Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dövlət Müdafiə Komitəsi

Dövlət Müdafiə Komitəsi və ya qısaca: DMK — 1919-cu ilin yazında Denikin ordularının Azərbaycana hücum təhlükəsi ilə bağlı olaraq ölkənin müdafiəsi məqsədilə yaradılmış xüsusi hərbi qurum.

1919-cu il mayın axırlarında Şimali Qafqazı və Dağıstanı tutan Denikin ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz təhlükəsi qarşısında qaldı. Bu vaxt Cümhuriyyət Parlamentinin bir neçə iclasında hökumətin sədri Nəsib bəy Yusifbəylinin iştirakı ilə Denikin ordularının Azərbaycana hücumu məsələsi müzakirə olundu. 1919-cu il iyunun 5-də parlamentin 45-ci iclasında müxtəlif fraksiyaların üzvləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Səməd ağa Ağamalıoğlu, Əsədulla Əhmədzadə, Abdulla bəy Əfəndizadə, Qara bəy Qarabəyov, V.Bakradze və b. çıxış edərək, partiya və fraksiya mənsubiyyətlərindən asılı olmayaraq, Parlament üzvlərinin və xalqın bütün qüvvələrinin Denikin ordusuna qarşı mübarizəyə səfərbər olunmasının zəruriliyini vurğuladılar. Bununla bağlı iyunda "Müsavat" partiyası ilə sosialistlər bloku Bakıda Denikinə qarşı izdihamlı mitinq - küçə yürüşü keçirdilər.

Denikin təhlükəsi ilə bağlı Parlament Hökumət daxilində ölkənin müdafiəsini təşkil edə biləcək işlək heyətin yaradılması barədə qərar qəbul etdi. Beləliklə, 5 nəfər Hökumət üzvündən ibarət DMK yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 9 iyun tarixli qərarı ilə yaradılmış həmin komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə naziri daxil idilər.

DMK 1919-cu il iyunun 11-də Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan etdi. DMK-nın digər qərarına əsasən, hakimiyyətə və hakimiyyət nümayəndələrinə qarşı cinayət əməlləri, dövlətə xəyanətlə bağlı bütün işlər ümumi məhkəmələrdən alınaraq, hərbi məhkəməyə verildi. Sentyabrın 13-də Bakı müdafiə rayonunun rəisi vəzifəsi təsis olundu və o, həm də əvəzçiliklə Bakı hərbi general-qubernatoru vəzifəsini tuturdu. Bakı şəhər rəisliyinin ərazisi və şəhər rəisinin özü hərbi general-qubernatora, Bakı müdafiə rayonunun rəisi isə hərbi nazirə tabe idi. 1919-cu il oktyabrın 26-da Bakı şəhər rəisliyi ərazisindəki bütün yerli polis orqanları, o cümlədən əksinqilabla mübarizənin təşkili Bakı müdafiə rayonunun rəisinə tabe edilmişdi.

Təşkilati tədbirlərlə yanaşı, Komitənin bütün qalan tədbirləri də həm Denikin ordusu, həm də bolşeviklər tərə-findən gözlənilən təhlükəyə qarşı respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəldilmişdi. Bu məqsədlə Azərbaycanın şimal sərhədləri möhkəmləndirildi, Bakıya dənizdən gözlənilən hücuma qarşı artilleriya müdafiəsi quruldu.


Tarix: 08.01.2015 / 00:43 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Ümumi
loading...