızıl bir diş parlayırdı. Bu qızıl diş az qala qaralmış, seyrək, toxunsan düşəcəkmiş kimi dayanan digər dişlərin arasında çox qəribə görünürdü. Üzündəki dərin qırışlar bu adamın dünyanı neçə ildir addımladığından xəbər verirdi.

Tarzən hər kəsi xəbərdar edib neyləmək lazım olduğunu bir-bir izah etdi:
- Oldu? Bir daha başdan, - dedi yüksək səslə.
Oturuşumu dəyişdirdim, özümü yığışdırdım. Sanki mənə də nəsə tapşırmışdı bu adam. Sanki mən də nəsə edəcəkdim…

Gənc qızları, cavanları yenidən səhnəyə düzdü. Sürətlə gəlib tarı əlinə aldı və otur­du. Sağa - sola bir daha baxdı, birdən gözlərini mənə dikdi, baxışlarını üstümdə gəzdirdi bir müddət. Yuvasından atılmış iri gözündə naməlum bir fəlakətin izləri vardı. İçim titrədi. Çölə doğru atılacaqmış kimi dayanan gözü boş və mənasız baxırdı, o gözünün görmədiyini hiss etdim. Yaxından baxanda üzündəki yara izlərinin çox dərin olduğunu anladım. Tarzən dönüb nağaraçıya başıyla işarə etdi və tarı sinəsinə basdı. Tara elə sarılmışdı ki… bu adamla bu tar arasında sanki sirli bir doğmalıq, ilahi bir eşq, bir bağlılıq vardı.
Hər kəs hazır idi, hətta mən də… nağara “düm tək, düm tək”-deyə bir səs çıxardı, adamın kiçik əlləri tarın tellərində gəzməyə başladı. Qarmonun səsi çox dərindən gəlirdi. Yenə o ağır, hüznlü parçanı ifa etməyə başladılar.

İpək geyimli qızlar səhnənin ortasında bir başqa qızı dövrəyə almışdılar. Kişilər də onların ətrafında idi. Musiqi başlayan kimi qızlar duru bir suda, qamışların arasında nazlanan sonalar kimi sanki sürüşərək kənara çəkildilər. Ortada incə, zərif, boylu-buxunlu bir qız qaldı. Birdən cəld hərəkətlərlə səhnəyə çıxan cavan oğlan o qızın ətrafında fırlanmağa başladı. Yalvarırmış kimi hərəkətlər edən cavan bir şahin kimi qollarını iki yana salıb qızın ətrafında pərəstişkarlıq edirdi. Elə bil qız mavi ipəklər içində bir göy qumru, bir göyərçin idi. Qız elə nazlanırdı ki, kişi rəqqas ətrafına baxıb əllərini iki yana açır, bir çarə axtarır, hərdənbir əllərini yuxarı qaldırıb tanrıya yalvarırdı. Qız başından sallanan tülün bir kənarı ilə ağızını bağladı, əliylə oğlana “get” işarəsi etdi. Oğlan qızdan uzaqlaşdı, xəyali bir güzgüyə baxıb “bəzəndi”, “saçını- başını düzəltdi” və çevik hərəkətlərlə yenidən qızın ətrafında fırlanmağa başladı. Qız duvağını açdı, güldü. O an tarın hüznlü səsi itdi, nağaranın ritmi sürətləndi, qarmon coşdu. O kiçik adamın səsi də, ifası kimi cazibədardı: “Mehribanım, Mehribaaaan, gəl oynaaaa, çal oyna. Gözəəəl oğlan, göözəl qıııız, çal oyna…”
Səhnədə bir toy başladı. Oğlan nazlanan qızın əlindən tutdu, digər rəqqasələrin alqışları arasında səhnənin dörd bir tərəfini dolandılar. Sanki birlikdə toya gələnləri salam­layırdılar. Gənc qızlar, oğlanlar, səhnənin dörd yanından rəngarəng bir sel olub axdılar, axdılar, axdılar…
Tarı buraxdı bəstəboy adam. Səhnəyə gəldi.
- Bəsdi, yaxşıdı,- dedi,- yaxşıdı, bax belə ey!
Gənclər çölə çıxarkən uzun boylu, qəşəng geyinmiş bir nəfər girdi içəri. Cibindən üç dənə “onluq” çıxardı, çalğıçılara payladı. Tarzən boynunu büküb:
- Uşaq xəstədi,- dedi, dərman alıb aparacağam, iki lirə də ver. Gələn həftə əskik verərsən.
- Mənə deyilən budu, - dedi, adam. - Başqa pul vermədi…

Səhəri gun tezdən qapımızın zəngi çalındı. Xanım mətbəxdən qışqırdı:
- Qapıya baaax!
Qalxdım, tələsik qapını açdım. Yaşlı bir qadın idi, yanında da on yaşlarında bir qız uşağı… Qız anasıydımı, nənəsiydimi, - qadının ətəyindən möhkəmcə yapışmışdı. Mən qapını açanda üzünü qadının ətəyində gizlətdi. Uzun bir hörüyü var idi, hörüyünün ucunda da solğun, rəngi bilinməyən bir lent… Qadın nəmli gözlərini qaçırdı məndən. Gözlərində anlaşılmaz bir narahatlıq vardı. Yelçəyinin ucunu əliylə gözlərinə apardı. İncə, əsmər, zəif əlini uzatdı, boğuq bir səslə:
- Oğul, - dedi, - oğul, Qarabağ qaçqınıyıq… səsi qırıldı, yəqin ” oğul, bir kömək edərsənmi” deyə­cəkdi… Dedimi, mən eşitmədim, yoxsa deyəmi bilmədi?..
Bu sözlər - dediyi də, demədiyi də, bir bıçaq kimi batdı ürəyimə. Qanım içimə axdı…
- İçəri gəlsəydin, xala, - dedim, - gəl, soyuqdu, uşaq da qızınar bir az…
- Yox, balam, - dedi, - çox sağ ol, gedək…

İncə, zəif, əsmər əlini yumub, binanın yarıqaranlığında bir kölgə kimi geriyə döndü qadın. Qız da ətəyə bağlıymış kimi, qadının sovrulan balağıyla birlikdə dönüb getdi. Qızın üzünü görə bilmədim. Bir bəhanəylə gözlərini görmək istədim, qapıdan sallanıb, arxasınca ümid­sizcəsinə çağırdım.
- Kiçik qız, adın nədi sənin?
Qız çevrilib baxmadı, qadının ətəyinə bir az da qısıldı. Qadın bir neçə pillə aşağıdan səsləndi, səsi mənə qədər güclə çatdı və soyuq divarlara çırpılıb çilikləndi:
- Pünhanə, balam, Pünhanə…
Günlər, gecələr boyu o qızı düşündüm, uzun gecələri danışdım o qızla:
“Pünhanə! Gözlərin nə rəngdi sənin? Bəs əllərin, əllərin?… O kiçik ayaqlarınlamı qaçdın güllələrin, bombaların qarşısından? O kiçik addımlarınlamı aşdın dağları? Üşümədinmi Pünhanə? Üşümədinmi? Üzün niyə uşaq üzü deyil, nə üçün bu qədər yanıb Pünhanə? Bom­baların, güllələrin səsini eşitdimi qulaqların? Bəs gözlərin, gözlərin nə rəng idi Pünhanə? Axan qanı gördümü o gözlərin? Qanlar sıçradımı evinizin divarlarına? Divarların dibində ağlayıb qaldınmı heç? Bir ceyran kimi qorxudan böyümüş gözlərinlə qan içən kaftarlara baxdınmı? Onda neçə yaşında idin, Pünhanə? Məktəbə gedirdinmi? Bəs qələmin, dəftərin, boyaların? Oyun oynayarkənmi, tək ayağının üstündə səkərkənmi düşdü bombalar? Yoldaşların, yoldaşların öldümü, Pünhanə? Qanamı batdı oyuncaqların? ”

Heç bir gecə, heç bir suala cavab vermədi o qız, heç baxmadı üzümə, heç görmədim gözlərini…
Gecə sulu bir qar səpələyirdi. Pəncərədən çölə baxırdım. Göy guruldayır, şimşəklər çaxırdı dalbadal. Bəlkə şimşək deyildi, bəlkə yenə uzaq şəhərlərə, kəndlərə bombalar yağırdı. Ətraf gah işıqlanır, gah zülmət bir qaranlığa qərq olurdu. O bir anlıq işıqda, işıqlarla birlikdə bir qız uşağı gəlib dayandı qarşımda. Uzun bir hörüyü vardı bu qızın, hörüyünün ucunda da solğun, rəngi bilinməyən bir lent. Şüşəyə yaxınlaşdıqca itirdi üzü. O uzaq şəhərlərdən qaçmışdı yəqin ki. İslanmışdı, pərişan, yorğun, qorxaq və ürkəkdi… Elə bil əlimi uzatsam, qızın əllərini tutacaqdım. Amma əllərimi uzadanda, əllərim boşluqdan asılı qalırdı. Əlimi tutmurdu, əlləri yox idi bu qızın. Qaşları, gözləri, ağzı, burnu, yanaqları yox idi… Bir hörük və bir lentdən ibarət idi bu qız. Lent qana batmışdı, qıpqırmızı idi. Qızın üzündə bir işıq parlayırdı, ağ bir işıq. Və o hörük də, o lent də əriyir, itirdi bu işığın içində.

Sonra əsmər, zəif bir əl uzandı şüşəyə. O əl uzandı, uzandı, şüşəni deşib gözlərimin önünə qədər gəldi. Həmin qadının əli idi və bu əsmər, zəif əllərdən qan axmağa başladı. Sonra bu əlin arxasında bir qadın siuleti meydana çıxdı… Qaranlığın içində qara bir kölgə kimi dayanan qadının da üzü yox idi, amma səsini eşidirdim. Səsi bir fəryad idi:
“Oğul” deyirdi, “oğul, Qarabağ qaçqınıyıq”…

Gecəni yata bilmədim, səhər erkəndən qalxdım. İşə gedəndə binanın ağsaqqalı Kəlbayı kəsdi yolumu.
- Müəllim, binanın qapıçısı çıxıb gedib, daha gəlməyəcək, cavan bir xidmətçi tapmışam, indi gəlməlidi. Sən danış onunla, binanın idarəçisi sənsən də müəllim, xəbərin yoxdu? Dünən mən yandırmışam qazanı…”
- Yaxşı, gəlsin Kəlbayı,- dedim -gəlsin baxarıq…

Binanı guya Kəlbayı ilə mən idarə edirdik. Mən hesab işlərinə baxardım, o da odun, kömür, təmir işlərinə… Hər ay bir hay-həşir qopurdu bizim binada. Gah lift işləmir, su kəsilir, elektrik xətləri yanır, gah da yanacaq donur, kanalizasiya tutulur, qapıçı pulu ödənmirdi…
- Təməli xarabdı bu binanın - dedi Kəlbayı, - bu saqqalımdan utanıram, yoxsa bunların hamısını verəsən qılıncın qabağına…
- Az qaldı, bu qışı da ötürək, ilk işim başqa bir yerə köçmək olacaq.
Biz Kəlbayı ilə danışanda incə, çəlimsiz bir gənc yaxınlaşdı.

- Sabahınız xeyir.
- Xidmətçi gəldi, müəllim, budu xidmətçi, - dedi Kəlbayı.
Gələn on beş - on altı yaşlarında bir cavan idi. Səhər tezdən gəlib dirənmişdi qapıya. Tez - tez əsnəyir, gözlərindən yuxu axırdı. Mən çaşqın - çaşqın uşağı süzürdüm və elə bil ağır kömür torbalarını öz kürəyimdə hiss edirdim. Böyük vedrələrlə qazanxanadan kül çı­xarırmış kimi dizlərim bükülürdü. Yıxılıb qalırdım zirzəminin qaranlıq pillələrində. Qazanı yandırarkən boğulurdum tüstüdən, danlayırdılar məni, hirslənirdilər, söyürdülər…

Dünyanın hər üzünü görmüş qoca Salman dayı dözə bilməmişdi bu binanın əziyyəti­nə, çıxıb getmişdi… Üstəlik hər iş gəlirdi Salman dayının əlindən. Elektriki, suyu, qazanı özü təmir edərdi… Bu çəlimsiz uşaq, hələ yeniyetmə bir cavan nə edəcəkdi? Hələ ana uşağıydı axı?.. Soyuq səhərləri necə oyanacaqdı erkəndən, necə qalayacaqdı qazanı, o ağır vedrələri necə qaldıracaqdı? Necə?..
Əlacsız qalıb soruşdum:
-Sən… sən, öhdəsindən gələ bilərsənmi, çətindir axı…
Uşaqdan əvvəl Kəlbayı cavab verdi:
- Hə, cavan xidmətçidi də, müəllim, niyə bacarmasın? Mən bunun yaşında olsam, daşı əzib un ələyərəm.
- Hələ çox gəncdi Kəlbayı, hələ uş…
- Bacararam, abi, bundan qabaq başqa binalarda da işləmişəm.
“Olmaz”- deyə, geri qaytara bilmədim uşağı. Zirzəmiyə endik. Hər tərəf his, rütubət, kömür qoxusu, nəm qoxusu… Küncdə qapıçıların qaldığı uçuq-sökük bir daxma… Çürümüş, su sızdıran borular, bir-birinə calanmış, hardan gəlib hara getdiyi bilinməyən elektrik kabelləri, bir küncə yığılmış böyük kömür torbaları, iri odun kötükləri…

Kəlbayının “daşı əzsə un edən cavan xidmətçi” dediyi oğlandan soruşdum:
- Adın nədi?
- Seyfəddin.
- Seyfəddin, səhər saat altıda qazanı yandırmalısan, odun və kömür burdadı.
- Oldu.
- Saat yeddidə isti suyu verməlisən, su vannaları odur ordadı.
- Oldu, abi.
- Aman, diqqətli ol, bacarmadığın bir iş olsa, əlini vurma sən.
İşlərini başa saldım, yüzlərlə əmr sıraladım Seyfəddinə.
“Edəcəksən, edəcəksən, gedəcəksən, gələcəksən, tutacaqsan, atacaqsan, yatacaq­san, qalxacaqsan… oldumu?
- Oldu, abi, oldu abi.
Seyfəddin qalacağı daxmaya baxdı. Salman dayıdan qalma köhnə bir yorğan, taxta bir stul, kiçik bir balon, kirli bir stəkan, hisli bir tava, bir küncdə əl fənəri, vintaçan, yanmış elektrik qızdırıcıları, kəlbətin, çəkic…
Seyfəddin qalacağı yeri qaydaya salmalı idi. Mən insanı boğan, əzən, acı qoxuyan zirzəmidən yuxarı çıxdım, dərin bir nəfəs aldım, Kəlbayıya “Xudahafiz, uşağa kömək elə”- deyib iş yerinə üz tutdum.

Axşamüstü evdən axtardılar.
- Çox soyuqdu, qızdırıcılar yanmır, elektriklər də kəsilib, hardasan?
Hava qaralırdı, qızdırıcılar çoxdan yanmalıydı. Görəsən, Seyfəddin elə ilk gündən çıxıb getmişdimi? Görəsən Seyfəddin? …Bu fikirlərlə avtomobilə mindim, evə nə vaxt çatdığımı bilmədim. Binanın girişində Hacı Sevəm nənə qarşıladı məni, şikayətlərini sıraladı:
-Ay oğul, donmuşuq axı. Niyə yanmır bu qızdırıcı?
- Baxarıq, Sevəm nənə, yandırarıq indi, yeni qapıçı çox cavandı, bəlkə yandıra bil­məyib, düşüm bir baxım.

Zirzəmiyə doğru bir neçə pillə endim, qatı bir kif qoxusu vurdu üzümə. Qapını itələdim, cırıldayaraq açıldı. İçəri zülmət qaranlıq idi. Bir - iki pillə də enib çağırdım:
- Seyfəddin! Seyfəddin!
Cavab gəlmədi. İçəridə heç nə işləmirdi. Nə qızdırıcının səsi, nə suyun… “Yəqin çıxıb gedib, haqlıdı uşaq”- dedim içimdə, “burada kim qalar ki…? ”

Evə qayıdıb əl fənərini götürdüm, təkrar endim aşağı.
- Seyfəddin! Seyfəddin!
Qızdırıcı qazanına doğru bir neçə addım atdım. Qazan yanmırdı. Qazanın önünə odun və kömür yığılmışdı. “Yandıracaqmış, sonra fikrindən daşını çıxıb gedib,” dedim öz-özümə . Daxmaya üz tutdum, fənərin işığını daxmanın içinə saldım. Heç kim yox idi. Fənəri sağa - sola çevirib ətrafıma baxarkən birdən yan tərəfimdən can hayında inləyən, yalvaran, boğuq bir səs gəldi. Ürpərdim, geriyə çəkildim.

- Abiii!
İşığı səsin gəldiyi tərəfə tutdum. Qaranlıqda parlayan iki göz gördüm. Tir-tap yerə sərilmişdi Seyfəddin. Sol əlini irəli uzatmışdı, kömək istəyirdi. Çətinliklə “abi”- dedi ye­nidən. Sürünərək qapıya doğru gəlmək istəmiş, taqəti tükənib eləcə də qalmışdı. Bir az əvvəl ordan keçəndə necə fərq etməmişdim?

Seyfəddindən bir az qabaqda ilan kimi qıvrılmış bir elektrik kabeli vardı. Beynimdən vurulmuşa döndüm. Seyfəddini qucaqladım, sağa sola çırpa-çırpa özümü çölə atdım. Yazıq uşağın cılız bədəni yarıcanlı, ikiqat çiynimdə yellənirdi. Əli, üzü, üst- başı kömür tozuna bulanmışdı. Kürəyimdən düşməsin deyə iki əlindən möhkəmcə tutmuşdum. Sağ əlində qəribə bir soyuqluq vardı, üzünün sağ tərəfi büzüşmüşdü. Nəsə demək istəyir, amma danışa bilmir, inil­dəyirdi:

- Abiii…
Sevəm nənə dizlərinə vura-vura gəldi:
-Ay quzum, buna nə olub?
Avtomobilin qapısını açıb qoydum uşağı. Bir çuval kimi yıxıldı avtomobilə, başını tuta bilmirdi, kresloya aşdı Seyfəddin.
Sevəm nənə:
- Cavan uşaqdı, ay Allah, sənə tapşırıram, - deyə dualar tökdü arxamızdan. Sevəm nə­nənin çığırtısına toplaşan qonşuların arasından sürətlə sürdüm avtomobili.

Haralıyıdı bu uşaq? Onu hansı çovğun sovurmuşdu buralara? Hardan gəlib hara gedirdi? Kimin kimsəsiydi o?.. Anası - atası kim idi..? Səhər sapsağ olan oğlanın indi yarıcanlı bədəni və bir də adı vardı: Seyfəddin! Aman Allah, avtomobilin arxasında can verən bu yeniyetmə yaşayacaqmı? Tez-tez dönüb arxaya baxırdım. İki kilometrlik yol uzandıqca uzanırdı. Səhvmi gedirdim? Xəstəxana hansı tərəfdə idi? Bu şəhər niyə bu qədər dəyişmişdi?…

Xəstəxanaya nə vaxt çatdım? Seyfəddini necə qucaqlayıb xərəyə atdım? Sistemi kim taxdı? Xəstəxana niyə qaranlıq idi, yoxsa hələ zirzəmidə idimmi? Bilmirəm…
Nəfəsi tıncıxırdı, bir az sonra tənəffüs cihazına bağladılar. Gözlərini açdı bir ara, fikrə getdi, sonra sakitcə yumdu gözlərini. Yatmışdımı?
Ayaqqabılarının biri qara, biri qəhvəyi idi, xəstəxanada fərq etdim. Boynunda qara iplə bağlanmış bir dua vardı. Əllərli, üzü, üst - başı kömür qarasıydı. Üzü… Allahım bir yanağı nə üçün belə kiçilmişdi!? Elə bil sağ yanağı zəifləmiş, qurumuşdu.

Həkim: “Pencəyini çıxarın”- dedi. Tibb bacıları pencəyini çıxaranda iç cibindən nimdaş bir pulqabı, pulqabının içindən də bir neçə kağız parçası və bir fotoşəkil düşdü. Seyfəddinə bənzəyən bir gəncin yüngülcə gülümsəyən ağ-qara fotoşəkli idi. Uzaqlara baxırdı foto­şəkildəki gənc. Uzaqlara, çox uzaqlara… Pulqabısını, rəsmi və üstündə ünvanlar, nömrələr yazılmış kağızları yığdım yerdən…
-Sağ tərəfi iflic olub, - dedi həkim, - şokdadı, özünə gələ bilər, amma çətin ki…
Nədənsə birdən tərpəndi, gözlərini açdı Seyfəddin. Sağ əlinə, sağ ayağına baxdı, gözləri yaşardı, səssizcə ağladı. Sağ yanı işləmirdi, hiss etmişdi bunu.

- Düzələcək, həkim elə söylədi, - dedim, - qorxma.
- Abi, - dedi, - atam… atama xəbər ver.
- Burdadımı atan, harda qalır? Eviniz hardadı?
- Valilik yolunda, məktəbin qabağında, yaşıl bina… zirzəmidə…
- Seyfəddin, Seyfəddin…

Eşitmədi. Ancaq bunları deyə bildi, nəfəsi kəsildi, gözləri yumuldu yenə. Otaqdan çıxdım. Söylədiyi ünvanı düşünürdüm. Tərif etdiyi yerdə bir dənə məktəb vardı zatən, o böyük bina olmalı idi. Avtomobilə doğru getdim. Arxamdan bir səs:
- Bəyəfəndi, bəs bunun xərcləri…? Yazmağımız lazımdır axı, adı- soyadı nədir bunun?
Yalnız adı vardı bu uşağın, adından başqa heç bir şeyi yoxdu. …Öz adımı söylədim. Tibb bacısıya kimliyimi uzatdım, “sən qeyd elə, mən gəlirəm” dedim.

Kürəyimdə qara xəbərin tonlarla ağır yüküylə Seyfəddinin tərif etdiyi yerə gəldim. Qarşıma çıxan adama nə deyəcəkdim? “Seyfəddini elektrik vurdu, iflic oldu… Çətin!..” Necə deyəcəkdim? Mən nəyi idim bu insanların? Az sonra qapısını döyəcəyim insanlar kim idi?..

Binaya girdim, işığı yandırdım, zirzəmiyə enən pillələrdən yavaş - yavaş aşağı endim. Üstdən sızan sular divarlarda kirəcləmiş, beton divarlar bəzi yerlərdə ağarmışdı. Aşağıda köhnə-külüş əşyalar, karton qutular, qırıq kreslolar, kürsülər… İşıq söndü, ayaqlarım nəyəsə ilişdi, əlimi divara sürtə-sürtə irəlilədim. Bir az kənarda taxta qapının aralığından zəif bir işıq süzülürdü. Kandarda dayandım. Qapını döyməyə qorxurdum, bir neçə dəfə əlimi uzadıb geri çəkdim. Görəsən gerimi dönüm? Bəs uşaq oyanmasa!? Sonra bütün cəsarətimi toplayıb qapını döydüm.

İçəridən ayaq səsləri gəldi, qapı açıldı. Kiçik bir qız açdı qapını. Qarşıdakı otağın qapısı da açıq idi və otağın qarşı divarı görünürdü. Qız çaşqın- çaşqın gözlərimə baxdı. Birdən itdi qızın gözləri. Əli, ayağı, üzü, bütün bədəni itdi qızın. Qapıda əriyib itən qızın hörüyü və lenti qaldı gözlərimin qarşısında. O anda bir qadın çıxıb gəldi otaqdan. Əsmər, zəif bir qadın. Əlləri tanış idi qadının, əlləri yorğun, əlləri möhtac… Mənə baxdı və əsmər, zəif əlləri iki yanına düşdü. Kiçik qız geriyə dönüb üzünü qorxuyla gizlətdi bu qadının ətəyində. İki günahkar kimiydik. Qadın da danışa bilmirdi, mən də. Otağın qarşı divarına sataşdı gözüm. Divarda, gövdəsi sədəf işləməli bir tar asılmışdı. Tarın yanında, ortasında ay - ulduz olan mavi, yaşıl, qırmızı rəngli bir bayraq və ağ-qara bir fotoşəkil… Seyfəddinin pulqabısındakı fotoşəkil! Qarşı otaqdan kişi səsi gəldi və az sonra üzünün bir tərəfi yaralı, bir gözü kor həmin tarzən göründü . O otaqdan çıxanda kiçik bir uşaq ağladı arxasınca.
Söyləyəcəklərim boğazıma düyünləndi. Kəkələdim, udqundum, danışa bilmədim.
- Seyfəddin - dedim, - Seyfəddin yıxılıb… Yaralanıb… Qorxmayın, xəstəxanadadı…
Üzümdəki narahatlıqdan bir fəlakət sezdi qadın, iki əlini havaya açıb yalvardı:
- Seyfəddin! Seyfəddin! Düz deginən, ay oğul! Nə olub?
Kişi söylədiklərimə inanmaq istəyirmiş kimi, qadına tərəf döndü:
- Deyir heç nə yoxdu, qorxma, xəstəxanadadı. Tez elə, qıza xəbər ver, gəlsin uşaqların yanında dursun.
Qadın:
- Birini Qarabağda basdırdım, ay Allah! Bunu məhruma bağışla! - deyib, sinəsinə döyə-döyə çıxdı.
İçəri girdik. İçəridəki uşaq dayanmadan ağlayırdı. Deməli, bu uşağa dərman alacaqdı tarzən. Lentli qız kiçik qardaşını ovutmağa çalışırdı. Bir alov qarsmışdı qızın sifətini, yanmışdı üzü, üzü yox idi. Ata çarəsiz var - gəl edirdi otaqda…
- Uzaqdımı, - dedim, kaş ki avtomobillə aparaydım xalanı.
- Yaxındı, qızımı burada ərə vermişəm, indi gələrlər.
O soyuq, o pərişan otağın divarları üstümə gəlirdi. Otaq sanki çökür, divarlar başıma aşırdı. Divarda fotoşəkildəki gənc uzaqlara dikmişdi gözlərini. O gənc birdən o şəkil çər­çivəsindən əllərini çıxardıb yanında asılmış tarı götürdü, tar acı - acı inləməyə başladı. Tarın səsi, ağlayan uşağın səsi, yıxılan divarların səsi… Divardakı bayrağın rəngləri əridi, saraldı, soldu… O bayraq sanki qandallanmış bir məhbus idi, tərpənə bilmirdi, sanki bir külək gözləyirdi. Tar havasında çox uzaqlardan gələn bir Qarabağ şikəstəsi vardı, eşidirdim…
Kişi heç nə soruşmur, mən heç nə deyə bilmirdim. Zaman dayanmışdı, saatlar donmuşdu, hər dəqiqə bir ilə dönmüşdü…
Dəhlizdən təlaşlı səslər gəlməyə başladı, qapı açıldı. Otağa əvvəl qadın, arxasınca iri gözləri olan dünyalar gözəli gənc bir qız girdi, yanında da zırpı, qırx - qırx beş yaşlarında bir adam… Bu yekəpər kişi bu qızın əri idi yəqin.
Bir - birinin arxasınca baş verən hadisələr məni sarsıtsa da, beynim dumanlansa da, çox iti düşünürdüm. Anlayırdım ki, bu gənc qız bir meşədə kaftarların qovduğu bir ceyran imiş, qa­yalardan, sıldırımlardan səkərək canını götürüb hey qaçmış, xilas olmuşdu kaftarların əlindən. Addım atmağa taqəti qalmayanda bir qurd peyda olmuşdu başının üstündə və o gözəl ceyran bu zırpı qurda təslim omuşdu… çarəsiz.
Mən indi bu qızın incə ruhunun bu yekəpər canavarın caynaqları arasında necə inlədiyini hiss edirdim. Bu onun gözəl gözlərinə yazılmışdı.
Gənc qız ağlayan uşağı bağrına basdı, digər qız bacısının (bacısıydımı- bibisiydimi, bilmirdim) ətəyinə sarıldı. Divarlar hələ cırıldayır, tar hələ çalınırdı. Bayraq hələ də bir meh gözləyirdi.
Otaqdan çıxdıq.
Avtomobildə qadın ağlayır, kişi isə susurdu. Mən o gənc qızı, o gözəl gözlərin sahibini düşünürdüm. Kim bilr, bəlkə də Qarabağda söz verdiyi bir gənc vardı, bəlkə də o gənc də bir xain gülləyə qurban getmiş, bu qızın ümidləri, əhd- peymanı da qana bulanmışdı… Kim bilir, o ceyran gözlərini uzaqlara zilləyib, nə qədər yol gözləmişdi. Kim bilir, bəlkə onun da ruhu indi bir əsirdi, qandallanmış bir məhbus…
Xəstəxanaya çatdıq. Seyfəddin hələ gözlərini açmamışdı. Tənəffüs cihazını da çıxarmışdılar. Mən gedəndə heç olmasa danışırdı, aradabir gözlərini açırdı, indi nəfəs də al­mırdı Seyfəddin.
Tibb bacısı bir kağız uzatdı mənə, heç bir şey olmamış kimi adi bir tonla:
- Öldü, dedi, - imzalayın.
Kişi də, qadın da eyni anda o cılız bədənin üstünə sərildi. Və xəstəxananın dərman qoxulu dəhlizlərində ürpədici bir səs əks-səda verdi:
- Seyfəddiiin! Seyfəddiiin!
O səs, böyüdü, dəyişdi, daşdı xəstəxanadan, əvvəl şəhərə dağıldı, şəhərin bütün şüşələrinə çırpıldı, sonra düppədüz üfüqləri tutdu bu səs və bütün dünyaya yayıldı:
“…Qarabağ…!!!”


Tarix: 08.06.2015 / 17:48 Müəllif: Aziza Baxılıb: 255 Bölmə: İmdat Avşar
loading...