Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara İsgəndər II hakimiyyət dövrü

İsgəndərin Şirvana sonuncu basqını daha dağıdıcı olmuşdur. Münaqişəyə İsgəndərin atasından küsmüş və 1432-cı ildə 2 min süvari döyüşçü ilə Şirvana qaçıb Şirvanşah Xəlilüllaha pənah aparan oğlu Yar Əli səbəb olmuşdur.

Şirvanşah İsgəndərin Yar Əlini tələb etməsinə rədd cavabı vermiş, onu öz döyüşçüləri ilə Bakı limanında gəmiyə mindirib dəniz yolu ilə Herata, Şahruxun yanına göndərmişdir.İsgəndər Yar Əlinin xəyanətindən Şirvana soxulmaq üçün istifadə etdi. Cənnabinin məlumatına görə, o, böyük süvari qoşunla Şirvanşah üzərinə hərəkət edərək Şamaxıya daxil oldu və burada Xəlilüllahla onun arasında vuruşma baş verdi.

Mənbələrin məlumatına görə İsgəndər Şamaxını 1427-ci ildə və sonralar, 1433-ci ildə dağıtmışdır. Həm də, sonuncu dəfə o, təkcə Şamaxını deyil, bütün Şirvan əyalətlərini amansızcasına viran etmişdir. İsgəndərin qoşunları yolları üstündəki Şirvanın iqtisadiyyatının əsasını təşkil edən bağları, tut ağaclarını qırıb tökərək ölkənin şəhərlərinə və kənd təsərrüfatına böyük ziyan vurdular.Mənbələr xəbər verirlər ki, ölkədə olduğu bir il ərzində İsgəndər 300 Şirvan danişməndinin başını vurdurmuşdur. Sonra o, Dərbənd istehkamlarına keçərək geri qayıtmışdır.Şahrux 1434-cü ilin payızında qoşunla Heratdan Azərbaycana doğru hərəkət etdi. Bu vaxt Xəlilüllah qızı və ilahiyyatçılarla birlikdə dəniz yolu ilə Reyə Şahruxun yanına gələrək, İsgəndərin Şirvandakı cinayətlərini ona xəbər verdilər. Şahrux fəqihlərin yığıncağında İsgəndərin əməllərini təkfir etdi və onlar İsgəndərin ölümünə fitva verdilər. Sonra Şahrux İsgəndərlə mübarizə üçün Cənubi Azərbaycana yollandı. İsgəndər Şahruxun yaxınlaşdığını eşidib, təcili surətdə qoşunlarını Şirvandan çıxardı. Şirvanşahın öz qoşunları ilə iştirak etdiyi bu müharibədə İsgəndər məğlubiyyətə uğradı və qaçıb Naxçıvan yaxınlığındakı Əlincə qalasında gizləndi.Cahanşah da qardaşına qarşı çıxış edir. İskəndər birləşmiş qoşunların təzyiqinə davam gətirməyərək, Şirvandan baş götürüb qaçır. 1435-ci ildə İskəndərin məğlubiyyətindən sonra Şahrux Azərbaycan hakimliyini Cahanşaha tapşırır.


Tarix: 10.01.2015 / 13:08 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Ümumi
loading...