Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Yəhya Bakuvi

Seyid Yəhya Bakuvi — Mənşəcə Azərbaycan türklərindənolan Seyid Yəhya Bakuvi Azərbaycanın tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusudur. Bakuvi eyni zamanda xəlvətiliyin virdi olan Virdü-Səttarın müəllifidir. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.
Seyid Yəhya haqqında qaynaqlar
Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkir alim Seyid Yəhya Bakuvi və onun inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqəti XV əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olmuş və geniş yayılmışdır. S.Yəhya zəngin üç dilli (türk, ərəb, fars) təsəvvüfi-fəlsəfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir etmişdir.

Müəllif haqqında ən doğru bilgiləri, şübhəsiz ki, öz əsərləri verə bilər. Ancaq müsəlman müəlliflər, adətən əsərlərində özləri barədə az məlumat verirlər. Bəzən adlarını da yazmamaları, görünür təvazökarlıqdan irəli gəlmişdir. S.Yəhya da əsərlərində özündən çox bəhs etmir. Lakin yenə də onun həyatı ilə bağlı bir sıra məlumatlara rast gəlmək mümkündür. Belə ki, o, Şifaül-əsrar əsərində müəllimlərini, Kəşfül-qülub əsərində Şirvanşah I Xəlilullahı yad edir. Bəzi şerlərində də həyatı və çilləri barədə məlumata rast gəlinir.

S.Yəhyanın əsərlərində onun fəlsəfi-dini düşüncəsi və təsəvvüfi anlayışı barədə geniş məlumat vardır. Ona qədər təsəvvüf sahəsində əsər yazan müəlliflər o qədər də çox deyildi. Xüsusilə xəlvətilik təriqətinin sistemi və üsulları haqqında ondan öncə yazılmış əsərlərə təsadüf edilmir. Demək olar ki, xəlvətilik təriqətinin təqribən 200 illik üsul və prinsipləri ilk dəfə onun tərəfindən yazıya alınmışdır. Hətta bu üsulların bir çoxu ilk dəfə S.Yəhya tərəfindən müəyyənləşdirilərək tətbiq olunmuşdur.

O, iyirmidən çox əsəri ilə xəlvətiliyin təsəvvüfi-fəlsəfi əsaslarını quraraq günümüzə qədər gəlməsini təmin etmişdir. M.Rıhtım qeyd edir ki, xəlvətilik təriqətinin bütün şöbə və qolları tərəfindən oxunan xüsusi dua (vird) və təriqətdə yerinə yetirilməsi zəruri olan üsul və qaydalar (ədəb) S.Yəhya tərəfindən yazılmış və yayılmışdır. Virdü-Səttar və Meyari-təriqət adı ilə tanınan bu əsərlər əslində xəlvətiliyin həqiqi qurucusu adını ona vermək üçün kifayətdir.

Lamii Mahmud Çələbinin Nəfahət tərcüməsi, Taşköprülüzadənin "Şəqayiqi-Numaniyyə fi üləmayi-dövləti Osmaniyyə", Məcdi Məhəmməd əfəndinin "Hədaiqüş-şəqayiq", Yusif ibn Yaqubun "Mənaqibi-şərif və təriqətnammeyi-piran və məşayixi əliyyəyi-xəlvətiyyə", Məhəmməd Cəmaləddin əl-Xulvinin "Ləmazati-xulvi və Ləmazati-ulviyyə", Əli Əlinin "Töhfətül-mücahidin və Behcətüz-zahidin", Məhəmməd Nəzminin "Hədiyyətül-ixvan", Həsən Krıminin "Məqalate-əliyyeyi-təriqəti-xəlvətiyyeyi-Camaliyyə", Həririzadə Məhəmməd Kəmaləddin əfəndinin "Tibyani-vəsail-il-həqaiq fi bəyani-səlasil-it təraiq", Sadiq Vicdaninin "Tomari-turuki-Əliyyə", Hüseyin Vəssafın "Səfineyi-övliyayi-əbrar şərhi-əsmar", Bursalı Məhəmməd Tahir əfəndinin "Osmanlı müəllifləri", Bağdadlı İsmayıl paşanın "Hədiyyətül-arifin", Məhəmməd Əli Ayninin "Təsəvvüf tarixi", Xocazadə Əhməd Hilminin "Seyid Yəhya və Ziyarəti-övliya", Rəhmi Sərinin "İslam təsəvvüfündə xəlvətilik və xəlvətilər" əsərləri həm S.Y.Bakuvinin həyat və yaradıcılığı, həm də xəlvətiliyin tarixi üçün əhəmiyyətli mənbələrdir.

S.Yəhyanın İstanbul Universiteti Kitabxanasında olan əsərləri haqqında Əhməd Atəş məlumat vermişdir. Fuad Köprülü, Əbdülbaqi Gölpınarlı və Təhsin Yazıcı da Seyid Yəhya və xəlvətilik haqqında dəyərli məlumatları əsərlərində nəql etmişlər.

Həyatı
Seyid Yəhya Azərbaycanın Şamaxı şəhərində doğulmuşdur. Onun anadan olduğu dövrdə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhəri bu bölgədə önəmli elmi, siyasi və mədəni mərkəz mövqeyində idi. Seyid Yəhyanın doğum tarixi barədə qaynaqlarda heç bir məlumat verilməmişdir. Ancaq onun XIV əsrin sonlarında doğulduğunun təxmin edilməsinə sövq edən bilgilər vardır. Bunlardan biri Nəzminin Bakıda qırx ildən çox yaşamasını nəql etməsidir. Bu mülahizə həqiqət kimi qəbul edildikdə, Seyid Yəhyanın 1466-cı ildə vəfat etdiyini nəzərə almaqla onun Bakıya 1426-cı ildən öncə gəldiyi söylənilə bilər. Pir Məhəmməd Ərzincani Bakıya gedərkən Ərzincana gəlib onunla görüşən Çələbi Xəlifəyə: "O indi çox yaşlandı, yaxında vəfat edər" dediyinə baxılırsa S.Yəhyanın uzun ömür sürdüyü anlaşılır. Bu biliklər işığında onun XIV əsrin sonlarında doğulduğu söylənilir.

Şeyxin tam adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şamaxi əl-Bakuvidir. Şamaxıda anadan olmasına baxmayaraq, o, hakimiyyət mərkəzi olan Şirvana mənsub edilmişdir. O dövrlərdə Şirvan bölgəsində olan üləma və şeyxlərin Şirvani nisbəsi ilə yad olunması geniş yayılmışdı. Şirvani nisbəsi ilə yanaşı, ona Bakuvi nisbəsinin də verilməsi həyatının ən uzun və mühüm dövrünü Bakıda keçirməsi, oradakı irşad fəaliyyəti ilə ətraf aləmdə tanınıb məşhur olması və burada vəfat etməsi ilə əlaqədardır. Azərbaycan mənbələrində daha çox Yəhya Bakuvi kimi yad edilir. Əsərlərində doğulduğu Şamaxı şəhərinin adından götürülən əş-Şamaxi nisbəsinə az təsadüf olunur. Seyid Yəhya üçün qaynaqlarda sevgi və hörmət ifadə edən bir çox üstün sifətlər ifadə olunmuşdur:

-Nəqiblər nəqibi, nəciblərin nəcibi, şeyxlərin şeyxi, seyidlərin görkəmlisi
-Şeyx, arifi-billah
-Xəlvətilik təriqətinin feyz qaynağı
-Qüdvətüs-sani, həqiqət məşrəbində imamür-rəbbani, qütbül-arifin, cəlalül-milləti vəl-həqqi vəd-din
-Qütbü-vəqtihi və fəridi-əsrihi
-Safiyyə üləmasının böyüklərindən, qüdvəyi-sani, gövs
-Xəlvətilik taifəsinin piri-sanisi
Piri-sani S.Yəhya üçün ən çox istifadə olunan və adətən onunla adlanmış olan bir ifadədir. Pir təsəvvüfdə təriqətin qurucusu, təriqət sahibi anlamında işlədilir. Bu mənada xəlvətiliyin piri Ömər Xəlvətidir. Piri-san isə ikinci ər anlamındadır. Bir təriqətin quruluşundan sonra təriqətə yeni bir istiqamət verən və yeni həyat qazandıran sufiyə deyilir. Məsələn qadiriliyin piri-sanisi İsmayıl Rumi (piri Əbdülqədir Geylanidir), xəlvətiliyin piri-sanisi S.Yəhyadır.

Seyid Yəhya nəsəbi sağlam seyidlərdən sayılır. Onun atası altıncı imam Musa Kazımın soyundandır. Şerlərində Seyid təxəllüsü istifadə etmiş, əsərlərinin sonunda adını Yəhya əl-Hüseyni yazaraq seyid olduğunu bildirmişdir. Babaları nəqiblər sülaləsindən olmuşdur. Atası Bəhaəddin Şirvanşahlar dövlətinin nəqibül-əşrafı idi.

Uşaqlıq və gənclik illəri
Seyid Yəhyanın uşaqlıq illəri Şamaxıda, ailəsinin yanında keçmişdir. Uşaqlıq dövrünə aid əlimizdə ancaq mənqəbə kitablarında xatırlanan məlumatlar vardır. Bu mənqəbələrdən onun zəngin və nüfuzlu bir ailədə doğulduğu anlaşılır. Ailəsinin seyid olması da onun öz mühitində sayılan və sevilən biri olmasını təmin etmişdir. Bütün bunlarla yanaşı kiçik yaşlarından əxlaqı və tərbiyəsi ilə insanlar üzərində müsbət təsir oyatmışdır.

S.Yəhyanın mükəmməl bir təhsil aldığı şəkksizdir. Əsərlərinin çoxunu ərəb dili və fars dilində yazmış olması öz doğma Azərbaycan türkcəsi ilə yanaşı bu iki dilə də hakim olduğunu göstərir. Əsərləri İslam dininə aid bir çox elm sahəsinə dərindən bələd olduğu təsəvvürünü yaradır. Şamaxıdan nə vaxt getməsinə dair bir məlumat olmasa da, təhsilini doğma şəhərində tamamladığı ehtimal edilir.

Müəllimlərinin kim olduğuna dair məlumatı Şəfaül-əsrar əsərində vermişdir. Burada yad etdiyi adlardan "ustadım" dediyi Şeyx Şəmsəddin Əxıskətidən fiqh elmini, Mövlana Hafizəddin əl-Gərdəridən ərəb dili, bəlağət və xitabəti, "ustadım və sənədim" dediyi Mövlana Tacəddindən hədis və fiqh elmlərini, Qütbəddin əs-Sərabidən əqaid və kəlam elmlərini öyrənməsi məlumdur.


Tarix: 11.02.2015 / 17:53 Müəllif: Feriska Baxılıb: 364 Bölmə: Ümumi
loading...