Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə Müsəlman Milli Komitəsi

Gəncə Müsəlman Milli Komitəsi (1917) — qeyri-hökumət ictimai təşkilatı.

Fevral inqilabından (1917) sonra Azərbaycanın Bakı və digər şəhərləri ilə yanaşı, Gəncədə də Müsəlman Milli Komitəsi yaradılmışdı. Ölkədə haki-miyyətsizlik və anarxiyanın hökm sürdüyü 1917-18-ci illərdə (Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncəyə köçənə qədər) başqa yerlərdə olduğu kimi, Gəncədə də azərbaycanlıların vəziyyəti və onların müdafiəsi ilə əlaqədar bütün məsələlər bilavasitə bu komitə tərəfindən həll edilirdi. Gəncə Müsəlman Milli Komitəsinə Nəsib bəy Yusifbəyli başçılıq edirdi. Ələkbər bəy Rəfibəyli, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Aslan bəy Səfikürdski, Məmmədbağır Şeyxzamanlı və b. Milli Komitənin üzvləri idilər. Komitənin silahlı mühafizə dəstələri yaradılmışdı. Qaçaq Qəmbər, Sarı Ələkbər kimi nüfuzlu qaçaqlar Komitəni müdafiə edirdilər. 1918-ci ilin birinci yarısında erməni-daşnaklarının xalqımıza qarşı soyqırımlarının qarşısını almaq üçün Gəncədəki Müsəlman Milli Komitəsi xüsusi fəallıq göstərmişdi. Məhz Gəncə Müsəlman Milli Komitəsinin səyləri nəticəsində şəhərdə və qəzada ermənilərin törətdikləri qırğınların qarşısı alınmışdı. Onlar hətta şamaxılıların da köməyinə getmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdükdən sonra, iyunun 27-də Gəncə Milli Komitəsinin sərəncamındakı bütün ərzaq ehtiyatının ərzaq nazirliyinə təhvil verilməsi barədə qərar qəbul etdi. Hökumətin 1918-ci il 7 iyul tarixli digər qərarı ilə daxili işlər, maliyyə və ərzaq nazirliklərinə Gəncə Müsəlman Milli Komitəsini ləğv etmək, onun əmlakını aşkarlamaq və qəbul etmək üçün xüsusi ləğvetmə komissiyası yaratmaq. Hökumətin həmin gün qəbul etdiyi digər qərarında isə daxili işlər nazirliyinə tapşırılırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət hakimiyyət orqanları yaradıldıqca, həmin ərazilərdəki milli komitələri ləğv etsin.


Tarix: 12.02.2015 / 14:34 Müəllif: Feriska Baxılıb: 76 Bölmə: Ümumi
loading...