Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Yəhya Bakuvi - Həyatının Bakı dövrü

S.Yəhya Bakıda qırx ildən çox yaşamışdır. Bakıdakı fəaliyyətinə nəzər saldıqda bu müddətin mənbələrdə doğru göstərildiyi aydınlaşır. Bunun əksinə başqa bir məlumat da yoxdur. Bu halda S.Yəhyanın Bakıya XV əsrin 20-ci illərində gəlməsi qənaəti hasil olur. Bakıya getməsinə səbəb olan hadisə Şeyx Sədrəddinin vəfatından sonra şeyxlik məsələsində Pirzadə ilə aralarında çıxan ixtlafdır. Şeyx Sədrəddin vəfatından öncə tərəfdarlarını toplayaraq Seyid Yəhyanı yerinə təyin etmiş və ona itaət etmələrini söyləmişdir. Lakin şeyxin ölümündən sonra Pirzadə onun yerinə taxta əyləşmiş və S.Yəhya Bakıya köçmüşdür.

S.Yəhyanın Bakıya köçdüyü zaman Şirvanşah I Xəlilullah xan idi. O, Bakıya gəldikdən sonra burada Şirvanşah I Xəlilullah xanın da yardımı ilə xəlvətiliyin ilk böyük xanəgahını açmışdır. Bakıdakı xanəgahın inşasında Şirvanşah I Xəlilulllah xanın yardımçı olmasını Seyid Yəhya türbəsinin ətrafında Şirvanşah tərəfindən inşa edilən məscid və digər binalardan da anlamaq mümkündür. Mənbələrdə də Şirvanşah I Xəlilullahın ona böyük yardım göstərdiyi və hörmət etdiyi qeyd edilmişdir.

Şirvanşah I Xəlilullah xan ilə aralarındakı yaxşı münasibəti göstərən əlamətlərdən biri də S.Yəhyanın Kəşfül-qülub əsərini Şirvanşaha ithaf etməsidir. Belə ki, əsər bu ifadələrlə başlayır: "Bu risaləni yazmanın səbəbi ua ədalət əmiri, aləmdəki bütün sultanların ən şərəflisi, əl-Məlikül Mənnanın hökmünün davam etdiricisi, Xəlilür-rəhmanın adaşı sultan ibni sultan Əmir Xəlilullahın (Uca Allah bütün aləmə və almdəkilərə yaydığı rəhməti ilə onu ən uca məqama çıxarsın) gündən-günə artan dövlətinin itidali-vasitəsi ilə tapdığım əmniyyət və əman ilə yazdım (Əmirül-adil. Əzam, Əkrəm, Xülasətüs-səlatin fil-aləm, əl-Müəyyəd, əl-Məlikül-Məənnan, Xəlilur-rəhman, Sultan ibni sultan, Əmir Xəliullah hallədallahu təala səradika əzəmətəhu və cəlalulhu adına yazılmışdır".

Seyid Yəhya müridlərinə uzun ömür verməsi üçün Allaha dua edərkən "Xəlil bəyə dua edin, çünki mənim ömrüm onun həyatıdır" – demişdir. Həqiətən də Şirvanşah I Xəlilullah xanın ölümündən doqquz ay sonra S.Yəhya da vəfat etmişdir.

Mənbələrdə S.Yəhyanın təsəvvüfi həyatı ilə bağl məlumatlarla yanaşı ailə həyatı ilə də bağlı məlumatlara rast gəlinir. Onun xanımı şeyxin qızıdır. Şeyx Sədrəddin gələcəkdə xəlvətiliyin ən böyük şeyxi olacaq istedadlı müridi S.Yəhyanı qızı ilə evləndirmişdi.

S.Yəhyanın övladlarının sayı qaynaqlarda açıq ifadəsini tapmamışdır. Ancaq mənbələrdəki bilgilərdən üç oğlunun olması dəqiq bilinir. M.Nəzmi S.Yəhyanın böyük oğlunun adının Fəthullah olduğunu və atası vəfat etdikdən sonra onun yerinə Bakıda səccadəyə oturduğunu bildirir. Fəthullah atasından sonra bir il şeyxlik etdikdən sonra vəfat etmiş və atasının yanında dəfn olunmuşdur.

Ləmazatdakı süfrə mənqəbəsindən aydın olur ki, ortancıl oğlunun adı Əmir Güllə olmuşdur.

Şeyxin üçüncü oğlu ilə əlaqədar məlumat verən Həsən Krımidir. O, S.Yəhyanın kiçik oğlunun adının Nəsrullah olduğunu, Krım xanı tərəfindən Krıma dəvət olunduğunu, onun da bu dəvəti qəbul edərək Krıma getdiyini bildirir. Nəsrullah burada ona bağışlanan təkyədə şeyxlik etmişdir. O, həm də Krım xanlığının Nəqibül-əşrafı vəzifəsində işləmişdir. Krım və ətrafında xəlvətilik onun vasitəsi ilə yayılmışdır. XVII əsrə kimi Krımda Şeyx Nəsrullahn nəsli davam etmişdir.


Tarix: 11.02.2015 / 17:53 Müəllif: Feriska Baxılıb: 153 Bölmə: Ümumi
loading...