Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lomonosov (şəhər)

Lomonosov (1948-ci ilədək Oranienbaum, rus. Ломоносов, alm. Oranienbaum, fin. Kaarosta, Rampova) — Rusiya ərazisində yerləşən şəhər. Lomonosov Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Lomonosov şəhərinin Leninqrad vilayətinin tərkibinə daxil olmamasına baxmayaraq, burada Lomonosov və Leninqrad bölgələrinin yerli hakimiyyət orqanları yerləşir.

Şəhər Fin körfəzinin sahilində və Karasta çayının mənsəbində yerləşir. Lomonosov mühüm dəniz limanıdır. Oranienbaum və Oranienbaum II dəmir yolu stansiyaları, həmçinin "Martışkino" və "Kronştadskaya koloniya" dayanacaq məntəqələri Oktyabr Dəmir yolunun Baltik dənizi istiqamətində yerləşir. Şəhərin əsası 1710-cu ildə, knyaz Aleksandr Menşikovun şəhərətrafı iqamətgahı olaraq qoyulmuşdur, 1780-ci ildə isə Lomonosova şəhər statusu verilmişdir. Lomonosovda XVIII əsrə aid "Oranienbaum saray-park kompleksi" yerləşir. Lomonosov Böyük Vətən müharibəsi I dərəcəli və Hərbi şöhrət ordeni ilə təltif olunmuşdu.

Lomonosov şəhərinin ərazisində "Mordvinovka", "Martışkino", "Krasnaya Sloboda", "Kronştadtskaya koloniya" və "Olgin kanal" kimi tarixi məhəllələr yerləşir.
Şəhərin adı
Şəhərin qeyri-adi "Oranienbaum" adının (alman dilindən tərcümədə - Portağal ağacı) mənşəyi ilə bağlı bir neçə versiya mövcuddur. Daha çox əfsanəyə bənzəyən ən məşhur versiya isə ondan irəli gəlir ki, knyaz Menşikovun gələcək iqamətgahının ərazisində bir zamanlar portağal ağaclarının saxlandığı istixanalar yerləşirdi və orada hər bir ağacın üzərində "Oranienbaum" yazısı vardır.

Başqa bir versiyaya inansaq, bu ad, Almaniyadakı toponimlərdən birisi - Saksoniya-Anhalt knyazlığında yerləşən Oranienbaum şəhərindən götürülmüşdü. Almaniyadakı bu şəhərin adı isə Luiza-Henriettanın atası Oranlı III Vilhelmin şərəfinə adlandırılmışdı. Beləliklə, hesab etmək olar ki, Peterburqun yaxınlığında yerləşən bu şəhərin adının mənası "Oranlılar ağacı" mənasını daşıyır.

1948-ci ildə şəhərin adı məşhur rus alimi Mixail Lomonosovun şərəfinə dəyişdirilmişdi. Lomonosov Oranienbaumun yaxınlığında yerləşən Ust-Ruditsa kəndində biser, steklyarus, smalta hazırlayan fabrika açmışdır. Şəhərin ərazisində yerləşən saray-park kompleksi köhnə "Oranienbaum" adını qoruyub saxlamışdı.

Tarix
Yaşayış məskəninin yaranması
Lomonosov şəhərinin əsası 1710-cu ildə, Fin körfəzinini cənub sahilində yerləşən və imperator I Pyotr tərəfindən Ulu İngermanland knyazı Menşikova hədiyyə olunan torpaqlarda saray-park kompleksinin tikintisi ilə qoyulmuşdur. 1710—1725-ci illərdə Oranienbaumda memarlar D.Fontana, G.Şedel və N.Pino tərəfindən knyaz Menşikova möhtəşəm saray tikilmişdir. Çağdaş insanlardan biri gördüyü bu sarayı bu cür təsvir edirdi:

"Ev təpənin üstündə inşa edilib və oradan gözəl mənzərə açılır. Bu iki mərtəbəli bina iki yarımdairəvi qalereyaları ibarətdir, bu qalereyalara nisbətən çox böyük, dəyirmi fligellər aparır. Sarayın yerləşdiyi yuxarı hissədən, terras vasitəsilə böyük eyvana, oradan isə bağlara düşmək olar. Sarayın otaqları kiçikdir, lakin onlar çox gözəl rəsm əsərləri və mebel ilə təchiz olunmuşdur... "
Sarayın yaxınlığında müxtəlif təyinatlı başqa binalar da yerləşirdi, sarayın düz qarşısında isə, düzgün həndəsi şəbəkəsi olan və səliqəli ağac və kollar ilə bəzədilmiş xiyaban və park salınmışdır. 1727-ci ildə ulu knyazın rəzalətindən sonra, Oranienbaum kompleksi ilk öncə Binalar üzrə Baş Şöbə İdarəsinə, 1737-ci ildə isə Admiral-Kollegiya və Dəniz Xəstəxana İdarəsinə köçürülmüşdü. 1737-ci ildən isə Böyük sarayda artıq hospital yerləşirdi.

Yaşayış ərazisi Menşikov iqamətgahından şərqdə yerləşirdi və ilkin olaraq təhkimçilərin və azad sənətkarların yaşadığı qırx taxta evdən ibarət idi. Kənd tədricən böyük bir saray qəsəbəsində (slobodaya) çevrilir.

1743-1762-ci illərdə Oranienbaum böyük knyaz Pyotr Fyodoroviçin (gələcək İmperator III Pyotrun) əsas iqamətgahına çevrilmişdir.

Oranienbaumun ətrafında, yenə Ruditsa çayının Kovaşaya töküldüyü ərazidə rus alimi Lomonosov tərəfindən yaradılmış mozaikanın hazırlanması üçün steklyarus, biser və smalta fabriki açılmışdır.

9 iyul 1762-ci ildə III Pyotr Böyük sarayın yapon pavilyonunda, həyat yoldaşı II Yekaterinanın onun əvəzinə imperatriça seçilməsinə dair bütün sənədlərə imaza atmağa məcbur olmuşdur.

Şəhər
1780—1796 və 1802—1848-ci illərdə Oranienbaum Peterburq quberniyasının tərkibində olan şəhərlərdən biri idi. 1783-cü ildə III Pyotrun boş qalmış sarayında mahal xəzinədarlığının pul anbarı yerləşirdi; Peterhof və Kronstadtdan dövlətə məxsus vergi və digər məbləğlər buraya köçürülürdü. 1784-cü ildə şəhər memarlar Vasili Stasov, Abram Melnikov və başqalarının tərtib etdiyi "tipik layihələrə" uyğun olaraq müntəzəm plan üzrə inşa edilirdi. 1784-cü ilin məlumatlarına əsasən, şəhərdə 616 nəfər məskunlaşmışdır, buranın sahəsi isə 41 ondalıq və 2040 kvadrat metr ərazini əhatə edirdi. Şəhərdə saray binalarından başqa, əlavə olaraq 60 şəhər sakini üçün nəzərdə tutulmuş əsasən taxtadan evlər inşa olunmuşdur. Elə həmin dövrdə şəhərin əsaslı təmiri başladı, çoxlu sayda yollar və körpülər tikildi. "İctimai görüş" binasının tikintisi başladı. 1786-cı ildə Xalq Məktəbinin iki mərtəbəli binası, həmçinin Feliks Silk və İosif Qaltyerinin çisyan və şpaler fabriki inşa edilmişdir. O dövrdə şəhərin mərkəzində duz və şərab mağazası, müqəddəs Panteleymon kilsəsi, taxtadan inşa edilmiş Müqəddəs Üçlüyün qəbiristanlıq kilsəsi və Lüteran kirxası var idi. 1787-ci ildə dəniz hospitalı yaradılmışdır.

1796-cı ildə şəhər Böyük knyaz Aleksandr Pavloviçə (gələcək imperator I Aleksandr), 1831-ci ildən isə - onun qardaşı Böyük knyaz Mixail Pavloviç və onun varislərinnə məxsus idi.

XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Oranienbaumda Volından olan leyb-qvardiya alayı, daha sonralar isə 147-ci Samara Piyada alayı yerləşmişdir. 1815-ci ildə şəhərin yenidən qurulması üçün xüsusi komissiya təsis edilmişdir. Bu komissiyaya məşhur memar V.P. Stasov dəvət edilmişdir. Məhz bu memarın layihələri əsasında invalid qvardiya rotası üçün kazarmalar, sənətkar və bağçılıqla məşğul olan tələbələr üçün isə üç ev inşa olunmuşdur. 1829-cu ildə memar A.M. Qornostayevin tərtib etdiyi layihəyə uyğun olaraq daş şəhər giriş qapıları ucaldılmışdır.

1850-ci ildə Fin körfəzinin sahilindəki torpaq sahəsi Kronştadt, Oranienbaum və Sankt-Peterburq şəhərləri arasında hərəkət edən paroxod xidməti üçün satın alınır və burada "Zarya" adında yeni pirs inşa olunur. 1864-cü ildə dəmir yolu Oranienbauma kimi uzadılmışdır. 1913-cü ildə Sankt-Peterburqun Narva darvazasından düz Oranienbaum şəhərinə kimi uzanacaq "Oranela" adlı elektrikləşdirilmiş tramvay xəttinin layihəsi irəli sürülmüşdür. Bu layihə Birinci dünya müharibəsinin başlaması səbəbiylə qismən həyata keçirilmişdir - tramvay xətti Petroqraddan Strelnaya qədər salınmışdır.

1873-cü ildən 1917-ci ilə qədər, Oranienbaumun sahibləri Meklenburq-Strelitz hersoqları idi.

XIX əsrin sonuna qədər Oranienbaum kiçik, sadə köşkləri və villalardan ibarət bir qəsəbə idi. Şəhərdə kitabxana, məktəb, kino, xalq evi, bütün kilsələrdə isə həvəskar xor dərnəkləri fəaliyyət göstərirdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində Oranienbaumda zabit atıcı alayı və cəbbəxana məktəbi yerləşdirilmişdir. Burada Vladimir Fyodorov, Vasili Deqtyaryov və Fyodor Tokarev kimi tanınmış silah konstruktorları işləyirdi. 1891-ci ildə məktəbin atıcılıq poliqonunda konstruktor S.İ. Mosinin yeni orijinal tüfəngi uğurla testdən keçmişdir.

1908-ci ildə elektrik stansiyanın tikintisi başa çatdıqdan sonra, şəhərin bütün küçələri elektrik fənərləri ilə işıqlanmağa başladı. 1909-cu ildə 1400 ədəd oturacağı olan şəhərin əsas teatrı yenidən qurulmuşdu. Şəhərdə ağac emaletmə fabriki, meşə materialları birjası, buxar dəyirmanı, 8 pravoslav kilsəsi, bir Lüteran kirxası, Fin kilsəsi, sinaqoq, yevangelist təriqətinə mənsub kapellalı qadın monastırı və s. buna bənzər kiçik müəssisələr fəaliyyət göstərirdi. Burada həmçinin bir neçə mehmanxana və bazar, restoran və traktir, səbirlilik cəmiyyətləri, çay- və pivəxana da işləyirdi. Bundan başqa, şəhərdə təhsil və səhiyyə sisteminin yüksək səviyyədə olması üçün oğlanlar üçün ali ilkin şəhər məktəbi, qızlar üçün yüksək təlimli şəhər kolleci, Nazir tabeliyində olan birsinifli məktəb, kilsə məktəbi, Meklenburq-Strelitz sülaləsinin hesabına yaradılan 200 yoxsul uşaq üçün nəzərdə tutulmuş yetimxana, kimsəsiz uşaqlar üçün himayə evi, əlil və yaşlı mərhəmət bacılarının evi, cərrahi, terapevtik və yoluxucu şöbələrdən ibarət şəhər xəstəxanası və diş həkiminin ofisi sakinlərə xidmət göstərirdi. Şəhərdə telefon və teleqraf da var idi.

1917-ci ildə şəhərdə yaşayanların sayı artıq 7000 ötmüşdür. 27 fevral (12 mart) 1917-ci ildə şəhərdə yerləşən Birinci Oranienbaum pulemyot ehtiyat alayı Petroqradda Fevral inqilabının başlaması xəbər aldıqdan dərhal sonra üsyan etmişdir. 12 zabiti güllələdikdən sonra, əsgərlər piyada Petroqrada hərəkət edərək Peterhof və Strelna alaylarından olan üsyançılara qoşulmuşdular.


Tarix: 16.02.2015 / 18:38 Müəllif: Feriska Baxılıb: 252 Bölmə: Ölkələrinə görə tarix
loading...